Xanımlarımız kişilərin toplaşdığı tindən, küçədən keçməzdilər - Xalq artisti
Bizi izləyin

Xüsusi

Xanımlarımız kişilərin toplaşdığı tindən, küçədən keçməzdilər - Xalq artisti

“Milli rəqslərimiz bir növ zamanın çarxında keçmişimizə səyahətdir”

Bu sözləri Publika.az-a müsahibəsində Xalq artisti, tanınmış xoreoqraf Rüfət Xəlilzadə bildirib.

- Rüfət bəy, bu gün xanımlarımızın kişisayağı rəqsləri yayılan videolar böyük maraqla qarşılanır. Buna münasibətinizi bilmək istərdik...

- Əslində hətta xanımlarımız rəqs zamanı tərəf müqabilinin gözünə deyil, yerə baxmalıdır. Bu özü də nənələrimizdən qalmış abır, ismət rəmzidir. Bu gün belə səhvə çox yol verilir. Bundan başqa xanımlarımız bəzən dediyiniz kimi ,kişi kobudluğu ilə tullanaraq sərt rəqslərə müraciət edirlər. Qeyri-estetik təsvir yaranır. Biz dövlət rəqs ansamblında bir sıra islahatlar aparmağa davam edirik, amma yenə də həllini gözləyən bir sıra problem qalır.

- Mənsubiyyətinə dair mübahisə doğuran bir sıra milli rəqslərimiz var. Bu problemlə necə mübarizə aparırsınız?

- Gəlin ondan başlayaq ki, unudulmuş xalq rəqslərimiz “Cığatayı”, “Tərəkəmə”, “Qaladan qalaya” və s.-ni səhnəyə qaytardıq. Bir vaxtlar rəqslərimizdən milli musiqi alətlərimizin deyil, sintezatorun səsi gəlirdi. İllər boyu musiqimizə “nanay-ninay” deyə istehza ediblər. Bünövrəsi olmayan ev heç vaxt möhkəm olmaz. Biz unikal xalqıq. Şərqdə ilk klassik balet tamaşasının müəllifi Əfrasiyab Bədəlbəylidir. Qafqazda xalq rəqslərindən ibarət ilk balet tamaşası “Koroğlu” Azərbaycanındır, bizimdir. Biz bununla qürur duymalıyıq. Bu gün xalqımız tərəfindən unudulmuş, ermənilərin mənimsədiyi rəqslərimizi repertuarımıza qaytardıq. Yaxud da bir misal gətirim: “Şalaxo” rəqsi əslində ”şələ qoy” deməkdir. Yəni, qarşı tərəfə “şələni qoy, gəl, yarışaq” ismarıcını verir. Bu rəqs bizimdir.

- Maraqlı faktdır...

- 25-26 yaşında idim. Yutubda erməni qızının zurna ilə “Qazağı” musiqisini ifa etdiyi videoya baxdım. Özümə söv verdim ki, əlimə fürsət düşən kimi bu rəqsi səhnələşdirəcəm. Quruluş verəndə köhnə rəhbərliyimiz mənə rusca dedi ki, “püfff, bu nə “çuşka” mahnıdır”?! Bu ifadə mənə çox toxundu. Bu gün rəhbəri olduğum kollektivlə birgə səhnəmizə əksər milli alətlərimizi, musiqilərimizi gətirməyə nail olmuşuq. Ümumiyyətlə, xarici səfərlərimizdə yeni proqramla çıxış edəndə olduqca maraqla qarşılanır. İnanın, istər əcnəbilər olsun, istərsə elə rusların özü... Tamaşaçıları rəqslərimizin təsirindən dəfələrlə ağlayan görmüşəm. Üzeyir bəyin “Cəngi”sinə, Arif Məlikovun “Məhəbbət əfsanəsi”nə köhnə deyə bilərsən?! Bəs nə haqla milli rəqsimizə köhnə, aşağı səviyyəli deyirsən?! Dünyanın hər yerində güclü xalqlar öz rəqslərini, milli ruhlarını qoruyub saxlayırlar. Səhnədə sağa-sola qaçmaqla sənət olmur.

- Rüfət bəy, hamımızın peşəmizdə özümüzə sənətin mayakı bildiyimiz ustadlarımız var. Sizin ustadınız kimdir?

- Şübhəsiz ki, səhnə xalq rəqslərimizin banisi Əlibaba müəllim Abdullayev. Bizim Dövlət Mahnı və Rəqs Ansamblımız yarananda ilk bədii rəhbəri Əlibaba müəllim Abdullayev olub. Günlərin bir günü Əlibaba müəllim rəqsə quruluş verirmiş. Rəqqaslardan biri də erməni əsilli imiş. Rəqs zamanı xorla oxumaq lazım gəlir. Hamı oxuyur, həmin erməni susur. Əlibaba müəllim soruşur ki, sən niyə oxumursan? Erməni cavab verir: Dilinizi bilmirəm. Əlibaba müəllim hiddətlə deyir ki, bilmirsən, rədd ol, get öz məmləkətində yaşa. Onun bu cəsarəti, vətənpərvərliyi hakimiyyətin xoşuna gəlmir. Min bir fitnə-fəsadla işdən uzaqlaşdırıb, yerinə elə həmin rəqqasın dayısı Stepan Popovu gətirirlər. Bütün faciəmiz də buradan başladı. Bir çox rəqslərimiz təhrif olundu, ermənilər, gürcülər tərəfindən mənimsənildi. Beləliklə də bizim rəqqaslarımızın əksəriyyəti öz tariximizə xəyanət etdi. Şükür ki, 30 ildir müstəqil dövlətimizdə itirdiyimiz dəyərlərimizi geri qaytarmağa nail oluruq. Onlar bizi barbar kimi dünyaya tanıtmağa çalışsalar da, biz əksini sübuta yetiririk.

- Dediniz ki, konsert proqramlarınızda əcnəbi tamaşaçılar göz yaşlarını gizlətmir. Ümumiyyətlə əcnəbilərin rəqslərimizə reaksiyaları ilə bağlı duyğularınızı bölüşməyinizi istərdik.

- Son konsertlərimizin biri Çində baş tutdu. Tədbirdən sonra çinli tamaşaçılar rəqqaslarımıza yaxınlaşıb toxunurdular. Deyirdilər, yəni bu plastika ilə siz yer adamısınız?! Biz özümüz kimi dünya üçün çox maraqlıyıq. Baxın, Stepan Popov “Vağzalı” kimi tanıdığımız “Qarabağın ağırı və Gəlin havası” əsərində xanım rəqqasəni 40 kişi rəqqasın dairəsinə salır. Rəqsdə bir kişinin qadın ətrafında dövrə vurması onunla yaşamasına, bütövləşməsinə işarədir. Əlini ürəyinə qoyub eşqini bildirməsi xanımın yaılnız ona aid olması deməkdir. Rəqsdə gəlin 40 kişinin içərisində dövrə vurur, hər biri də ona ürəyini təklif edir. Bu bizim ənənəmiz deyil axı... Biz türkük. Böyüklərim danışardı ki, xanımlarımız kişilər cəm halda toplaşdığı tindən, küçədən keçməzdilər, həyalarını qoruyardılar. Bizim əcdadımızın qeyrəti budur. Təsəvvür edin, Popov bizim mentalitetimizə necə xəyanət edirdi və rəqqaslarımızı da bu işə şərik tururdu. Bu gün biz bütün gücümüzü səfərbər edib adətlərimizi təhrifsiz özümüzə qaytarırıq. Olduqca şərəfli və məsuliyyətli işlə məşğuluq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm