Tehran Bakıya savaş açmaq istəyir, amma onlardan qorxur - Müharibə olarsa...
Bizi izləyin

Xüsusi

Tehran Bakıya savaş açmaq istəyir, amma onlardan qorxur - Müharibə olarsa...

Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər Publika.az-ın suallarını cavablandırıb.

- “Hüseyniyyun” terror qruplaşması Azərbaycanın Təbrizdəki Baş konsulluğuna qarşı təxribat törətdi, qruplaşma bəyan etdi ki, “əgər Azərbaycan konsulluğu Mossadın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”. İran Təbrizdəki konsulluğumuza qarşı nə planlaşdırır? Səfirliymizə qarşı törədilən terror ssenarisini təkrarlaya bilərlərmi?

- İlk olaraq deputat Fazil Mustafaya qarşı həyata keçirilən terror hücumuna diqqət çəkmək istəyirəm. Bu hücumda, eyni zamanda Azərbaycan səfirliyinə edilən hücumda da “Hüseyniyyun” terror qruplaşmasının əli var. İran Azərbaycanda sabitliyi pozmaq, ölkədə dəhşət və qorxu yaratmaq məqsədilə bu terroru həyata keçirdi. Hesab edirəm ki, Təbrizdə Azərbaycan Konsulluğunun qarşısında 3-5 nəfərin toplaşaraq “Hüseyniyyun” qruplaşmasının bayrağını açmaları açıq şəkildə təxribatdır. İranda hansısa ölkənin səfirliyi və ya konsulluğunun qarşısında heç bir aksiya keçirilə bilməz. Bunu yalnız İran dövləti özü istəyə və planlaşdıra bilər. Vaxtilə məktəb uşaqlarını Azərbaycan səfirliyinin qarşısına gətirib aksiya keçirdilər. Guya ki, Azərbaycanda din və məzhəb azadlığı pozulur və onlar buna “üzülürlər”. Bütün bunlar İran hakimiyyətinin işidir. Tehranda Azərbaycan səfirliyinə hücum olan zaman Təbrizdə azərbaycanlılar bir ay boyunca çalışdılar ki, Konsulluğun önünə gül dəstəsi qoysunlar. Amma həmin müddətdə orada polis və kəşfiyyat nümayəndələri ərazini qorudu və heç kimə yaxınlaşmağa icazə vermədi. Bir-iki nəfər pasport bəhanəsi ilə keçib gül qoya bilmişdi. Yəni o vaxt orada toplaşmağa “icazə” yox idi, amma bu gün həmin yerdə aksiya keçirirlər.

- Qruplaşmanın təxribatı İran mediasında “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” kimi təqdim edilib. Bunu Tehranın “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaq cəhdi hesab etmək olarmı?

- “Hüseyniyyun”un konsulluğun qarşısında bayrağını açaraq “Təbriz gəncləri”nin dili ilə Azərbaycana mesaj vermək istəməsi Təbrizdəki soydaşlarımızın guya Azərbaycana qarşı olduqlarını göstərməyə hesablanıb. İran hazırda Azərbaycana qarşı müharibə elan etmək istəyir. Amma Bakının bölgədəki gücünə, nüfuzuna, Türkiyə, Pakistan, İsrailin timsalında müttəfiqlərinə baxdıqda, görür ki, təkbaşına bu işləri görə bilməz. Hətta ABŞ belə buna imkan verməz. Digər tərəfdən, Tehran Suriya və Ukrayna məsələsində “batıb”. Düşünür ki, əgər İranla Azərbaycan arasında savaş baş versə, Güneydəki azərbaycanlıların reaksiyası müsbət olmayacaq. Bir neçə gün öncə Xudafərin körpüsündə güneyli soydaşlarımız toplaşıb Azərbaycan əsgərinə salam verərək şüar səsləndirdilər. Ardınca video yayıldı ki, İran ordusunun nümayəndələri həmin yolu bağlayıb və heç kimin Xudafərin körpüsünün yaxınlığına getməsinə icazə verilməyib. İran çox yaxşı bilir ki, güneylilər Azərbaycana qarşı heç bir silahlı hücuma icazə verməzlər. Buna görə də Tehran propaqanda aparır, dünyaya mesaja vermək istəyir ki, güneylilər Azərbaycanın düşmənidir. Halbuki Təbrizdəki Konsulluğun qarşısındakı aksiyada güneyli azərbaycanlılar yox idi. Orada “Hüseyniyyun”a aid olan 3-4 nəfər olub. İşlərin arxasında dayanan isə İran kəşfiyyatıdır.

- İran “Hüseyniyyun” qrupundan təkcə terror planlarını həyata keçirmək üçün istifadə edir, yoxsa başqa bilmədiyimiz məqamlar da var?

- “Hüseyniyyun” İran dövlətinin yaratdığı, təbliğ etdiyi, maliyyə yardımı göstərdiyi bir qrupdur. Zaman-zaman Azərbaycanın təhlükəsizliyini pozmaq üçün İran onları ölkə daxilində istifadə edib, bu gün də edir. İran İslam Respublikası şiə mollaları tərəfindən idarə olunan ölkə kimi görünür, amma xarici, hətta daxili siyasətini müəyyən edən fars milliyətçiliyidir. 1905-1911-ci illərdə baş verən Məşrutə inqilabı zamanı Məşrutə ziyalıları İran milliyətçilərini tərif etməyə, tanıtdırmağa çalışdılar. Bunlar üç ana məsələni göz önünə aldılar. Birincisi farsçılıq idi, yəni bütün İranı fars dili və mədəniyyəti altında birləşdirməyi düşündülər. Həmin dövrdə İranın parçalanacağı ilə bağlı xəbərlər dolaşırdı. Ölkənin parçalanmasına qarşı olaraq bütün insanları əhatə edə biləcək milli təfəkkürə ehtiyac var idi. Bunu fars dili və mədəniyyəti əsasında qurmağa çalışdılar. Bunun üçün türk və ərəb düşmənçiliyini ortaya atdılar. O zamanın mətnlərində və həmin dövrün ziyalılarının yazdığı kitablarda, məqalələrdə göstərilib ki, guya İslamdan öncə güclü bir Fars (Pers) imperatorluğu olub və ərəblər (İslam ərəblər vasitəsilə gəldiyi üçün), sonra isə türklər gəliblər. Guya onlar hər şeyi dağıdıblar. Türk və ərəb düşmənçiliyinin, hətta fars irqçiliyinin əsasında milliyətçilik təbliğ olundu. Təxminən yüz il bundan əvvəl Rza şah Pəhləvi hakimiyyətə gəldiyi zaman bu düşüncə istər ölkə daxilində, istərsə də xaricdə İranın əsas milli düşüncəsinə sirayət oldu.

Sözdə İran İslam Respublikasının nə qədər İslama, şiəliyə bağlı olduğu deyilsə də, əslində biz görürük ki, hazırkı rejim həm daxili, həm də xarici siyasətdə yüz il əvvəlki Pəhləvi rejiminin bölgədə, ölkə daxilində apardığı siyasətləri yürüdür. Nə qədər zahirdə İslam, şiə kimi kəlmələr eşidilsə də, bu siyasətin arxasında fars irqçiliyini çox açıq şəkildə görə bilərik. İran Azərbaycan vətəndaşlarına “Azərbaycanda farsçılığı təbliğ edək, Azərbaycan farslaşsın və s.” kimi sözlər deyə bilməz. Milliyətçilik düşüncələri bu formada Azərbaycana ayaq aça bilməz. Bunun üçün “Hüseyniyyun” kimi qrupları yaradır. Təkcə Azərbaycana deyil, Yəmənə, Suriyaya, İraqa, Əfqanıstana da din adı altında gedirlər. “Hüseyniyyun” tək deyil, “Fatimeyyun”, “Zeynəbiyyun” kimi onlarla belə qruplar yaradıblar ki, zahirdə şiə, İslam dini arxasında fars milliyətçiliyi siyasətini bölgədə, hətta ölkə daxilində yürütsünlər. Daxildə hamıya gəlib desələr ki, “siz fars olmalısınız”, qəbul etməzlər. Amma şiəlik adı altında ölkə daxilində də qeyri-fars millətinin nümayəndələrini iranlaşdırırlar.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm