"Onunla boçkalarla pivə içmişik" – Prezidentin şəxsi tərcüməçisi
Bizi izləyin

Xüsusi

"Onunla boçkalarla pivə içmişik" – Prezidentin şəxsi tərcüməçisi

Publika.az şair və Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməçisi Xaqani Qayıblı ilə müsahibəni təqdim edir.

- Xaqani bəy, söhbətimizə Qaraçöp mahalının Ləmbəli kəndindəndən başlayaq. Oralara gedirsinizmi?

- “Qaraçöp” deyiləndə mənim üçün axan sular durur. Söhbətimizə doğulub, boya-başa çatdığım el-obadan başlamağımız ürəyimcə oldu. Oralara getmək nə demək, mən o yerlərlə nəfəs alıram. Əlimə fürsət düşən kimi soluğumu Tallin-Tiflis uçağında alıram. Qazandığım hər bir uğuruma görə Qaraçöpə və qaraçöplülərə borcluyam...

- Orda kimləriniz var?

- O yerlərdə ata-anamın özüm üçün ən müqəddəs ziyarətgah bildiyim məzarları var, hər birinin xətrini dünyalar qədər istədiyim istiqanlı eloğlularım və qohum-əqrəbalarım var... Və bir də dünyada bütün sirlərimi bilən yeganə adam var – kiçik qardaşım Vidadi. Çox xoşbəxtəm ki, indi həm də o kişi ilə qonşuyam – keçən il ata yurdumda, Vidadinin evinin böyründən ev tikmişəm. Evin içinin işləri yekunlaşmaq üzrədir. İnşallah, tam hazır olandan sonra dostlarla bir açılış etmək istəyirəm. Dostlar arasında səni də görmək xoş olardı.

- Bəs Qazaxla sizi nə bağlayır?

- Orta təhsilimi Qazaxda başa vurmuşam. Yəni səkkizinci sinifdən sonra Qaraçöpdən Qazaxa getmişəm. Həm də anam indi Ağstafanın ərazisində olan Muğanlı kəndindəndir. Əslində, onlarla alim, Baba Mahmudoğlu, Vidadi Babanlı, İsa Muğanna kimi nəhənglər yetişdirən kəndə el arasında Şıxlı Muğannısı deyirlər. Çünki bu kəndin əhalisi Qazaxın Şıxlı kəndindən köçüb. Bu mənada harada qazaxlı görsəm, qanım qaynayır və ucdantutma hamısına ya xalaoğlu, ya da dayıoğlu deyirəm (Gülür).

Bunu bir dəfə rəhmətlik Vaqif Səmədoğluya deyəndə heç vaxt unutmayacağım ərkyanalıqla və məlum yapışıqlı səsiylə dedi ki, məndən sənə dayıoğlu olmaz, dayı olar. Sənə daha “bajoğlu” deyəcəm. Bundan əlavə mənim ata tərəfim də Qazaxdan gəlmədir. Hər halda Azərbaycanda nadir soyadlardan olan qayıbovları eşitmiş olarsan.

- Bildiyimizə görə, hazırda Estoniyada yaşayırsınız...

- Bəli, indi keçmiş Sovetlər Birliyinin tərkibində 50 il başını girələyən, bu günsə Avropa Birliyinin tam üzvü və ən aktiv ölkələrindən biri olan Estoniyada yaşayıram.

- Qaraçöp mahalı, Ləmbəli kəndi, Qazax, Şıxlı Muğannası... Bəs necə oldu ki, sonralar ömrü başqa bir ölkədə yaşamalı oldunuz?

- Artıq ömrümün yarıdan çoxunu bu ölkədə yaşamağımın səbəbi başlı-başına uzun söhbətdir. Amma mümkün qədər qısa danışmağa çalışacam. Demək, 1989-cu ildə məni AYB Moskvaya, Ədəbiyyat İnstitutuna göndərdi. Bu göndərişin səbəbkarı Vaqif Cəbrayılzadə idi... Həmin ilin payızında, elə söz vaxtına çəkər, oktyabrın sonlarında, o vaxtkı Tərcümə Mərkəzində, ruhu qarşısında hər zaman sayğı ilə baş əydiyim, rəhmətlik Aydın Məmmədov mənə dedi ki, dostum, Moskvada sən də alkaş olacaqsan, gəl səni Estoniyaya göndərək. Və beləcə mənim ömürlüyümdə yepyeni bir yol başladı - Estoniyada yaşamaq!

- Niyə məhz Estoniya?

- Bunun səbəbkarı isə indi İstanbulda yaşayan, samballı antropoloq Arif Acaloğlu oldu. Çünki o illərdə Arif bəy Tartu Universitetinin aspiranturasını yenicə bitirib gəlmişdi. Elmi rəhbəri dünyaca məşhur olan semiotik Yüri Lotman idi. Bir haşiyəyə çıxım... Xoşbəxtəm ki, iki il o kişinin mühazirələrini dinləmək imkanım olub. Azərbaycanda Lotmanı heç kim tanımasa da, Kamal Abdulla və Rüstəm Kamal çox gözəl tanıyırlar. Hə... Arif bəyin təşəbbüsü və yenicə yaradılmış Tərcümə Mərkəzinin xətti ilə “Şərqi Avropanın Oksfordu” adlanan 400 illik Tartu Universitetinə oxumağa gəldim.

- Maraqlıdır, Aydın Məmmədovla münasibətləriniz hansı səviyyədə idi? Dost olmusunuz?

- Məni Aydın Məmmədovla Arif Acaloğlu tanış etdi. Dostluğumuz yox idi. Sadəcə, məni tanıyandan və Arifin təşəbbüsündən sonra dedi ki, dostum, gəl səni Estoniyaya göndərək. Ola bilsin ki, Aydın müəllim xarakterindən gələn bir doğmalıq və məni daha da ürəkləndirmək məqsədi ilə “dostum” demişdi. Amma bu ifadə məni gerçəkdən də cəsarətləndirmişdi. Bu arada deyim ki, Estoniyada yazıb ərsəyə gətirdiyim dilçilik sahəsindəki kitabımın birini Aydın Məmmədovun işıqlı xatirəsinə həsr etmişəm.

- Aydın müəllimə niyə elə gəlirdi ki, Moskvada Ədəbiyyat İnstitutunda oxuyanlar “alkaş” olur? Kimlər onda bu fikri yaratmışdı?

- Təbii ki, 28 il əvvəlki məhdud məlumatlarım və təcrübəm əsasında Aydın müəllimin niyə o qənaətə gəldiyini heç cür izah edə bilməzdim. Ola bilsin ki, bu sözü ümumi Rusiya abı-havası kontekstində demişdi.

- Vaqif Cəbrayılzadə ilə əlaqələriniz varmı?

- Çox təəssüflər olsun ki, uzun illərdir sevimli Vaqif bəydən xəbərim yoxdur. Hətta bir neçə il bundan öncə Vaqif bəyin səhhətində nasazlığın olduğunu, hansısa bir yığıncaqda yıxıldığını eşidib “Vaqifləri yıxmayaq” adlı bir yazı da yazmışdım...

- Vaqif müəllim sizin şeirlərinizi bəyənirdi?

- Vaqif Cəbrayılzadə ilə ilk dəfə “Ulduz” jurnalının redaksiyasında tanış olmuşam. Xanəmirlə getmişdik. Yanılmıramsa, ya 87, ya da 88-ci il idi. Elə ilk tanışlıqdanca şeirlərimi götürüb “Ulduz”da dərc etmişdi. Bu, o dövrlərdə elə-belə, adi hadisə deyildi. Yəni, “Ulduz”un poeziya şöbəsinə başçılıq edən Vaqif Cəbrayılzadə ilk tanış olduğu gəncin şeirlərini götürüb çapa verir. Bir az bəlağətli səslənir, amma o dövrün dirsəyi dizdə, canı sözdə olanlarının hamısı nə demək istədiyimi çox gözəl bilir.

- O, niyə məhz sizi Ədəbiyyat İnstitutuna göndərmək istəyirdi?

- Tək məni deyil, həmin il Xanəmirə də təklif etmişdi.

- Estoniyada nə işlə məşğulsunuz?

- Müəlliməm, tərcüməçiyəm...

- Dolanışığınız necədir?

- Şükürlər olsun, dolanışığımdan narazı deyiləm. Heç zaman da narazı olmamışam.

- Hansı dilləri bilirsiniz?

- Dil bilmək başqa, danışmaq başqadır. Öz ana dilimi və eston dilini bilirəm. Bunlardan başqa 5-6 dildə danışa bilirəm.

- Bildiyimizə görə, Estoniya prezidentinin şəxsi tərcüməçisisiniz...

- Bəli, Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməçisiyəm. Ayrıca, gərəkdiyi təqdirdə türk dilli xalqlar xüsusunda məsləhətçisiyəm.

- Estoniyada rəsmi şəxs hesab olunursunuz?

- Belə demək mümkünsə...

- Və fəxri Estoniya vətəndaşlığı alan ilk türksünüz...

- Bəli...

- Hər halda Estoniyaya gedənlərin hamısı prezidentin şəxsi tərcüməçisi olmur. Bəs necə oldu ki, məhz siz belə bir vəzifəyə sahib oldunuz?

- Zarafatla desəm, hər Estoniyaya gedən də Xaqani Qayıblı deyil və bir ay yarıma eston dilini öyrənə bilmir... (Gülür) Estoniya müstəqillik qazanandan sonra ilk prezidenti seçilən və haqqında saatlarca danışa biləcəyim Lennart Meri ilə o, hələ prezident olmamışdan əvvəl tanış idim. Mənim eston dilini hansı səviyyədə bildiyimdən xəbərdar idi. Türkiyə ilə Estoniya arasında diplomatik əlaqələrin yarandığı günlərdə həmin yazıçı-prezidentin təlimatı ilə məni Prezident Aparatına dəvət etdilər və bir-iki proseduradan keçdim. Vəssalam.

- Estoniya mətbuatında yazılarınız çap olunur? Hansı mövzularda yazırsınız?

- Bir müddət Estoniyanın çox nüfuzlu və yetmiş beş min tirajla çıxan “Postimees” qəzetində jurnalist kimi fəaliyyət göstərmişəm.

- Orda da şairlərin, yazıçıların toplaşdığı bir məkan – dövlət tərəfindən maliyyələşən hansısa ədəbi qurum, çayxana, zirzəmi kafelər varmı?

- Burada heç bir yaradıcılıq qurumu dövlət tərəfindən maliyyələşmir. Şairlərin, yazıçıların və aktyorların toplaşdığı kafelərsə istənilən qədərdir.

- Xaqani bəy, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı... Bu fikri siz də öz həyat amalınıza çevirmisiniz? Yoxsa elə ölməyə də qərib ölkə yaxşıdır?

- Yox, Kəramət bəy, bu fikir mənim amalım olmadı. Əslində, kişi öz yerindən-yurdundan bircə addım da kənara çıxmamalıdır. Gəzib dolaşmaq, dünyanı görmək başqa, yaşamaq başqa! Mən məhz yaşamaq anlamında deyirəm ki, kişi öz ölkəsindən kənara çıxmamalıdır. Öncələr də demişəm, qürbətin mənə verdikləri aldıqlarının yanında bir qara quruşa dəyməz...

- Məsələn, Estoniya sizdən nə alıb?

- Nələr almadı ki... Urvatlı bir iş gördüyümdə atamın məmnunluqla mənə tuşlana biləcək qürurlu baxışlarını, anamın qollarının boynumdakı doyumsuz və heç bir sözlə ifadəsi mümkün olmayan təmasını, üzümdə dolaşan ilıq hənirtisini, dostlarla bir arada yaşana biləcək anların, görüşlərin mütəmadiliyini... Bu sözlər ilk baxışdan emosional ifadə təsiri bağışlaya bilər, amma inan ki, bunların acısını çox yaşamışam və yaşamaqdayam.

- Qayıdıb gəlib, işinizini, dolanışığınızı Azərbaycanda qura bilməzsinizmi?

- Təbii ki, qura bilərəm. Bununla yanaşı, qənaətimcə, insan həyatda yalnız iş qurmaq və dolanışıq tənzimləmək üçün yaşamamalıdır. Sənin kimi həssas bir insan bunu bilməmiş deyil. Mən inanıram ki, Azərbaycanda yaşasaydım, indikindən daha imrəndirici bir işim olardı. Və yaxud, kim bilir, bəlkə də olacaq.

- Sizi həm də şair kimi tanıyırıq. Prezidentin şəxsi tərcüməçisi olmaq şairliyinizi də əlinizdən aldımı? Yoxsa hələ də özünüzü şair kimi hiss edirsiniz?

- Birmənalı olaraq və təəssüflər olsun ki, bəli, şeir yazmağımı aldı. Amma deyəndə ki, aldı, bu heç də o mənanı vermir ki, mən qürbətdə olmasaydım, öz vətənimdə şair işləyəcəkdim. Belə şeylər mənə çox yaddır. Şairlik peşə deyil, sənət deyil, çörək ağacı deyil...

- Daha şeir yazmırsınız?

- Bax, elə məsələ də burasındadır... Daha şeir yazmamağa çalışıram. Yazılanlar isə artıq yazmaya bilmədiyim məqamlara yenik düşdüklərimdir.

– Günahkarı kimdir?

- Ortam! Öz “kruqunda” olmamaq!

- Maraqlıdır, eston və Azərbaycan insanlarının həyat tərzini müqayisə edəndə, ortaya hansı nəticələr çıxır?

- Müqayisəyə gəlməz dərəcədə uçurumlar meydana gəlir. Məsələn, estonlar aşırı dərəcədə fərdçidirlər. Bizdə isə kütləvilik dominant şəkildədir.

- Məsələn, necə fərdçidirlər? Adi bir faktla bunu göstərə bilərsinizmi?

- Birinci-ikinci kurslarda oxuyanda eston folklorunu toplamağa gedərdik və bu səbəbdən estonların yaşam tərzinə burada yaşayan yabancılardan fərqli olaraq, daha yaxından bələdəm. Məsələn, eston ana, uşağı bağrına basıb yatmaz, əmizdirdikdən sonra otaqda təkcə qoyub çıxar. Soruşanda ki, bəs birdən uşaq ağlayıb bağrı yarılar. Deyir, hiss edəcək ki, yanında kimsə yoxdur, instinktiv bir şəkildə öz başının çarəsinə baxacaq, qığıldayıb kiriyəcək.

Bu, artıq şəxsin formalaşmasında mühüm rol oynayır və sonucda bu olur ki, bir eston öz valideyinlərindən, deyək ki, pul istəməz, hər hansı bir iş üçün, işə düzəlmək üçün ağız açmaz və s.

- Sizə elə gəlmirmi ki, kiməsə ağız açmamaq üçün mütləq Estoniyada yaşamaq lazımdır?

- Xeyir, heç də elə deyil. Əslində, Azərbaycanda da bunu etmək mümkündür, amma indiki sterotiplərin varlığı buna imkan vermir. Mən bunu deməklə heç də Amerika filan kəşf eləmirəm.

- Bildiyimizə görə, siz yaxşı saz da çalırsınız. Sazı da şeir kimi unutmamısınız ki?

- Birincisi, mən şeiri tamamilə unutduğumu demədim (Gülür). İkincisi, sazı İbrahim İlyaslı məndən daha yaxşı çalır. Mən olsa-olsa bir-iki Borçalı havasını öz ağrılarım üstündə eydirə bilərəm.

- Estoniyada sazınız varmı?

- Bəli... Bu sazı özümə böyük qardaş bildiyim, yoxluğu zaman-zaman içimi göynədən Zəlimxan Yaqub 2001-ci ildə hədiyyə edib.

- Estonlar saza qulaq asır? Bu alətin simlərindən zövq alırlarmı?

- Təbii ki, zövq alanlar var... Ümumiyyətlə, estonlar çox musiqisevər millətdir – XIX əsrdən mütəmadi olaraq “Mahnı Bayramı” keçirirlər.

- Maraqlıdır, Estoniyanın küçələrində gəzdiyiniz yerdə qəfil Aşıq Ədalətin ifasını eşitsəniz, hansı hissləri keçirərsiniz?

- Yerimdə donub qalaram. Əlində ilgəyi qoparılmış qumbara tutan insanın duyğularını yaşayaram. Və bütün hallarda ifanı sonuna qədər dinləyərəm.

- Şəxsi tərcüməçisi olduğunuza görə Estoniya prezidenti ilə yəqin ki, tez-tez görüşürsünüz. Necə bir insandır? Onu xarakterizə edə bilərsinizmi?

- 1996-cı ildən bəri ən çox üç prezidentlə – Lennart Meri, Arnold Rüütel və Toomas Hendrik İlves ilə işləmişəm. İndiki Estoniyanın ilk qadın prezidenti olan Kersti Kalyulaydla isə bir-iki dəfə ayaqüstü görüşmələrdən başqa, elə ciddi bir işimiz olmayıb. Amma mənim ilk prezidentim Lennart Meri idi. O, həm də çox gözəl yazıçı idi. Eyni zamanda ipə-sapa yatmayan adam idi.

- Necə yəni ipə-sapa yatmayan adam?

- Bir dəfə Türkiyəyə rəsmi səfərimiz var idi. Öncə Ankarada rəhmətlik Süleyman Dəmirəllə görüşüb, bir-iki gün qaldıqdan sonra İstanbula getdik. Təxminən, 40-45 nəfərlik nümayəndə heyəti vardı. Atatürk hava limanından bütün nümyəndə heyətini bir avtobusla, yalnız prezidenti limuzinlə şəhərin mərkəzinə gətirdilər. Bəlli bir saatda İstanbulun “Dolmabaxça Saray”ı tərəflərdə Türkiyə-Estoniya Ticarət Palatasının açılışı olmalı idi. İstanbulun yol tıxacı da məlum... Dolayısıyla, prezident polis müşayətilə məkana zamanında çatmışdı, avtobus isə üç saat gecikdi. Gələndə gördüm ki, iki metr boyunda adam dəliyə dönüb. Estonlara xas olmayaraq, əlini-qolunu ölçə-ölçə deyinir. Məni görcək üstümə cumdu ki, bunlara de, bir daha məni heyətdən ayrı salmasınlar.

Səhərisi gün harasa getməli idik. Səhər yeməyindən sonra prezident mənim qoluma girib qulağıma pıçıldadı ki, bunlar məni limuzinə aparmaq istəsələr, qoyma. Nə isə... “Hilton” otelinin önündə, təsəvvür elə, cangüdənlər qabağımızı kəsib, Limuzinə buyurun, bu da böyrümdən yapışıb ki, amandır, məni qoyma orda oturtsunlar. Axırda dedim ki, abicim, buraxın adam öz istədiyi kimi harda istəyir orda da getsin, dünənki hadisədən gözü qorxub. Cavab nə olsa yaxşıdır?

- Nə?

- Bəyəfəndi, bu dəlimi? (gülür) Rəhmətlik çox kaloritli adam idi. Onun haqqında saatlarca danışa bilərəm.

- Lennart Meri yazıçı kimi də tanınır, əsərləri oxunurmu?

- Təbii, Lennart Meri Estoniyada bir yazıçı kimi çox tanınır və oxunur.

- İkinci prezidentiniz kim olub?

- İkinci prezidentim Arnold Rüütel tam bir Sovet adamı idi. Onunla çox da sərgüzəştlərim olmayıb, amma çox dəqiq adamdır. Növbəti prezident – Toomas Hendrik İlveslə isə hələ 1992-ci ildən tanış və dost idik. Prezident olmamışdan əvvəl də, indi də. İlves haqqında da çox maraqlı xatirələrim var...

- Mümkünsə, danışın...

- Bir dəfə 2006-cı il idi. O vaxt Estoniyada Azərbaycan səfirliyi yox idi. Azərbaycanın o zaman Latviyadakı səfiri, çox yüksək intellektə sahib, mənim də çox hörmət etdiyim Tofiq Zülfüqarov akreditə olmaq üçün etimadnaməsini Estoniya prezidentinə təqdim etməli idi. Və mənə zəng etdi ki, Xaqani müəllim, mümkünsə, təqdimetmədə siz də iştirak edin, çünki proseduranın Azərbaycan və eston dillərində olmasını istəyirəm. Baxmayaraq ki, Tofiq bəy ingiliscə çox mükəmməl danışır. Bu, ondan irəli gəlirdi ki, Tofiq bəy estonların öz dillərinə və mədəniyyətlərinə nə qədər yüksək qiymət verdiklərindən xəbərdar idi və diplomatik bir dildə çatdırmaq istəyirdi ki, biz də öz dilimizə və mədəniyyətimizə önəm veririk. Bu, Tofiq bəyin səriştəli diplomat olmasından qaynaqlanır. Nə isə... Rəsmi hissə başa çatdıqdan sonra biz üçlükdə, İlves, Tofiq bəy və mən, kofe içib hal-əhval tuturduq. İlves mənim uşaqlarım haqqında, onların təhsilləri barədə dostyana əhval-pürsanlıq edirdi. İlvesin mənimlə çox səmimi davranışı Tofiq bəyin diqqətini çəkdi... Bu zaman İlves çox arxayın bir görkəm alaraq, Tofiq bəyə xitabən dedi ki, biz Xaqani bəylə 1992-ci ildən tanışıq və boçkalarla pivə içmişik (Gülür). Tofiq bəy isə aşırı məmnunluqla mənə baxıb qımışdı...

- Xaqani bəy, şeir kitablarınız var?

- Hələlik üç kitabım var...

- Bakıya əsasən, nəyə görə gəlirsiniz? Darıxanda? Yoxsa vacib iş olanda?

- Hər ikisinə görə... İmkan olsa, ən çox darıxanda gəlmək istərdim.

- Bakıda dostlarınız kimlərdir? Gələndə kimlərlə görüşürsünüz?

- Xoşbəxtəm ki, hər təbəqədən, dövlət adamlarından tutmuş, elm adamlarına, şairlərə, rəssamlara, aktyorlara, nə bilim, lap belə restoran-kafe sahiblərinə qədər dostlarım var. Amma təəssüflər olsun ki, hər dəfə Bakıya gedib-gələndə hamıya vaxt ayıra bilmədiyim üçün qınanıram. Hətta bu səbəbdən küsən dostlarım da olur.

- Artıq bir neçə tərcümələriniz var. Vaqif Səmədoğlunun, Kamal Abdullanın əsərlərini eston dilinə çevirmisiniz...

- Bəhlul Abdullayevin “Halarvadı” adlı mifoloji bir əsəri var, onu da mən tərcümə etmişəm.

- Bu işi davam etdirmək barədə düşünürsünüzmü?

- Təbii ki... Ömür vəfa etsə, azərbaycanlı və eston şairlərin əsərlərindən ibarət iki şeir antologiyasını hazırlayıb çap etdirmək istəyirəm. Hazırda isə “Əli və Nino” əsərini tərcümə edirəm.

- Məsələn, cavan yazarlardan niyə tərcümələr etmirsiniz?

- Hansı cavanları?

- Sizcə, əsərləri eston dilinə tərcümə olunmağa layiq cavan yazarlarımız yoxdurmu?

- Hər halda var. Olmaz olurmu? Amma o cavanların mənim varlığımdan nə qədər xəbərləri varsa, mən də onların varlığından o qədər xəbərdaram.

- Son sualım... Estoniyada da kitab oxunmur?

- Estoniyada kitabın vəziyyəti çox gözəldir. Oxucu problemi kəsinliklə yoxdur...

Kəramət Böyükçöl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm