İçərişəhərdə tarixi abidənin üstündə çay içib qəlyan çəkirlər... - FOTO/REPORTAJ
Bizi izləyin

Xüsusi

İçərişəhərdə tarixi abidənin üstündə çay içib qəlyan çəkirlər... - FOTO/REPORTAJ

Xəbər tutduq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qız qalasının yanında yerləşən tarixi Hacı Bani hamamının üstündə restoran-kafe açılıb. İnsanlar 6 əsrlik tarixi tikilinin üzərində əyləşib çay içir, söhbət edir... Amma tarixi abidə statusu almış tikilinin üzərində necə əyləşib çay içmək olar?! Maraq bizə güc gəldi və sualın cavabını elə adıçəkilən obyektdə aramaq qərarına gəldik.

Artıq həmin məkandayıq. Bura paytaxtın gur yeridir və ətrafda həmişə olduğu kimi, indi də çoxlu turist və bələdçi var. Bələdçilərdən biri yaxınlaşıb ingilis dilində bizə tur-təkliflərini söyləyir. Turist olmadığımızı bildirib, yaxınlıqdakı hamama doğru yol alırıq.

Hamamın bələdçisi bizə tarixi tikilinin hər bir yerini göstərir və onun haqqında məlumat verir. Çay evinin hamama hansısa zərəri verib-vermədiyi ilə maraqlanırıq:

- Heç bir zərəri yoxdur. Hamam təzəlikcə bərpa olunub, gəlin baxın, heç bir çat-filan yoxdur...

Buradan da əsas məkana - hamamın üzərindəki çay evinə doğru gedirik. Paytaxtın əcnəbi qonaqları üçün ayrılan xüsusi bələdçilərdən biri bizə yaxınlaşır, hamam barədə məlumat verəcəyini bildirir. Deyir ki, bizim əsas missiyamız turistlərlə işləyib pul qazanmaq olsa da, tariximizin korlanmasına ürəyim yanır.

Gənc bələdçi Ülvi Bakuvi özü İçərişəhərdə doğulub, qədim tarixin əhatəsində böyüyüb, indi də ölkəmizi əcnəbilərə tanıdır. Tarixi hamamın üzərindəki çay evinin uzun illər fəaliyyət göstərdiyini deyən bələdçi turistləri bu məkana gətirərkən həm də utandığını dilə gətirir:

“Kafe yeddi-səkkiz ildir işləyir. Yalnız gəlir düşünürlər, onlar üçün tarix maraqlı deyil. Mən bir bələdçi kimi bu hala çox acıyıram, hətta bəzən utanıram. Turistlər mənə suallar verirlər, onlar tarixi tikilin üzərində kafenin olmasına təəccüblənir və gülürlər. Axı, tarixi abidənin üzərində əyləşib çay içmək əcnəbilərə niyə maraqlı olsun”.

Ü.Bakuvi hətta bu barədə dəfələrlə YUNESKO-ya müraciət etdiyini, fəqət heç bir tədbir görülmədiyini söyləyir:

“Mən on beş-iyirmi il sonra turistlərə nədən danışacam? Deyəcəm ki, burada tariximiz məhv olur? Türkiyədə “Topqapı”da kiçik bir daşı divardan çıxarmağa qoymurlar. Amma İçərişəhərdə tarixi hamamın üzərində oturub çay içirlər. Artıq tikilinin üstü çökür, bura mənim tariximdir, ürəyim yanır. YUNESKO-ya da yazmışam bu barədə. Turistlərimə də məlumat verirəm ki, bura XV əsrə aid hamamdır, onun üzərində əyləşməyin. Hətta qoruğa da bildirmişəm, amma nə faydası, hamı susur”.

Bələdçi deyir ki, burada insanlara çayla yanaşı, həm də qəlyan və içki təklif olunur:

“Gecələr hamamın üzərində konsert təşkil edirlər, canlı musiqi olur. İnsanlar daha çox axşamlar bura gəlir. Hətta içki içib, qəlyan da çəkirlər. Bəli, tarixin üzərində qəlyan biznesi qurublar. Bizə pul lazım deyil, tarix lazımdır...”

Bələdçidən eşitdiklərimizdən sonra müşahidəmizə davam edirik. Çay evinə çatar-çatmaz tarixi abidəyə böyük maraqla tamaşa edən turistlər diqqətimizi çəkir. Maraqlıdır, görəsən, əcnəbilər bu barədə nə düşünür?

Həmsöhbətimiz Mai Hjelm İsveçdən gəlib. Tarixi tikilini göstəririk, məlumat verməyə başlayar-başlamaz sözümüz ağzımızda qalır. O, əlini Hacı Bani hamamına uzadaraq deyir:

- Bura muzeydir?

- Xeyr, on beşinci əsrə aid tarixi hamamdır.

- Bu barədə ilk dəfə sizdən öyrəndim. Türkiyədə görmüşdüm, orada da tarixi hamamlar var, çox unikaldırlar.

- Bəs tarixi hamamın üzərində əyləşib çay içməyi necə, görmüsünüz?

Sualdan sonra fikrə gedən isveçli qonaq çaşqın halda deyir: “Düzü, bilmirdim hamamın üzərində əyləşdiyimi. Bəlkə kimlər üçünsə normal sayıla bilər. Amma tarixidir, bunu necə etmək olar?”

İrandan təşrif buyurmuş Gisu Saqafi isə ümumiyyətlə tarixi abidənin ətrafında çay evinin olmasını qətiyyən doğru saymır:

“Onun ətrafında belə kafenin olması yanlışdır. Kaş hər tərəfi açıq ola, hamı da kənardan o gözəlliyə baxa. Hamamın üstünə diqqət edin, görün necə gözəldir. Günbəzə baxın, onun üzərində əyləşib necə çay içmək olar?! Bu, tarixi bilməyənlərin işidir”.

Paytaxtın qonaqlarının fikirlərini öyrəndikdən sonra 58 il əvvəl torpağın altından çıxarılan bu tarixi abidənin üzərində yerləşən çay evinə, daha dəqiq desək, hamamın üzərinə qalxırıq. Girişdə qoyulan menyu diqqətimizi çəkir. Çaylar 10 manatdan başlayır, qəlyan isə gözə dəymir... “Yəqin bələdçi yanılıb”, - öz-özümüzə deyirdik ki, həmin an yan-yana düzülən masalarda əyləşib qəlyanın tüstüsünü göyə üfürən müştərilər bizi yanıldır.

Tarixin üzərində əyləşib qəlyan tüstülədənlərin düz yanından ötüb missiyamızın əsas hissəsinə keçirik. Əlimizdə mikrofonu görüb bir nəfər kənardan bizi səsləyir:

- Jurnalistsiniz?

Sualı eşidər-eşitməz bir neçə nəfər bizə yaxınlaşır, media nümayəndəsi olduğumuzu qeyd edirik, bundan sonra ətrafımızı saranların daha da sayı artır.

Özünü təqdim etməyən kafe-çayxananın yetkilisi məlumat vermək istəmədiyini və bizdən məkanı tərk etməyimizi xahiş edir. Az sonra kafenin meneceri yaxınlaşır:

“Bura səkkiz ildir fəaliyyət göstərir və bundan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xəbəri var. Turistlər də hər şeydən məmnundur, əslində biz tarixi abidəni təbliğ edirik, pis bir iş görmürük”.

Menecer hətta işimizi bizə öyrətməyə cəhd edir: “Gedin İçərişəhərdəki bu kimi başqa tarixi abidələri çəkin. Burada elə böyük bir şey yoxdur. Bütün Bakı bura gəlir. Bəyənməsəydilər, hər halda gəlməzdilər”.

Bəs hamamın üzərindəki ağırlıq abidəni zədələyə və uçmasına səbəb ola bilməz? Obyektə icazə verilərkən bu kimi detallar nəzərə alınıb?

Suallarımız cavabsız qaldı. Bildirdilər ki, yalnız memar gəlib buranı qiymətləndirəndən sonra cavab verə bilərik.

Bəs bura indiyədək qiymətləndirilməyib?, sualımıza sualla cavab verirlər:

- Nə qədər ağırlıq olmalıdır ki, uçmasın? Gəlsin memar qiymətləndirmə aparsın, bundan sonra sizə nəsə deyə bilərik...

“Üzrü qəbahətindən betər” - deyimi elə burada lap yerinə düşür. Menecer bizi bu sözləri ilə təəccübləndirir:

- Türkiyədə beş yüzdən çox tarixi abidənin üzərində kafe-restoran, satış yerləri açılıb, orada niyə heç nə deyən yoxdur? İçərişəhərdə tək bizim kafedir belə edən? Gəzin, görəcəksiniz nə qədər belə restoran var. Burada sadə insanlar çalışır, evlərinə çörəkpulu aparır...

Nə deyək? Axı, başqalarının etdiyi bizdə də kor-koranə necə tətbiq edilə bilər?! Bu çay evi hamamın üzərində düzdüyünüz 5-10 masadan ibarət deyil axı, kafenin ərazisi genişdir...

Paytaxtın əcnəbi qonaqlarına çay, kofe, hətta qəlyan təklif etmək yaxşıdır, xoş niyyətlidir. Bəs tarixi abidələrin qorunması, təbliği, gələcək nəsillərə toxunmaz çatdırılması necə olsun? Məgər bu çay evi İçərişəhərin abidə-simasına xələl gətirməyəcək bir məkanda qurula bilməzdimi? Amma biz indi bu məkandan təəccüb və heyrət içində, həm də çay içmədən ayrıldıq...

Akqabay Mıradov

Foto: Elmin Zahidzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm