Nida Təhlil
Bakı Qarabağ üçün “mərhələli həll”ə start verdi - TƏHLİL
Rusiyanın baş diplomatı Sergey Lavrov Qarabağla bağlı
qalmaqallı sözlər səsləndirdi, ardınca Ermənistan prezidenti Serj
Sarkisyan münaqişənin həlli ilə bağlı aparılan danışıqların ruhuna
tamamilə zidd açıqlama verdi, daha sonra Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov Moskvaya səfər etdi və bu səfər məhz
Rusiya tərəfinin dəvəti ilə baş tutdu. Və bütün bunların fonunda
Prezident İlham Əliyevin aprel müharibəsində işğaldan azad edilmiş
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və qaçqınların
köçürülməsi ilə bağlı sərəncamı təsadüfi deyildi.
Dağlıq Qarabağ ətrafında gərginlik çəmbəri yenidən daralır və Bakı
öz manevrlərini genişləndirir.
***
Serj Sarkisyan bəyan etdi ki, onun prezidentliyi dövründə
ərazilərin qaytarılması baş tutmayacaq. Ermənistan prezidentinin bu
açıqlaması aprel müharibəsindən sonra “Blomberg”ə verdiyi
müsahibəni xatırladır. Dördgünlük müharibədə Azərbaycan Ordusunun
döyüşləri dayandırmasından təxminən 10 gün sonra təhlükənin
keçdiyini hesab edən Sarkisyan yenə əvvəlki iddialarını gündəmə
gətirmişdi.
Daha sonra Vyana və Sankt-Peterburq görüşləri keçirildi,
münaqişənin həllində irəliləyişlərin olacağına yetərincə ümidlər
yarandı, lakin nəticə sıfır olaraq qaldı. Və nəhayət, 2017-ci ilin
ilk günlərində Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama
verdi: “Qarabağ məsələsi Azərbaycanın daxili işi
deyil”.
Bunu Rusiyanın baş diplomatının yanlışı hesab etmək olar. Lakin
diqqəti bu məsələnin üzərində cəmləməklə, Lavrovun açıqlamasındakı
əsas məqam unuduldu.
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti
ilə ərazilərin azad olunması tələbi qüvvədədir”. Lavrov bu sözlərlə
əslində münaqişənin Ermənistanın istəyinə uyğun həllinə işarə
edirdi.
Rəsmi Bakı lap əvvəldən münaqişənin “mərhələli həll” variantını
təklif edir: Qarabağ ətrafındakı rayonlar qaytarılır, Qarabağa
aralıq status verilir, qaçqınlar öz evlərinə qayıdır, bütün bu
proseslərdən sonra Qarabağın son statusu müzakirə masasına
çıxarılır.
Kremlin mətbəxindən çıxma “Lavrov planı”, yaxud “Kazan formulu”
adlanan təkliflər də əslində aşağı-yuxarı özündə bunu ehtiva
edirdi: 5 rayon qaytarılır, rus əsgərləri aralıq statusun
təminatçısı rolunda Qarabağa daxil olur, qaçqınlar geri qayıdır,
yerdə qalan iki rayonun taleyi həll olunur və sonda Qarabağın
statusu məsələsinə baxılır.
Moskva bu planlar haqda rəsmi olaraq danışmasa da, mediaya sızan
informasiyalar bu yöndə danışıqların aparıldığına işarə edirdi.
Ötən ilin 20 sentyabrında Rusiya prezidenti Vladimir Putinin
iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin
Sankt-Peterburqda keçirilən görüşündə də bununla bağlı konkret
razılıqların olduğu haqda məlumatlar var idi. Hansı ki, bu,
hər-hansı medianın yazdığı informasiya yox, Prezident
Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədovun dilindən səslənmişdi.
Hətta qeyri-rəsmi informasiyalara görə, bu variant ABŞ və Fransanın
da iştirak etdiyi Vyana görüşündə müzakirə olunub. Ermənistan
tərəfi isə ərazilərin qaytarılmasına o şərtlə razı olub ki,
Qarabağın statusu da eyni vaxtda həll olunsun. Bakının buna
etirazından sonra nəticə əldə olunmayıb. Lakin elə həmin
vaxt ortaya çıxan ehtimallar belə idi ki, Vaşinqton münaqişənin
həllini Moskvanın öhdəsinə buraxıb, Putin də Sankt-Peterburqda
Sarkisyanı razı salıb.
Lavrovun 2016-cı ilin yekunlarına dair mətbuat konfransında dediyi
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə
ərazilərin azad olunması tələbi qüvvədədir” sözləri tərəzinin
İrəvan gözünə ağırlıq verildiyini göstərir. O, bununla Ermənistanın
istədiyi “paket həll” variantına işarə edirdi: ərazilərin
boşaldılmasına paralel olaraq Qarabağın statusu həll olunur.
Bu kontekstdə Sarkisyanın açıqlamaları təsadüfi deyil. Erməni
əsgərlərlə çay süfrəsində danışan Sarkisyanın fikirlərində iki
məqam diqqət çəkir.
1. O, ərazilərin qaytarılması haqda yayılanların şaiyə
olduğunu dedi. Bununla bildirmək istəyirdi ki, onun prezidentliyi
dövründə belə bir şey mümkün olmayacaq.
2. “Bizim hədəfimiz Qarabağın yekun statusunun müəyyən edilməsidir,
yerdə qalan məsələlər törəmələrdir”.
Birinci bəyanat birbaşa Ermənistanın daxili ictimai rəyinə
hesablanıb: Çünki bu ilin 2 aprelində (bu tarixin ötən il
“dördgünlük müharibə”nin başladığı gün olması da diqqətlərdən
yayınmır) Ermənistan parlamentinə seçkilər keçiriləcək. 2015-ci
ildə keçirilmiş referendumun nəticələrinə görə, bu seçkilərdən
sonra parlamentin səlahiyyətləri artırılacaq və ölkənin faktiki
idarə edən şəxs baş nazir olacaq. Gözləntilərə görə, Sarkisyan
2018-ci ildə səlahiyyət müddəti başa çatandan sonra baş nazir
postuna əyləşərək, öz hakimiyyətinin ömrünü uzatmağa çalışacaq. Bu
baxımdan, prezidentliyi dövründə ərazilərin qaytarılması baş
tutmayacaq mesajını verməsinin seçkilərə və gələcək planlarına
hesablanmış addım olduğu açıq şəkildə görünür.
İkinci bəyanatda Sarkisyan “məqsədimiz Qarabağın yekun statusunun
müəyyən olunmasıdır” deməklə əslində birinci bəyanatını təkzib
etdi. Çünki Ermənistan tərəfi aprel müharibəsinə qədər Qarabağın
müstəqilliyi məsələsini ön plana çıxarırdı. Lakin Sarkisyan
müstəqillikdən deyil, yekun statusdan danışdı. Onun dediyi yekun
status “paket həll” variantında öz əksini tapır və Qarabağ
ətrafındakı ərazilərin qaytarılması ilə mümkündür.
Və bu bəyanat Lavrovun “Dağlıq Qarabağın yekun statusunun
müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi
qüvvədədir” sözlərinin davamıdır.
“Əgər kimsə BMT qətnamələrini unudubsa, biz bunları yada sala
bilərik”, - deyən Prezident İlham Əliyev Lavrovun da,
Sarkisyanın da cavabını verdi. Azərbaycan liderinin bu
açıqlamasından sonra Lavrovun Məmmədyarovu Moskvaya dəvət etməsi
Kremlin Bakı ilə münasibətlərə kölgə düşməsində maraqlı olmadığını
göstərir və məsələnin Bakının sərt mövqeyi ilə yekunlaşdığını
düşünmək olar. Lakin baş verənlərin səbəbləri və regiondakı
proseslərin hansı nəticələr doğura biləcəyi maraqlıdır.
***
Ötən ilin 29 dekabrında Ermənistan diversiya qrupunun sərhəddə
təxribata əl atması, bu təxribatın qarşısını alarkən şəhid olan
Azərbaycan əsgərinin nəşinin indiyə qədər qaytarılmaması, Lavrovun
qalmaqallı bəyanatı və Sarkisyanın dedikləri bütöv zəncirin
halqaları hesab oluna bilər.
- Sərhəddə təxribat baş verdi və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) baş katibi (artıq keçmiş) Nikolay Bordyuja
Azərbaycana qarşı sərt bəyanat səsləndirdi. Bu təxribatın
məqsədinin Azərbaycanı tələyə salmaq, həmçinin, KTMT daxilində
Bakını dəstəkləyən Minsk və Astananı fakt qarşısında qoymaq olduğu
aydın görünürdü.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
- Ermənistan tərəfi Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz
Qurbanovun nəşini indiyə qədər qaytarmır. Bu, Sarkisyanın ermənilər
qarşısında “güclü görünmək” və “qisas aldığını” göstərmək
istəklərindən irəli gəlməklə yanaşı, Moskvanın Bakıya mesaj
verməsindən də qaynaqlana bilər. Hansı ki, Lavrovun məlum
açıqlamaları ilə bu ehtimal daha da güclənir.
Moskva-Bakı xəttində çarpazlaşan məqamlar:
a) “Putin NATO-su” adlanan KTMT daxilindəki vəziyyət Kremlin
ürəyincə deyil və ruslara görə, buna səbəb olan faktorlardan biri
məhz Bakıdır. KTMT-nin yeni baş katibi Ermənistan nümayəndəsi
olacaqdı. Lakin ötən ilin oktyabrında İrəvanda keçirilən toplantıya
Qazaxıstan prezidenti Nursultan Nazarbayev “müəmmalı xəstəliyinə”
görə getmədi və təyinat baş tutmadı. Hələ o vaxt məlum idi ki,
Nazarbayev məhz Qarabağ məsələsinə görə təşkilatın rəhbərinin
erməni olmasını istəmir. Növbəti toplantı yenə ötən ilin 26
dekabrında Sankt-Peterburqda baş tutdu. Bu dəfə Belarus prezidenti
Aleksandr Lukaşenko ölkəsində gözlənilən “çevriliş təhlükəsini”
əsas gətirərək, rus torpaqlarına gəlmədi və erməni baş katibin
təyinatı təxirə salındı. Bu toplantıdan üç gün sonra erməni hərbi
birləşmələrinin təmas xəttində deyil, məhz sərhəddə Azərbaycan
mövqelərinə hücumu təsadüfi deyildi. Moskva bununla Lukaşenko və
Nazarbayevə mesaj verməklə yanaşı, Bakıya qarşı da oynamışdı. Bütün
bunların fonunda Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və
İsrail vətəndaşlığına malik olan bloqer Aleksandr Lapişinin Bakının
tələbi ilə Belarusda həbs olunması və Azərbaycana ekstradisiyasının
gündəmə gəlməsi Moskvanın hərəkətə keçməsini sürətləndirdi. Lavrov
Rusiyanın Lapişinin azad olunması üçün hər şey edəcəyini deməsinə
baxmayaraq, Moskvanın tələbi Lukaşenko tərəfindən rədd edildi.
Kreml üçün bu Belarusun mərkəzdənqaçma gedişi olaraq qəbul olunur
(burada Minskin Moskva ilə ikitərəfli münasibətlərində
problemlərinin olması da müəyyən rol oynayır). Hesab etmək olar ki,
Moskva bu prosesdə Bakı faktorunun da rol oynadığını düşünür və öz
hərbi ittifaqının daxilində yaranmış çatlara görə Azərbaycanı
günahkar hesab edir.
b) Lakin yeganə amil bu deyil. Çox güman ki, Moskvanın
Bakıya qarşı sərt bəyanatlarının arxasında iqtisadi amil də
dayanır. Ortada silah satışı məsələsi ola bilər. Prezident
İlham Əliyevin Davosda “RİA Novosti”yə müsahibəsində Azərbaycan və
Rusiya arasında hərbi-texniki sahədə yeni müqavilələrin imzalanması
üçün yaxşı perspektivlərin olmasına diqqət çəkməsi fonunda “silah
amili” güclənir. Ötən ilin 13 dekabrında İsrailin Baş naziri
Benyamin Netanyahu Bakıya səfər etdi və onunla görüşdə Azərbaycan
Prezidenti bəyan etdi ki, indiyə qədər İsraildən 5 milyard dollar
həcmində silah almışıq. Netanyahu Bakını tərk edən kimi Rusiyanın
hərbi sənayesini kurasiya edən Dmitri Roqozin Bakıya gəldi. Həmin
səfərin detalları məlum deyil, lakin güman ki, ruslar Cənubi
Qafqazdakı silah bazarında yəhudilərin daha çox paya sahib
olmasından narahat olublar və Roqozinin Bakı səfərinin
nəticələrindən məmnun qalmayıblar. Rusların Qarabağ ətrafında baş
verən xoşagəlməz söz oyunu, həmçinin, sərhəddəki insident və
Azərbaycan əsgərinin nəşinin ermənilər tərəfindən qaytarılmamasının
arxasında bu faktorun olması mümkündür. Azərbaycan liderinin Rusiya
informasiya agentliyinə “Rusiya ilə hərbi-texniki sahədə yeni
müqavilələr imzalaya bilərik” deməsi də əslində Moskvaya
“Azərbaycan Rusiya ilə əməkdaşlıqda həmişə maraqlıdır” mesajını
verməsi idi.
Bu iki amil baş verənlər fonunda aydın görünür və Kremlin
Lavrovun dili ilə Bakıya “güc nümayişi”nin buradan qaynaqlandığını
deyə bilərik.
Lakin üçüncü və prosesin ANA XƏTTİ hesab olunacaq məqam Lavrovun
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə
ərazilərin azad olunması tələbi qüvvədədir” sözləri, ardınca da
Sarkisyanın “Qarabağın yekun statusu” məsələsini bəyan
etməsidir.
Buradan aydın görünür ki, Rusiya münaqişəni həll etməyəcəyini demir
və Ermənistan da Moskvanın istəyi ilə qaça bilməyəcək. Lakin
necə?!
Görünən odur ki, Rusiya “mərhələli həll” yox, “paket həll”
variantını gündəmə gətirir. Moskvanın bununla Ermənistanı məmnun
etmək istəyi az ehtimal olunandır. Bu, daha çox sürət amili ilə
bağlı ola bilər, yəni, “paket həll” variantı ilə münaqişə tez həll
olunur və ruslar bölgəyə daxil olurlar. Rusların bu istəyinin
arxasında daha qlobal məsələlərin ola biləcəyi ehtimalı
güclüdür:
- Donald Tramp Ağ Evə köçdü və artıq ABŞ-ın prezidenti olaraq
sənədlərə imza atır. Onun Moskva ilə anlaşacağı haqda gözləntilər
nə qədər böyük olsa da, Amerika əsgərlərinin “soyuq müharibə”dən
sonra ilk dəfə Şərqi Avropada Rusiya sərhədlərinə göndərilməsi
qarşıda Kremlə qarşı yeni cəbhənin açıla biləcəyi ehtimalını
gündəmə gətirir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Yeni müharibə cəbhələrindən biri də Dağlıq Qarabağ ola bilər.
Amerika Qara dəniz-Qafqaz xəttinə nəzarəti ələ almaq, Qafqaz
üzərindən Orta Asiyaya çıxmaq və Rusiyanı məğlub edərək, Uzaq
Şərqdə Çini təkləmək gedişi edə bilər. (Yaxın gələcəkdə proseslərin
necə inkişaf edəcəyi daha aydın görünəcək). Hesab etmək olar ki,
Rusiya məhz bu ehtimallara qarşı Qarabağ münaqişəsini dərhal həll
etmək və Cənubi Qafqazda daha da möhkəmlənmək, ABŞ-ı regiona
buraxmamaq niyyətindədir.
Lakin sürətli həll Bakının maraqlarının tapdanması və
Qarabağın statusunun İrəvanın istədiyi kimi həll olunması deməkdir.
Məhz bu məqamda Bakı-Moskva xəttində toqquşmalar başlayır. Bu
toqquşma ilk növbədə Rusiyanın maraqlarına ziddir. Lavrovun
Məmmədyarovu Moskvaya dəvət etməsi də bunu deməyə əsas verir.
Görüşün detalları məlum deyil, lakin məhz “Vyana və Sankt-Peterburq
görüşlərində qaldırılan məsələlər ətrafında”, yəni “mərhələli həll”
variantı ilə bağlı müzakirələrin aparılması Bakının öz mövqeyində
israrlı olduğunu göstərir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin işğaldan azad
olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndilə bağlı sərəncamı
təsadüfi deyil.
Hesab etmək olar ki: münaqişənin “paket həll” variantı ilə
yəni, Azərbaycanın maraqlarına uyğun olmayan formada nizama
salınması təhlükəsi var; rəsmi Bakı buna diplomatik kanallarla
etiraz etməklə yanaşı, qaçqınları işğaldan azad olunmuş ərazilərə
köçürməklə əməli addımlar atır.
Və ümumi görünən mənzərə belədir: Prezident bu sərəncamla hər şeyə
rəğmən, münaqişənin Azərbaycanın istədiyi “mərhələli həll” variantı
ilə həllinə start verdi. Rəsmi Bakı bununla öz mövqeyində
prinsipial olduğunu da nümayiş etdirdi, təbii ki, hər kəsdən öncə
Rusiyaya...
Asif Nərimanlı
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO