Ən böyük qənimətin ardınca Qətərə gələn "şir"in son həmləsi - Alınmasa da...
Bizi izləyin

Xüsusi

Ən böyük qənimətin ardınca Qətərə gələn "şir"in son həmləsi - Alınmasa da...

Ağır notlarla dünya tarixinə silinməz izlər qoyan 2022-ci ilin son akkordlarını ən əlamətdar idman hadisəsi - futbol üzrə Dünya çempionatı səsləndirəcək. Hətta futbol həvəskarı olmayanlar da dekabrın 18-ə kimi, qızğın mübarizə, yüksək adrenalin, böyük həyəcan və möhtəşəm qolların şahidi olmağa davam edəcək. Oyunların bir hissəsi artıq geridə qalıb, lakin güclü komandaların nəfəs kəsən qarşıdurması hələ qarşıdadır. Çempionatın qəhrəmanları barədə ekspertlərin fikirləri və proqnozları müxtəlifdir. Mundial başa çatmamış bu barədə konkret fikir bildirmək çətindir. Hər halda hansı ölkənin qalib gəlməsindən asılı olmayaraq, hər bir yığmanın seçilmiş ulduzları və öz azarkeşləri var.

Bu yazının qəhrəmanı isə dünyanın ən güclü hücumçularından biri olan Lionel Messidir. Ondan başlayaq ki, Qətərdəki dünya çempionatı argentinalı Messinin karyerasında sonuncu olacaq. Futbolçu mətbuat konfransında etiraf edib ki, qalib gəlmək üçün əlindən gələni edəcək. “Əlbəttə, bu, mənim sonuncu dünya çempionatımdır. Həm mənim, həm də ölkəmin arzusunu həyata keçirmək üçün son şansdır. Karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən hər andan maksimum yararlanmağa çalışıram. Əvvəllər bundan həzz almağa vaxtım yox idi”, - Messi bildirib.

Publika.az Messinin həyatı və karyera uğurlarını yada salıb.

Lap əvvələ qayıdaq...

Leo Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Leonun atası polad zavodunda fəhlə, anası isə xadimə işləyirdi. Messi futbola beş yaşında Salvador Aparisionun rəhbərliyi altında "Qrandoli" uşaq klubunda başlayıb. Atası bir müddət bu komandanın ikinci məşqçisi kimi çalışsa da, maraqlıdır ki, onun futbola olan marağını hamıdan birinci nənəsi qiymətləndirmişdi. Nənəsi hesab edirdi ki, Messi fitri istedada malikdir və futbolda onu parlaq gələcək gözləyir. O, ailənin bütün üzvlərini də buna inandırmağa nail olmuşdu. Yeri gəlmişkən, Lionel Messi bütün müsahibələrində nənəsini böyük sevgi və ehtiramla yad edir və səmimi şəkildə etiraf edir ki, vurduğu hər qol nənəsi Seliyaya həsr olunub.

Leo iki il “Qrandoli”də oynadı, komandanın məşqçisi onu tez-tez Dieqo Maradona ilə müqayisə edirdi. Buna səbəb o idi ki, komanda yoldaşlarına məhəl qoymayan Messi, bütün oyunu təkbaşına idarə etməyə çalışırdı. Yeddi yaşında “Nyuels Old Boyz” da çıxış etməyə başladı və komandada 6 il ərzində 500-dən çox qol vurdu.

Xəstəlik

11 yaşında Messiyə böyümə hormonu çatışmazlığı diaqnozu qoyuldu. Müalicə bahalı idi, ayda 1000 peso. Patologiyanı aradan qaldırmaq üçün idmançıya hər ay hormon ineksiyaları vurulmalı idi. Leonun ailəsi terapiya xərclərini qarşılamaqda çətinlik çəkirdi. Klub isə cəmi 400 peso ödəyə bildi. Oğlan, yaşıdları ilə müqayisədə çəlimsiz və arıq idi. Odur ki, “River Pleyt” perspektivli gənc futbolçunu almaq barədə fikirlərini dəyişdi. Dünyaca məşhur “Barcelona” klubu isə heç nəyə baxmadan oyunçu ilə müqavilə imzalamaq qərarına gəldi. Üstəlik, valideynlərini razı saldılar ki, oğullarını İspaniyaya göndərsinlər. Kataloniya klubunun idman direktoru Karles Reşak oğlanın ilk məşqindən məmnun qaldı. “Barsa” onun müalicəsinin bütün xərclərini öz üzərinə götürdü. Klub müalicə xərclərini uşağın ailəsi ilə birlikdə İspaniyada yaşaması şərti ilə ödəməyə razılaşdı. Lionel Messi 13 yaşında Avropaya köçdükdən sonra “Barselona”nın uşaq komandalarında çıxış etməyə başladı.

İlk uğurlar

Лионель Месси. Фото Global Look Press

Argentinalı futbolçunun İspaniyaya köçməsi həyatının ən böyük dönüş nöqtəsi oldu. O, 2000-ci ildən “Barsa”nın gənclər komandasında oynamağa başladı. Artıq ilk oyununda 4 qol vurmaqla futbol camiəsinin bütün diqqətini öz üzərinə çəkmişdi, sonrakı 30 oyunda isə rəqib qapılarına 37 qol vurdu. Futbolçunu almaq istəyən klubların sayı günü-gündən artırdı, onlar arasında İtaliyanın "Yuventus" klubu da var idi. Lakin gənc idmançı bu təklifi rədd etdi. 3 ildən sonra Lionel Messinin peşəkar futbolda debütü Portuqaliyanın “Porto” klubu ilə yoldaşlıq oyununa təsadüf etdi.

2004-cü ildə futbolçunun “Barselona”da ilk rəsmi oyunu baş tutdu. Amma "Espanyol"la oyunda Messi xüsusi nə iləsə yadda qalmadı. O, ilk qolunu bir il sonra “Albasete” ilə görüşdə vurdu. O zaman Messinin yaşı 18-dən az idi. Həmin andan etibarən argentinalının “Barselona”dakı idman karyerası sürətlə inkişaf etməyə başladı.

2014-cü ildə “Barselona” dünya futbolunun tanınmış hücumçusu ilə müqaviləni 4 il müddətinə uzatdı. Oyunçunun illik gəliri 20 milyon avro təşkil edirdi. “Barselona”nın heyətində Lionel Messi on dəfə (2005, 2006, 2009-2011, 2013, 2015, 2016, 2018, 2019) ölkə çempionu olub, yeddi dəfə İspaniya kubokunu (2009, 2012, 2016, 2018, 2021 ) və səkkiz dəfə İspaniya Superkubokunu (2005, 2006, 2009-2011, 2013, 2016, 2018) qazanıb. Dörd dəfə Çempionlar Liqasının (2006, 2009, 2011, 2015), üç dəfə UEFA Super Kubokunun (2009, 2011, 2015) və Klublararası Dünya Kubokunun (2009, 2011, 2015) qalibi olub. O, İspaniya çempionatının və “Barselona”nın tarixində ən çox qol vuran futbolçudur.

5 avqust 2021-ci ildə Messi “Barselona”nı tərk etdi. Klub, İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyəcəyini açıqladı. 10 avqust 2021-ci ildə Lionel Messi Fransanın PSJ klubuna keçdi. Fransa klubu ilə müqavilənin müddəti 2023-cü ilin yayına kimi nəzərdə tutulsa da, daha bir mövsüm uzadılması mümkündür. Müxtəlif mənbələrə görə, PSJ-də Leonun mövsüm başına qazancı, təxminən 35 milyon avro təşkil edir.

Лионель Месси. Фото Global Look Press

Qərb mətbuatı isə yazır ki, İngiltərənin “Mançester Siti” klubu Messini transfer etməyi planlaşdırır. İddia olunur ki, “şəhərlilər” argentinalı hücumçunu 2023-cü ilin yayında heyətinə qatmaq istəyir. Klub rəhbərliyinin qənaətincə, 35 yaşlı hücumçu Erlinq Holann və Kevin De Brüyne ilə hücum xəttində yaxşı trio təşkil edə bilər. Lakin Messinin özü hazırda 2 variantı - PSJ ilə müqaviləni uzatmağı və sabiq komandası olan İspaniya "Barselona"sına qayıtmağı nəzərdən keçirir. Onun Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubuna keçəcəyi də ehtimal olunur. Ulduz futbolçunun dünya çempionatından sonra qərarını açıqlayacağı gözlənilir.

Milli komanda

Messi 2005-ci ildən Argentinanın əsas milli komandasının üzvüdür. Milli komandada debütünü 17 avqust 2005-ci ildə Budapeştdə Macarıstan komandası ilə yoldaşlıq oyununda edib. Matçın 63-cü dəqiqəsində Messi meydana daxil olub, iki dəqiqə sonra isə rəqib oyunçuya dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. O, millinin heyətində ilk qolunu 2006-cı il martın 1-də Xorvatiya yığması ilə yoldaşlıq oyununda vursa da, yekunda Argentina 2:3 hesabı ilə uduzub.

Argentina milli komandasında Leo dünya çempionatının gümüş mükafatçısı olub (2014) və Amerika Kubokunu qazanıb (2021). Eyni zamanda Olimpiya Oyunlarında (2008) qızıl medal qazanıb. 2016-cı ilin iyununda hücumçu millidəki karyerasını başa vurduğunu açıqlayıb. Bu xəbər Argentinada “Getmə, Leo!” şüarı altında ictimai kampaniyaya səbəb olub. Hətta prezident Maurisio Makri də futbolçunu komandanı tərk etməməyə çağırmışdı. Bütün bu çağırışlardan sonra 2016-cı ilin sentyabrında Messi Argentina millisinə qayıtmağa qərar verdi. Hücumçu bu günə kimi millinin heyətində 151 oyun keçirib və 76 qola imza atıb. O, bu göstəricilərə görə yığmanın rekordçusudur.

Лионель Месси. Фото Getty Images

Лео Месси – обладатель Кубка Америки-2021. Фото Global Look Press

“Şir” ləqəbini qazanan futbolçu karyera nailiyyətləri ilə yanaşı, aktiv xeyriyyəçiliyi ilə də tanınır. “Barselona”nın ona uşaqlıqda etdiyi dəstəyi heç zaman unutmadığını deyən Lionel Messi, imkansız uşaqlara mütəmadi olaraq kömək edir. 2007-ci ildə futbolçu, Argentinada yaşayan xəstə və yoxsul uşaqlara təhsil və tibbi yardım göstərmək üçün xeyriyyə fondu təsis edib. 2010-cu ildə bu fonda 100.000 avro ianə edib. Vəsait UNICEF-in dəstəyi ilə Meksikada təhsil proqramına yönəldilib. 2012-ci ildə fond, böyümə hormonu çatışmazlığı diaqnozu qoyulan Valid Kaşaşa adlı oğlan uşağının müalicəsini öz üzərinə götürüb. 2013-cü ildə Leo doğma şəhərində uşaqlar üçün tibb müəssisəsinin yenidən qurulması üçün 600 min avro ayırıb.

Şəxsi həyatı

Lionel Messi adı gündə bir modellə hallanan futbolçulardan deyil. Məşhurun həyat yoldaşı Antonella Rokuzzo ilə ilk tanışlığı 5 yaşında olub. 5 yaşından başlayan məhəbbət hekayəsi bu günə qədər davam edir. Messi ilə Antonella eyni məhəllədə böyüyüb. Leonun sözlərinə görə, uşaqlıqda həyat yoldaşının qardaşları ilə tez-tez futbol oynayıb. Cütlük sevgili olduğunu 2009-cu ildə ictimaiyyətə elan edib, münasibətlərini isə 2017-ci ilin iyununda qanuniləşdiriblər. Toy mərasimi Rosarioda baş tutub. Mərasim təmtəraqlı təşkil olunmuşdu, orada dünya futbol ulduzları və digər məşhurlar da daxil olmaqla 250-yə yaxın qonaq iştirak edib. Yeri gəlmişkən, onda artıq cütlük iki oğul sahibi idi. Üçüncü oğlu isə toydan bir il sonra dünyaya gəlib.

Messi ən böyük arzusunun və həm də futbolun ən böyük qənimətinin ardınca Qətərə gəlib, dünya çempionu olmaq üçün son həmləsini edəcək “şir”. Alınacaq, ya yox... Alınmasa da, Messi artıq futbol tarixində izini qoyub. Əbədi!

Лионель Месси с женой и детьми на отдыхе. Фото из личных соцсетей

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm