Qafqazda ən hündür papaqlar bizim xalqa məxsus olub - Xalq artisti
Bizi izləyin

Xüsusi

Qafqazda ən hündür papaqlar bizim xalqa məxsus olub - Xalq artisti

“Milli rəqslərimiz bir növ zamanın çarxında keçmişimizə səyahətdir”

Bu sözləri Publika.az-a müsahibəsində Xalq artisti, tanınmış xoreoqraf Rüfət Xəlilzadə bildirib.

- Rüfət bəy, milli rəqs dedikdə nəyi nəzərdə tuturuq?

- Xalq rəqsi, milli rəqs dedikdə mədəniyyətimizin, incəsənətimizin ən vacib janrı nəzərdə tutulur. Bəli, mən bunu cəsarətlə deyirəm. Çünki milli rəqslərimiz bir neçə mədəniyyət növünü özündə cəm edir. Milli musiqimiz, geyimlərimiz, folklor oyunlarımız, adət-ənənələrimiz, bütövlükdə ruhumuz rəqslərimizdə yaşayır. Rəqslərimiz canlı tariximizdir. Bu vasitə ilə ulu babalarımızın necə cəsur, mərd olduğunu görürük. Xanımlarımızın rəqslərində isə nənələrimizin zərifliyini, əsalətini müşahidə edirik. Xoreoqraf olaraq əsas qayəmiz də bu dəyərimizi gələcək nəsillərə ötürməkdir. Çünki hər bir xalqı dili və mədəniyyəti yaşadır.

- Rəqslərimiz beynəlxalq arenada da unikallığı ilə seçilir, elədirmi?

- Sənətimlə əlaqədar dünyanın bir çox ölkəsində olmuşam. Orada bizimlə bərabər həm xanəndələr, həm də digər musiqiçilər olub. Amma inanın, rəqslərimiz qədər digər folklor növləri qəbul olunmur. Çünki məsələn, muğamımız bizimdir. Analarımızın beşiyimizin başında söylədikləri layladır. Bunu biz daha dərin qavrayıb dərk edirik. Rəqs vasitəsilə isə sən bədəninin plastikası ilə xalqının kimliyini dünyaya çatdırırsan. Çünki Azərbaycan ən qədim yaşayış məskənlərindəndir. Qobustan qayaüstü rəsmlərinə nəzər salanda əcdadlarımızın yallıya bənzər cizgilərini görürük. Mən özüm də oradakı qaval daşları üzərində ifa etmişəm. Bu fakt bir daha sübut edir ki, rəqsin də, ritmin də qədim vətənidir Azərbaycan. Bəlkə buna görədir ki, rəqslərimiz çoxşaxəlidir. Qafqazda ikinci belə xalq yoxdur ki, bu qədər rəqsə, milli ritmə sahib olsun. Hətta bir çox Qafqaz xalqları özlərinə “Qaytağı” üzərində mədəniyyət qurublar. Azərbaycan xalqı isə ta qədimdən 24 oğuz boyuna məxsus ritmə sahibdir. “Qaytağı” adı Kitabi Dədə Qorqudda da keçir, bir sıra şivədə səslənir. Bunlar bizim ən qədim ritmlərimizdir. Qafqaz xalqları da bizdən mənimsəyiblər.

- Böyük qürurdur ki, hər bir bölgəmizin rəqsləri özünəməxsusdur, zəngindir.

- Əlbəttə. Xüsusən də bölgələrimizin rəqsləri, ritmləri bir-birindən fərqlənir. Naxçıvanın Şərur bölgəsində günümüzə qədər hazırda 30-a yaxın yallı növü çatıb. Halbuki illər öncə bu say 100 olub. Bakıda fərdi rəqsə üstünlük verilir. Şəkinin özünə xas yallısı var. Ümumilikdə Azərbaycan bu sahədə Qafqazın göz bəbəyidir. Kişi rəqslərimizə nəzər salanda sanki yarışa tamaşa edirik. Hər iki tərəf öz çevikliyini, itiliyi, igidliyini göstərməyə çalışır. Gah barmaq üzərinə qalxmaq, gah havada fırlanıb, dizləri üzərinə düşmək olduqca çətin hərəkətlərdir. Buna hər adamın səbri və taqəti yetməz. Gün ərzində bəzən 8 saat məşq edirik. Odur ki, rəqqasın canında, qanında Vətən sevgisi olmalıdır. Çünki sən hər səhnəyə çıxanda xalqının tarixini əyani şəkildə canlandırırsan. Tam başqa auraya düşüb, zaman çarxına minirsən. Məsələn, bizim repertuarımızda “Bəy rəqsi” var. Biz bu rəqsə baxanda kişiliyin, ərliyin rəmzini görürük.

- Rüfət bəy, çağdaş dövrümüzlə tariximizi, keçmişimizi rəqslərimizdə cəm etmək məsuliyyət və peşəkarlıq tələb edir. Buna necə nail olursunuz?

- Artıq qloballaşma dövrüdür. Mədəniyyətlər bir-birinə sirayət edir. Lakin mənliyimizdən qopmaq doğru deyil. Milliliyi qorumadan yeni dalğa yaratmaq absurddur. Bəli, biz yeni texnikalar yaradırıq. Bunsuz inkişaf mümkün deyil. Amma keçmişi, əsl simamızı unutmaq olmaz. Səhnə xalq rəqslərimizin banisi Əlibaba müəllim Abdullayevdir . Əgər Üzeyir Hacıbəyli klassik musiqimizin atasıdırsa, peşəkar xalq rəqslərinin bünövrəsini Əlibaba müəllim qoyub. Hər birimiz onu özümüzə ustad sayırıq. Çox unikal insan olub. O, bizim qəlbimizdə daim yaşayır. Videomaterialların, internetin yox vaxtında bölgə-bölgə gəzib, rəqs növlərimizi toplayıb, ilkə imza atıb. Xüsusən də sovet dövründə çox cəsur addım atıb.

- Xüsusən də sovet dövründə dediniz...

- Əlbəttə. Həmin vaxtlar bizi kökümüzdən ayırmağa çalışırdılar. Bir çox rəqs ansambllarının, o cümlədən dövlət rəqs ansamblının bədii rəhbəri milliyətcə erməni idi. Onlar tarixən tək torpağımıza deyil, musiqimizə, rəqslərimizə, geyimlərimizə, mətbəximizə də göz tikiblər. Bir sıra rəqslərimizə “naftalin iyi gələn” adı verərək, köhnə deyərək repertuardan çıxardırdılar. Sən mənim əcdadlarımın yadigarına necə "naftalin rəqsi" deyə bilərsən axı?! Biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Gördünüz, milli rəqslərimiz belə çətin günlərdən qalib çıxdı.

- Bəs bu gün necə, mənliyimizə layiqincə sahib çıxırıq?

- Biz gərək dilimizi unutmayaq. Tək azərbaycancan dilini nəzərdə tutmuram. Musiqimizin, mədəniyyətimizin dilindən danışıram. Bəzən dostlarım, həmkarlarım iş otağıma gələndə deyirlər ki, sən öz ixtisasına aid kitablardan çox tarixi ədəbiyyat oxuyursan. Deyirəm, tariximizi, keçmişimizi, xarakterimizin bünövrəsini anlamadan bu rəqsləri ruhumuza hopdura bilmərik. Məsələn, dağ camaatının rəqsi daha sərt olur. Aran insanları mülayim hərəkət edirlər. Babalarının nə yeyib-içdiyini, hansı işlə məşğul olduğunu anlamadan rəqsin aurasını duya bilməzsən. Təəssüf ki, sovet dövründə milli geyimlərimiz, papaqlarımız çox təhrif olunub. Qafqazda ən hündür ölçülü papaqlar bizim xalqa məxsus olub. Elə papaq sözü də türk kökənlidir. Bizim 10 növ kişi papağımız var. Papaq Azərbaycan kişisi üçün qeyrət rəmzidir. Sovet dövründə erməni propaqandası nəticəsində bizim rəqqasların başından papaqlar götürüldü. Amma digər qafqaz xalqlarında saxlanıldı. Milli kişi geyimlərimizin üzərinə bəzək-düzək əlavə olundu. Halbuki üzərində rəmzi silah olan kişi kostyumunu zərlə, qaşlarla bəzəmək olmaz. Bu, necə peyda ola bilər?!Yaxud da xanım rəqqasələrimizin libası incə, qapalı və zərif naxışlı olmalıdır. Onu dəyişdirmək tarixi unutmaqdır. Bu gün çox sevinirəm ki, cənab Prezidentimizin rəhbərliyi altında xalqımız öz adət-ənənələrinə sahib çıxır, milli mədəniyyətimizi qorumaq üçün əlindən gələni edir.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm