Xüsusi
Türkiyəyə köçən məşhur azərbaycanlı aparıcı möhtəşəm layihə ilə dönür - FOTO
Aztv-də yayımlanan “Bakı gecələri” verilişindən sonra efir fəaliyyətini müvəqqəti olaraq donduran məşhur aparıcı Nurlana Cəfərova tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Analıq məzuniyyətinə çıxan məşhurun sözlərinə görə, bu görüş qısa çəkəcək, lakin o, televiziyadan tamamilə uzaqlaşmaq fikrində deyil.
Publika.az Nurlana Cəfərova ilə müsahibəni təqdim edir:
- Uzun fasilədən sonra şeirinizə çəkilən yeni bir ekran işi ilə tamaşaçıların görüşünə gələcəksiniz. İstərdim ki, əlamətdar hadisə ilə bağlı daha ətraflı məlumat verəsiniz.
- Bəhs etdiyiniz videoda mən yoxam, “Dram” adlı şeirimə çəkilən ekran işində Oksana Rəsulova rol alıb. O, həm şeiri səsləndirib, həm də mükəmməl aktyorluq bacarığını ortaya qoyub.
Belə bir qısametrajlı film çəkməklə ailələrə mesaj vermək istədik. Uşaqlar ailədə sevgi görməlidir. Əks halda həyat dramatik hekayələrlə dolu olur. Şeirə ekran işi yaratmaq fikri yarananda, onun bu qədər möhtəşəm alınacağına heç bir şübhəm yox idi. Çünki Oksana da, Tərlan da illərdir tanıdığım, dostluq etdiyim və istedadlarına bələd olduğum insanlardır. Əslində Oksana şeirimi 2020-ci ildə baş tutan təqdimatımda oxumuşdu. Gecənin son şeiri idi. O, yazdığım misraları səhnədən səsləndirməyə başlayanda, mən necə bir şeir yazdığımı, sanki yenidən kəşf etdim. O qədər duyğu dolu oxudu ki, bütün auditoriyanı özü ilə bərabər ağlatdı. Zaman keçsə də, mövzu aktualdır, odur ki, onu lentə almağa qərar verdim. Əlbəttə ki, birinci Oksanaya müraciət etdim. Oksana təklifimi böyük həvəslə qarşıladı. Tərlan da sağ olsun, gözlədiyimizdən də üst səviyyədə bir iş gördü. Şeirdə ailəsində daim zorakılığa şahid olan qızcığazın faciəsi təsvir olunub.
Layihəni daha geniş auditoriyaya çatdırmaq üçün təqdimatını keçirməyi düşünürük. 23 noyabr Nizami kinoteatrında videonun təqdimatını planlaşdırırıq.
- Nə yazıq ki, qadına zorakılıq və cinayət hadisələrinin sayı hər il daha da artır. Bunun qarşısını almaq üçün media və telekanallar nə etməlidirlər?
- Bu, mənim ən yaralı yerimdir. Qadın mövsuzunda yazdığım çox şeir var. Hamısında zorakılıq və şiddət pislənir. TV və Medianın bu məsələyə təsiri barədə konkret bir fikir bildirə bilmərəm. Media, bəlkə daha çox işıqlandırıb, ictimai qınağı şişirtsə, ola bilər ki, kimlərsə nəticə çıxarar. Hər halda, ağlı başında olan heç kim zorakılığı təbliğ etmir. Tanrı bizə dil, danışmaq bacarığı bəxş edib. Hər ailədə mübahisə və inciklik olur. Bunların çözümü, əlbəttə ki, şiddət olmamalıdır, problemləri danışıq, anlaşma yolu ilə həll etməyə çalışmalıyıq. Xüsusilə uşaqları olan ailələr mübahisələrində, davranışlarında daha diqqətli olmalıdırlar.
- Türkiyədə də vəziyyət bizdən fərqli deyil. Bu barədə nə deyə bilərsiniz?
- Son 2 ildə ailəmlə İzmirdə yaşayırıq. Çalışıram ki, orada TV xəbərlərə baxmayım. İnanın, hər axşam hansısa həyat yoldaşını öldürən ərdən, bacını bıçaqlayan qardaşdan, sevgilisini qətlə yetirən şəxslərdən danışırlar. Bunlar mənim dünyamdan çox uzaq şeylərdir. Hisslərini idarə edə bilməyən kişi, niyə kişi adını daşısın ki, ümumiyyətlə?! Getsin müalicə alsın, əsəblərini sakit etsin. Həyat yoldaşlarına əl qaldıran, dəfələrlə şiddət tətbiq edənlər bir neçə gün sonra necə həmin qadına yaxınlaşa, onun gözünə baxa bilir?! Bunlar ayıbdan da ötədir, bağışlanmaz bir günahdır. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, qadınlar çox zaman özünü bütün bunlara dözməyə məcbur hiss edir... Ailələrdə təhqir və qol gücünün olmasını istəmirəm. Nə bizdə, nə Türkiyədə, nə də bütün dünyada.
- Şeiri yazanda, səhv etmirəmsə, hələ ana deyildiniz. Hansı hekayənin təsiri ilə qələmə alınıb? Ümumiyyətlə analıq həyatınızda nəyi dəyişdi?
- Bu mövzu mənim həmişə diqqətimdə olub. Bütün körpələr xoşbəxt böyüməyə, sevginin şahidi olmağa layiqdir. Bir nəfərdən, illər öncə eşitdiyim hadisədən doğub bu şeir. Bənzər bir hekayə idi eşitdiyim. Hər dəfə o mövzuda bir şeir yazmaq istəyirdim, nəhayət ki, illər sonra yazdım.
Bəli, şeiri ana olmazdan çox əvvəl yazmışam. Onda heç evli belə deyildim. İndi 2 azyaşlı övladımız var. Çox diqqətli valideynik. İnşallah, hər zaman belə qalmaq qismət olar. Qayğı və nəvaziş, göstərə bildiyimiz ən düzgün nümunədir. Mənə görə, uşağın üstünə qışqırmaq da şiddətə açılan yoldur. Demirəm ki, ideal anayam və ya ideal övladım var deyə, səsim yüksəlmir, yox, hərdənbir balacaya mənim də səsimin tonu qalxır. Hətta bunun da olmaması üçün üzərimdə işləyirəm. Analıq həyatımı dəyişib. Kimisə həyatda təmənnasız, usanmadan, yorulmadan sevə bilmək varsa, o da övladdı. Hər nə olur olsun, dünyada heç nə bu məhəbbəti azalda bilməz.
- Övladlarımıza verə biləcəyimiz ən dəyərli miras nədir?
- Yaxşı əməllər, düzgünlük. Həyatı elə yaşamaq lazımdır ki, sabah uşaqlar valideynlərinin şəxsiyyəti ilə fəxr edə bilsin. Onların kimliyindən, əməllərindən utanmasınlar. Könül rahatlığı, baş ucalığı ilə "filankəsin oğluyam və ya qızıyam" deyə bilsinlər. Bu dünyada ən böyük miras məhz şərəfli, dürüst, savadlı və xoşbəxt övlad yetişdirməkdir.
- “Qadının düşməni elə qadındır” - bizim cəmiyyətdə, xüsusilə sosial mediada tez-tez rastlaşdığım üzücü ifadələrdən biridir. Sosial mediada hər hansı paylaşıma neqativ rəylərin də çoxunu qadınlar yazırlar. Bu aqressiyanın səbəbini nədə görürsünüz?
- Bu suala cavab tapmıram. Qadınlar haqda bu fikirdə deyiləm və ya olmaq istəmirəm. Ümumi olaraq deyə bilərəm ki, aqressiyanın səbəbi, kökü elə aqressiyadır. Bütün kobud, aqressiv, pis davranışlar uşaqlıq travmaları ilə bağlıdır. Üstəgəl, məmnunluq yaratmayan həyat. Bunlar çox vaxt iti, acı danışıqlara səbəb olur. Fərqi yoxdur, qadın, ya kişi …
- Yaradıcılıq planlarında nələr var? Efirə qayıtmağı düşünürsünüzmü?
- Bir çox müğənni üçün mahnı sözü yazmağa davam edirəm. Həmçinin hazırda 2-ci şeirlər kitabım üzərində işləyirəm. Şeirlərin bir hissəsi redaktə edilib. Növbəti il nəşr etmək arzusundayam. Yeni kitabımdan “Tərk edirəm” adlı şeirimə Tərlanla video hazırlayırıq. Bütün qadınları güclü, məğrur olmağa, sevilmədikləri yerdə qalmamağa, qərarlı olmağa səsləyən bir şeirdir.
Efir məsələsinə gəlincə, hazırda hələ də AzTV-nin əməkdaşıyam, sadəcə analıq məzuniyyətindəyəm. Yəqin ki, nə vaxtsa yenidən gözəl bir layihə ilə tamaşaçıların qarşısına çıxaram.
- Sonda istərdim ki, sizin üçün darıxan tamaşaçılara mesajınızı çatdırardınız.
- 2006-cı ildən TV və radio sahəsindəyəm. İlk fəaliyyətim radiodan başladı, dinləyici sevgisini qazanmağa başlayanda, mənə elə gəlirdi ki, bütün arzularım çin olub. Sonra TV, efirlər, dövlət əhəmiyyətli müxtəlif tədbirlərdə aparıcılıq, səsləndirmələr və sair bu kimi işlərlə məşğul oldum. Hərdən adam fikirləşir ki, bu qədər zəhmət görəsən, diqqət çəkdimi? Sosial şəbəkələrdə o qədər də aktiv deyiləm, lakin mütəmadi olaraq "İnstaqram" hesabıma xoş sözlər yazırlar, kimsə radio efirlərimi xatırlayır, məsləhət alır, gözəl arzularını çatdırır, kimsə təyyarədə mənim səsimlə uçur və bunu videoya çəkib göndərir, bunlar məni inanılmaz dərəcədə xoşbəxt edir. TV fəaliyyətim hazırda aktiv olmasa da, unudulmadığımı bilmək ən gözəl və layiqli hisslərdən biridir. Buna görə yaşamağa və yaratmağa dəyər. Bütün sevgi paylayan insanlar sağ olsun! Hər kəsə bu həyatı sevgi içində yaşamağı diləyirəm.
Aytən Məftun
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU