Qırmızı.az
Həcərin nəticəsi Publika.az-a danışdı: “Təəssüf ki, Qaçaq Nəbi ilə birlikdə illərlə döyüşmüş qadın…” - FOTOLAR
Azərbaycan tarixində iz qoymuş, fəaliyyətləri ilə xalqa xidmət etmiş tarixi şəxsiyyətlərimizin hansısa qüvvələr, şəxslər, “araşdırmaçılar” tərəfindən ləkələnməsi davam edir. Bir çoxları ictimai, siyasi xadimlərimizə, tarixi şəxsiyyətlərimizə çamur atır, onlar haqqında böhtanlar uydururlar. Təəssüfedici məqam bundan ibarətdir ki, tarixi saxtalaşdıranlar öz iddialarında rus, erməni mənbələrinə, arxiv “sənəd”lərinə istinad edirlər. Azərbaycan qaçaqçılıq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcər haqqında irəli sürülən ittihamlar da əks-təbliğat kampaniyası sırasında yer alır.
Qaçaq Nəbi, Həcər nəslindən olan, əvvəllər Türkiyədə, hazırda isə Avstraliyanın Melburn şəhərində yaşayan Mehmet Elturan Publika.az-a müsahibəsində bütün qadın qəhrəmanımız haqqındakı bütün böhtanlara tutarlı cavab verdi:
O bildirdi ki, babasının valideynləri Azərbaycandan təxminən 100 il öncə Türkiyəyə köçüblər: “Qaçaq Nəbinin oğlu Əhməd babamın atasıdır. Əhməd bəyin 3 övladı olub: - iki oğlan, bir qız. Əhməd bəyin 8 nəvəsi olub. Bəziləri dünyasını dəyişib, bəziləri Türkiyədə və dünyanın başqa-başqa yerlərində yaşayırlar.
Nəbinin oğlanları Əhməd və Xəlilin məzarları Türkiyədədir. Xəlil bəyin nəticələri ilə əlaqələrimiz var”.
Əhməd bəy qardaşı Xəlillə, eləcə də qohumlarıyla birlikdə 1915-ci ildə, qaçaqaç vaxtı, gərgin dönəmdə Türkiyəyə gəlib: “Həmin illərdə doğum qeydiyyatı dəqiq deyildi. Buna görə də qohumlarım doğum tarixlərini doğru-dürüst bilmirdilər. Həmin vaxt Nəbinin nəvəsi – babam Mehralı 3-4 yaşlarında olub. Nənəm də təxminən bu yaşda imiş”.
O dönəmdə Qars ruslar tərəfindən işğal edildiyindən Nəbinin oğlu Əhməd yaxınları ilə Türkiyəyə Ağrıdağdan keçiblər: “Qars rus işğalından qurtulduqdan sonra İğdırdan bura köçüblər. Onlar orada yaşadı və biz də orada dünyaya gəldik.
Sənədlərdə Nəbi və Həcər babamın atasının valideynləri kimi qeyd edilib. Qeydlər isə 1925-ci ildə aparılıb.
Mən sizə danışdıqlarımı babamdan və nənəmdən eşitmişəm. Onlar bu haqda danışanda 11-12 yaşım olardı. Söyləyirdilər ki, Həcər 1860-cı ildə Qubadlının Yuxarı Mollu kəndində doğulub. Biz həmin kəndi Molla adlandırırıq. Nəbi, əsasən, Naxçıvan və Zəngəzur qəzalarında mübarizə aparıb.
Babam danışardı ki, onun qəhrəmanlığı Cənubi Azərbaycana da yayılmışdı. Rus hökuməti və yerli bəylər illlər boyu onun dəstəsini məhv etməyə can atıb. Babamın babası olan Nəbi pusquya düşərək öldürülüb.
Babam danışırdı ki, Həcərlə yanaşı, bacısı Mehri xanım da Nəbinin zülmkarlara qarşı mübarizəsində fəal iştirak edib“.
Həcər isə 1914-cü ildə Aşağı Mollu kəndində dünyasını dəyişib: “O ki qaldı Həcərin guya erməniyə ərə getməsi məsələsinə… Təəssüf ki, əri Nəbi ilə birlikdə əlinə silah götürüb illərlə döyüşmüş qadın haqqında ən çirkin böhtanları yağdırırlar.
66 yaşındayam. Övladlarım, nəvələrim, nəticələrim var. Yalan danışmaq mənə yaraşmaz. Nənəmin, babamın, habelə ata-anamın Nəbi və Həcər haqqında söhbətləri zamanı belə bir şey eşitməmişəm. İkincisi, heç Həcərin erməniyə ərə getməsinə imkan da yox idi. Nəbi qətlə yetiriləndə övladları təxminən 15 yaşında olardı. Belə olan halda Həcər necə ərə gedə bilərdi?
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, onların bir qız övladı da olub. Əhmədlə Xəlil mübarizəni dağlarda davam etdiriblər. Lakin qız kiçik olduğundan Həcər nənəmlə birlikdə qalırmış.
Nənəm xəstəlikdən dünyasını dəyişib. O öldükdən sonra iki oğlu Türkiyəyə gəlib. Amma qızın başına nə gəlməsindən, onun sonrakı taleyi haqda dəqiq heç nə bilmirik. Babam onun ermənilər tərəfindən qətlə yetirildiyini deyirdi. Danışırdı ki, onlar Nəbinin qisasını qızından alıblar. Amma bu haqda dəqiq məlumata malik deyilik”.
Mehmet bəyin sözlərinə görə, Həcərin erməniyə ərə getməsi haqda böhtanlar məqsədli kampaniyadır: “Erməniyə qarşı döyüşmüş şəxs düşmənə necə ərə gedə bilər? Bu, iftiradır, böhtandır, yalandır. Niyə Həcərə sahib durmuruq? Nə üçün belə çirkin kampaniya aparanları susdurmursunuz?
Axı nə üçün tariximizi rusun, erməninin öhdəsinə buraxırıq? Bu insanlar bizim üçün savaşmadımı?
Bu işi onların öhdəsinə buraxdığımızdan Həcərin də həyatını o cür ləkələyiblər: “Mən artıq bu böhtanlardan iyrənirəm. Qaçaqçılıq hərəkatının fəal üzvü, qəhrəman qadın haqda belə demək şərəfsizlikdir. Axı Həcər bir vaxtlar Nəbinin mübarizə apardığı, Azərbaycan xalqının düşməni sayılan erməniyə niyə ərə getməliydi? Həcər kimi qadın bunu necə edə bilərdi? İki gənc oğlu olan, yaşlı qadın belə addım atardımı? O, Nəbi ilə 20 ildən çox çiyin-çiyinə mübarizə aparıb”.
Müsahibim bildirdi ki, indi onun Həcərə böhtan atan ermənipərəst “araşdırmaçıları” susdurmaq imkanı yoxdur: “Təəssüf ki, Azərbaycandan çox uzaqlardayam. Əgər orada yaşasaydım, Həcərə böhtan atan ünsürlərin cavabını verərdim.
Oğlanlarının yaşı 15-dən çox idi. Əhmədin oğlu - babam həmişə deyirdi ki, atam dağlarda savaşırdı”.
İndi Həcərlə Nəbinin nəslinin onlarla davamçısı Türkiyədə yaşayır: “Onlarla əlaqə saxlayıram. Hər biri bütün bunlardan narahatlıq keçirdiklərini bildirirlər. Təəssüf ki, son günlər Azərbaycanda da Həcər barəsində böhtanlar yayımlanır. Biri yazır ki, guya erməniyə ərə gedib. Digəri onların övladının olmadığını iddia edir. Bu yalanlar ortaya çıxanda 50-yə yaxın insan mənə zəng etdi, məktub yazdı. Xahiş etdilər ki, bu məsələlərə aydınlıq gətirim. Bütün bunlara heyrətləndim. Bizim xalqın düşmənləri qadına böhtan atırlar, bizimkilər isə buna şərik çıxırlar. Axı bu qadına niyə ləkə yaxırlar? Ondan nə istəyirlər?”
Nəbi və Həcər haqqında dolğun məlumatları atasından və babasından aldığını deyən Mehmet Elturan Nəbiylə Həcərin nəvəsinin 90-cı illərdə dünyadan köçdüyünü bildirdi: “Babam Mehralı 1991-ci ildə 80 yaşında vəfat etdi. Lakin bu yaş da dəqiq deyildi, təxmini rəqəm idi. Çünki o vaxtlar vəziyyət fərqli olduğundan sənədlər it-bata düşüb, qeydiyyat olmayıb. Həmin səbəbdən də babamın yaşı dəqiq deyildi.
Babam danışırdı ki, atası Əhməd bəylə acı günlər yaşayıblar. Xəstəliklər, erməni qətliamları onun şahidi olduğu şeylərdir.
Yeri gəlmişkən, maraqlı faktı nəzərinizə çatdırım: nənəmin – yəni Əhmədin həyat yoldaşının doğum günü 1859-cu il kimi qeyd edilib. Sənədlərdə qeyd edilib ki,1926-cı ildə onun övladı olub. 1859-cu ildə anadan olmuş qadın 1926-cı ildə dünyaya “uşaq gətirir”. Guya 67 yaşında. Axı bu ola bilməz. Deməli, köhnə tarixlə yeni tarix qarışıb”.
Nəbi və Həcər haqqında nənəsi və babasından, valideynlərindən eşitdiklərini danışan Mehmet Elturan vurğuladı ki, SSRİ Türkiyə üçün qapalı olduğundan Türkiyə də bu imperiya üçün qapalı idi: “1992-ci ildə Türkiyədə vəzifəyə təyin olundum. 2000-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rəsmisi kimi Azərbaycana səfər etdim. Sizin ordunun, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının qonağı oldum. Bakıda generallara dedim ki, Azərbaycan mənim vətənimdir. Babalarım burada yaşayıblar. Həmin vaxtlar gördüm ki, Nəbinin, Həcərin Azərbaycanda heykəlləri, fotoları var. “Atları yəhərləyin” filminə də Azərbaycanda baxdım. Onların həyatı haqqında çəkilən filmdə guya övladlarının olmaması vurğulanır. Təbii ki bu, yalandır. Lakin filmin sovet dövründə çəkildiyini də nəzərə almalıyıq. Bakıda olanda mənə dedilər ki, həmin dövrdə filmi qəsdən belə çəkdilər ki, kimsə ermənilərə qan uddurmuş Nəbinin nəvə-nəticələri ilə maraqlanmasın”.
Ermənilər “Atları yəhərləyin” filminin çəkilişinə, ssenarisinə müdaxilə ediblər, təzyiq göstəriblər: “İndi yağdırılan böhtanlar təkcə onlara deyil, həm də bizə qarşı yönəlib”.
Anar Tağıyev
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var
-
Səhiyyə23 Dekabr 22:00
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - YENİLƏNDİ