"Qızı bərk qorxutduğu üçün vəziyyət acınacaqlı idi" - Leyla Kiani
Bizi izləyin

Xüsusi

"Qızı bərk qorxutduğu üçün vəziyyət acınacaqlı idi" - Leyla Kiani

"Qızı bərk qorxutduğu üçün vəziyyət acınacaqlı idi" - Leyla Kiani

Qadın öncə öz gücünə güvənməlidir. Güvənməlidir ki, ayağını torpağa möhkəm basa bilsin. Müsahibim Leyla Kiani İsveçdə yaşayan soydaşımızdır. İsveçin ictimai və siyasi həyatındə fəal iştirak edən Leyla xanım həm də diaspor sahəsində əhəmiyyətli işlər görür. O, İsveçin Stokholm şəhəri Östermalm bələdiyyəsinin sosial təminat şöbəsinin rəisi, həm də əsl Azərbaycan xanımıdır.

- Leyla xanım, sizi yaxından tanımaq istərdik...

- Sumqayıtda doğulub böyümüşəm. Bu şəhər mənim ürəyimdir. Azərbaycana hər gələndə birinci Sumqayıta tələsirəm. Xüsusən də son illər Sumqayıt bulvarı lap gözəlləşib. Özümü bu şəhərə aid hiss edirəm. Azərbaycanda pedoqoji fəaliyyətlə məşğul olmuşam. Ali məktəbi bitirən kimi Sumqayıt məktəblərinin birində tədrisə başladım. Xüsusən də yuxarı siniflərin şagirdləri ilə yaxın dost münasibəti qururdum. İnanırsınız, bu doğmalığımız hələ də davam edir.

- Bəs İsveçə nə vaxt köçdünüz?

- 36 il öncə həyat yoldaşımla tanış olub ailə qurduq. Bir il sonra isə İsveçə köçdük. Qarşımıza məqsəd qoyduq ki, öz milli ruhumuzdan uzaqlaşmadan Avropa mühitinə nüfuz edəcəyik. Çünki kimliyini, milli təfəkkürünü unutmaq özünü danmaqdır. İki övladımız var. Hər ikisi ana dilimizdə gözəl danışır, azərbaycanlı olduqlarını mənən dərk edirlər.

- Bəs sizdə adaptasiya mərhələsi necə davam etdi?

- İsveçdə iki ali məktəb bitirmişəm. Öncə məktəbəqədər tədris ixtisaı üzrə oxudum. Bir müddət bağçada çalışdım. Həm də axşamlar rus dili dərsləri keçməyə başladım. Sırf isveçlilərdən və finlərdən ibarət qruplarım vardı. Düşündüm ki, yenə təhsil almalıyam. Psixologiya fakültəsini bitirib, Stokholm şəhər bələdiyyəsində müşavir kimi işə başladım. Hazırda şöbə rəisi vəzifəsində çalışıram. Bu günlərdə Daixili İşlər Nazirliyində Narkomaniya ilə iş üzrə şöbə müdiri vakansiyasına sənədlərimi təqdim etmişəm. Artıq birinci müsahibədən keçmişəm. 4 rəqib qalmışıq. Bu, özü belə böyük uğurdur.

- Bəs seçim zamanı obyektivliyə riayət olunurmu? Yoxsa öz vətəndaşları daim bir addım öndədir?

- Ola da bilər, olmaya da... Burada sənin iş təcrübən də, intellekt səviyyən də çox önəmlidir. Rəhbər vəzifələrə seçimdə siyasi hazırlığa da diqqət yetirilir. Olduqca uzun prosesdir. Əvvəl işlədiyin üç müəssisənin rəhbərləri ilə danışıqlar gedir ki, səni daha yaxşı tanısınlar. Odur ki, bu, heç də sadə seçim deyil və müəssisə öz inkişafı üçün daha güclü mütəxəssislə çalışmaq istəyir. Amma bir dəfə belə bir halla qarşılaşmışam. Öz seçimlərini o qədər ehtiyatla və həssaslıqla bidlirdilər ki, etiraz etməyə hacət qalmadı. İkinci bir məqam da odur ki, ömrümün böyük hissəsini İsveçdə yaşamışam. Burada münaqişəyə getməməyi, münasibətləri sabit saxlamağı öyrənmişəm.

- Müdrik addımdır. Həm də sosial demokrat partiyasının üzvüsünüz.

- Bəli, Sosial Demokrat Partiyasının üzvüyəm. Seçkilər zamanı məntəqə üzrə seçki komissiyasının sədri missiyasını yerinə yetirirəm. Həmçinin İsveçdə xüsusi bir qurum var. Oradan müxtəlif ölkələrin prezident seçkilərinə observator kimi gedirlər. Mən də qeydiyyatdan keçmişəm ki, ölkəmdə seçkilər keçiriləndə observator kimi iştirak edim. Çünki bu prosesi İsveç mətbuatında da işıqlandırmaq istəyirəm.

Peut être une image de 1 personne

- Diaspor sahəsində fəalsınız...

- Belə bir kəlam var: “lider olmusan, lider doğulursan”. Bu mənim ruhumda var. Uşaqlıqdan yaşıdlarımı, əhatəmi ətrafımda cəm etməyi bacarmışam. Elə İsveçə yenicə köçəndə də yaşadığım Malmö şəhərində Vətənimi tanıtmağa çalışırdım. Hər ay maaşımdan bir miqdar kənara qoyub, tədbirlər təşkil edirdim. Kitabxanalarda Azərbaycana aid broşurlar paylayırdım.

- İstərdik ki, öz timsalınızda, başqa ölkədə yaşayıb, işləyib uğur qazanmağın formulunu bizimlə bölüşəsiniz.

- Çox ağrılı məqama toxundunuz. Təəssüflə deməliyəm ki, İsveçə gələn qadınlarımız üç yerə bölünürlər. Birincilər cəmiyyətə tez adaptə olub, özlərinə iş də tapıb həyatlarına davam edirlər. İkinci qisim sosial təminat hesabına evdar xanım olmağı seçənlərdir. Üçüncülər isə qürbətə köçən kimi həyat yoldaşları tərəfindən məngənənin içinə salınanlardır. Bu, olduqca ağrılı məqamdır. Adətən sosial şəbəkələrdə fəal deyiləm. Amma İsveçdə yaşayan qadınlara daim dəstək olmağa can atıram. Bəzi qadınlara həyat yoldaşları evin kəndarına çıxmağı, nəinki isveçlilərlə, hətta azərbaycanlılarla da ünsiyyətdə olmağı qadağan edirlər.

- Səbəb qısqanclıqdır?

- Ümumiyyətlə qısqanclıq nədən doğur?

- Kişinin özünə güvənsizliyindən.

- Məhz buna görə zəif kişi qadının öz ayağı üstündə durmağından, ondan daha çox pul qazanmağından, uğur əldə etməyindən ehtiyat edir. Bildiyiniz kimi, İsveçdə hakim dairələrdə daha çox qadınlar çalışır. Mən ehtiyac duyan qadınlarımıza maksimal hüquqi yardım göstərməyə çalışıram. Çünki bu, həm də mənim həyat tərzim, mənəvi ehtiyacımdır.

- Sizin hazırda peşəniz də bu səmtdədir, düzdürmü?

- Bəli, mənim məsləyim budur. Zorakılığa uğramış qadınlar, təcavüz edimiş uşaqlar, narkomaniya aludəçiləri bizim sağaltmaq istədiyimiz əsas təbəqədir.

- Maraqlı məqama toxundunuz. Bu gün ölkəmizdə də qadın, uşaq sığınacaqlarının sayı durmadan artır. Çünki ailə faciələri buna zəmin yaradır. Fəaliyyətiniz dövründə rastlaşdığınız ən kədərli hadisəni bizimlə bölüşərdiniz.

- İllər önc bir istintaq işində iştirak edirdim. Gənc qadın həyat yoldaşından ayrılmışdı. Sevgilisi ilə birgə yaşayırdı. Məlum oldu ki, bu kişi qadının 14 yaşlı qızına 3 ildən çox müddətdə gizli təcavüz edirmiş. Qadın bu hadisəni danışanda vücudu əsirdi. Çünki sevgilisinin bu iyrənc addım atacığını təsəvvür belə etmək istəmirdi. Qızı bərk qorxutduğu üçün vəziyyət acınacaqlı idi. Təsəvvür edin, 14 yaşlı qız təhsildən uzaqlaşmışdı, narkotik aludəçisinə çevrilmişdi. Çünki həyatının söndüyünü düşünürdü. Biz onlarla düzgün iş prosesi qurduq. Bu gün həmin qız 21 yaşındadır. Universitetdə təhsil alır, fəal ictimai həyatı var. Anası bizə indi də tez-tez təşəkkürünü bildirir. Ümumiyyətlə belə hallarla daim mübarizədəyik. İsveçlilərlə münasibət qurub deyə qızlarını öldürən ərəb atalar, ən yaxşı hallarda onları ölkələrinə istirahət adı ilə geri aparıb ərə verirlər. Bu hallarla mübarizə aparırırq. Narkomanlarla işləyirik.

- Belə bir hipotez var ki, narkotikdən xilas yoxdur.

- Tamamilə yanlışdır. İsveç müalicə modeli bu yöndə olduqca inkişaf edib. Sadəcə çox istərdim ki, ölkəmizdə də bu köməyə gərək duyulsun. Mən bu problemlə bağlı təklif göndərdim, amma sanki heç kim maraq duymadı. Bu gün İsrailə hamımız qibtə ilə yanaşırıq. Onların tək sirri bilirsiniz nədir? Ölkəsindən kənarda təhsil alıb mütəxəssisləşən peşəkarlarını geri qaytarıb, yüksək maaş verir. Bilirsiniz, burada adətən narkoloji dispanserlərdə xəstələrə dərman yazılır. İsveçdə isə narkotikdən müalicənin 12 mərhələsi var. Təbii metod, söhbət yolu ilə, dərmanlarla və digər yollarla müalicə prosesi gedir. Bütün bunları davamlı və peşəkar səviyyədə həyata keçirmək mütləqdir.

Aucune description de photo disponible.

- Təhsil sistemində İsveçdən götürə biləcəyimiz hansı nümunələr var?

- Çox şey... Uşaqla uşaq, ehtiyac olanda isə böyük kimi davranırlar. Montessori metodu İsveçdə geniş yayılıb. Orada uşağa bir sahəyə maraq yaratmaq yerinə onun öz maraqlarını üzə çıxarırlar. Ümumiyyətlə, məktəb şagirdləri yormadan onlara savad verir. Ali məktəb də həmçinin qəbul olmaq asan, təhsil almaq məsuliyyətli və çətindir. Son vaxtlar İsveçdəki həmvətənlərimin övladları təhsildə çox böyük uğurlar qazanırlar. Mən də buna ancaq sevinirəm.

- Sonda oxucularımıza nə demək istərdiniz? Bəlkə xanımlarımıza motivasiya verəsiniz.

- Xanımlarımıza səbr arzu edirəm. Dini mübahisələr, ifrat məişət mövzuları yerinə elm öyrənib, öz ayaqları üstündə sağlam durmağı bacarsınlar. Övladlarına xarici dillər öyrətsinlər, savad versinlər və həm də anlasınlar ki, bu dünyada əsas qazancımız ana dilimizi mükəmməl bilməkdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm