Bilgi.az
Öldürdüyü insanlara “siçovullar” deyirdi, çünki …. Müəmmər Qəzzafi
(Yazının əvvəli ilə burada tanış olun: O bədəvi oğlu: Müəmmər Qəzzafinin gerçək bioqrafiyası
http://publika.az/p/11987)
Qəzzafinin uşaqlığı ağır və məşəqqətli olduğundan bu təssüratlar onun həyatının digər dövrlərində də öz dominantlığını qoruyub saxlayırdı. Babası Məhəmməd yarımçöl Liviya səhralarında heyvan otararkən nəvəsinə həmişə Ömər Muxtarın inqilabından, onun italyan müstəmləkəçilərinə qarşı mübarizəsindən danışarmış. Balaca Müəmmərin təfəkküründə mübarizlik beləcə formalaşırdı. 6 yaşı olanda, birdən-birə Müəmmər oxumaq istəyir. Ata-ana təəccüblənir. 6 nəfərlik ailədə heç kəsin savadı yox idi. Müəmmərin təkidlə oxumaq istəməsi ailəsinə qəribə görünürdü. Amma psixoloqlar üçün bu, qəribə deyil... 9 yaşına kimi uşağın yalvarışlarına əhəmiyyət verilmir.
Babası onun "Quran"ı öyrənmək cəhdlərini görüb ürəyi sızlayır. Və öz payına düşən heyvanı sataraq Müəmməri məktəbə göndərir. Məktəb Sirt şəhərində idi. M. Qəzzafinin ən çox psixoloji sarsıntı keçirdiyi dövr burada olur. Təhsil illərində yerli məktəblilər həmişə onu ələ salır, dolayır, aşağılayırdılar. Onun sinif yoldaşı Miftəx Əli xatırlayırdı ki, biz üç nəfər idik. Çox kasıbdıq. Gecə gedib məsciddə qalırdıq. Çünki köçəri çadırları ilə o vaxt hələ qəsəbə olan Sirt arasında 30 km məsafə var idi. Hər həftənin şənbə günü Qəzzafi evlərinə piyada gəlir, bir həftəlik azuqə ilə ertəsi gün Sirtə qayıdırdı. Daha imkanlı şagirdlər tərəfindən aşağılanması Qəzzafidə adekvat psixoloji reaksiya doğurur. Bu cür hallarda insanda iki cür reaksiya ola bilər. İnsan qüvvətli tipdirsə, daha çox mübarizliyə doğru gedir, zəifdirsə, apatiyaya qapılır, geri çəkilir.
Qəzzafidə isə mübarizlik formalaşdı. Və bununlada o özünün üstün olduğunu sübut etməyə çalışdı. Ümumiyyətlə, Müəmmər Qəzzafi psixoloji cəhətdən özünü təsdiq üçün həmişə digərlərindən fərqlənməyə can atacaqdı. Özünü təsdiq və digərlərindən fərqlənmə keyfiyyəti həyatı boyu onu müşayiət edəcəkdi.
Sonralar o, qələmə alacağı "Üçüncü ümumdünya nəzəriyyəsi" ilə də digərlərindən fərqlənməyə çalışacaqdı. Ərəb birliyi ideyasını ortaya atanda da ərəb rəhbərlərindən fərqlənməyə çalışmışdı. Yaxud, Kipr hadisələri zamanı ABŞ Türkiyəyə embarqo qoyanda, o, Türkiyəyə kömək etməklə öz fərqliliyini sübut etməyə çalışmışdı. 2011-ci ilin fevral-mart aylarında Liviyada minlərlə etirazçı insanların qanını səhra çöllərinə tökdükdə də, yenə də digər ərəb diktatorlarından fərqlənəcəkdi. Qanına qəltan etdiyi bu insanlara da "siçovullar" deyəcəkdi.
Bax, budur Qəzzafinin psixoloji aspekti, psixoloji dəyərləndirilməsi.
Qəzzafiyə qarşı hərbi kampaniya başlananda bir çox ekspertlər ilk əvvəl elə güman edirdilər ki, digər ərəb liderləri kimi o da geri çəkiləcək. Dəfələrlə "dəhliz" açıldı ki, hakimiyyətdən çəkilsin. Ancaq onlar Qəzzafinin psixologiyasını anlaya bilməmişdilər...
Ona görə ki, Müəmmər Qəzzafi həyatı boyu bir neçə kompleksdən əziyyət çəkirdi. Bunlardan ən önəmlisi isə həmişə ona qarşı olacaq sui-qəsd fobiyası idı.
Qəzzafi hakimiyyətə gələndə adi "Folksvagen"də mühafizəsiz gəzir və arvadı ilə birlikdə yerli super-marketdən bazarlıq edirdi. Lakin sonra Liviya liderinin həyat tərzi kəskin dəyişdi. Qəzzafi kütlələrlə birbaşa əlaqəni minimuma endirdi və daimi yaşayış yeri kimi Əziziyyəni – Baş komandanlığın yerləşdiyi hərbi bazanı – onun iqamətgahı sayılan bədəvi çadır şəhərciyini seçdi.
Liviyalıların çox məhdud dairəsi öz liderini görürdü. Gücləndirilmiş postlar Qəzzafinin yerləşdiyi yerə hər hansı girişi yoxlayırdılar. Hər bir təhlükəsizlik işçisi də öz növbəsində, daimi olaraq fərdi izlənirdi. O, Əziziyyədən Tripoliyə gedəndə eyni vaxtda zirehli maşınların müşayiəti ilə iki-üç cərgə avtomaşın da tərpənirdi. Liviya çevrilişinin lideri Müəmmər Qəzzafinin hansı cərgədə olduğunu heç kəs bilmirdi. Belə bir prinsip polkovnikin başqa bir ölkəyə uçuşu zamanı da gözlənilirdi. Havaya iki təyyarə qalxırdı. Bomba qoyulub-qoyulmadığını yoxlamaq məqsədilə hər iki təyyarə uçuşdan qabaq səmada bir neçə saat dövrə vururdu.
1 sentyabr 1969-cu ildə Əl-Qüds əməliyyatı adı altında həyata keçirilən hərbi çevrilişdə (sonradan bu çevriliş "inqilab" adlandırılacaqdı) onunla bərabər iştirak etmiş bir çox hərbiçiləri həbs etdirəcək. Siyasətə dəvət etdiyi bir çox insanlara sonradan dözümsüzlük göstərib siyasi səhnədən sıxışdırıb çıxaracaqdı. Müəmmər Qəzzafinin hakimiyyətə gəlməyində və siyasi hakimiyyətinin möhkəmlənməyində xüsusi rolu olmuş Əbdül Səlim Cellud, Rifi əl Şərifi, Hüseyn Şərif, Məhəmməd Zulm, Məhəmməd Xəlil, Hadi Fədl və sairələrinin də siyasi səhnədə qalmasına imkan verməyəcəkdi. Bütün inqilabçı dostları ilə qarşı çıxdığı monarxiya rejimində olduğu kimi hakimiyyəti öz oğlu Seyfül-İslam Qəzzafiyə ötürməyə cəhd edəcək və dövlətin əsas mənbələrini öz övladları arasında bölüşdürəcəkdi (Qəzzafinin birinci nikahından Əhməd adlı oğlu dünyaya gəlmişdi.
Qəzzafinin birinci xanımı Liviya monarxı İdris Sənusi dönəminin təhlükəsizlik nazirinin qızı Fatimə idi. Bir müddət keçdikdən sonra oğlunu özündə saxlayaraq onu boşayır. Polkovnikin tənhalığı uzun çəkmir. Boşandıqdan iki ay sonra subaylığına son qoyulur. O, ömrünün sonuna qədər birlikdə yaşadığı, hərbi qospitalın tibb bacısı Şafiyə ilə evlənir. Qəzzafinin bu nikahdan bir qızı, beş oğlu dünyaya gəlir. Seyfül-İslam Qəzzafi Safiyədən olan oğlu idi-müəllif).
Artıq xalqa müraciətləri zamanı isə özünün adi bir insan olmadığını, Allah tərəfindən "seçilmişlərdən" olduğunu iddia etməyə başlamışdı.
Bax, Müəmmər Qəzzafinin əsl psixoloji durumu burada üzə çıxır.
Əslində bu hal bütün diktatorlara məxsus olan bir keyfiyyət idi. Hamıya və hər şeyə şübhə ilə yanaşan diktator, bir qayda olaraq, heç kimlə yaxın ola bilmir və tez-tez tənha qalır.
Diktatorlar daha çox iki pozuntudan əziyyət çəkirlər: Peyğəmbərlik iddiasına düşməkdən və hamıya və hər şeyə şübhə ilə yanaşmaqdan. Peyğəmbərlik iddiası real hadisələr əsasında yaranır və gərgin emosionallıqla müşayiət olunur. Diktatorun düşüncəsində bu mübtəlalıq hökmran mövqe tutur. Qəzzafi özünü "ərəb dünyasının məsihi, Məhəmməd (ə.s.) peyğəmbərin, İsanın və Musanın işlərinin davamçısı" elan edirdi.
Peyğəmbərlik iddiası – sərsəmləmə və səhv fikirlər arasında orta vəziyyətdir. Belə bir mübtəlalıq psixi xəstəlik olmasa da, lakin anormal hal hesab olunur.
Uydurma peyğəmbərlər isə həmişə eyni şeyi müxtəlif formalarda dəyişərək daima təkrarlayırlar. Öz fikirlərini həmişə təkrar-təkrar rəiyyətinin şüuruna yeritməyə çalışırlar.
"Tarixi missiya" yerinə yetirən uydurma peyğəmbərlərə qarşı kütlələrdən tam sədaqətlilik gözlənilir. Milyonlarla insanın sərbəst düşüncəsinin təhriki üçün KİV-in köməyi ilə təbliğat həyata keçirilir.
Hər şeydən əvvəl özləri haqqında bu obrazı yaradan diktatorlar onlara qarşı söylənən iradlarla hesablaşmır və daima hadisələri təhlil edirlər. Diktatorun fikrindəki bu hisslər hökmran səciyyə daşıyır və onları amansız qisasçıya çevirir.
Onların ikinci psixoloji problemi paranoyyadır. Başqa sözlə, o, həmişə hər kəsə və hər şeyə şübhə ilə yanaşan məxluqa çevrilir.
Diktatorun daxili təəssüratları, hissləri və duyğuları xarici müşahidələrdən kənarda qalır, onlar digər insanlara yaxınlaşmağa meyilli deyillər və qapalı olurlar, bu, diktator şizofreniyasıdır. Bu cür insanlar özlərinə həddindən ziyadə əmin olub başqalarına şübhə ilə yanaşır və çox qürurlu olurlar.
Belə insanlar hər şeydən əvvəl, öz bacarıqlarını və əməyini çox yüksək qiymətləndirirlər. Həyati mübahisələrdə başqalarının fikirləri ilə hesablaşmır və hər zaman özlərinə haqq qazandırırlar. Razılaşmayanları isə özlərinin düşməni hesab edirlər. Məhz bu şizoidal tipli diktator xüsusiyyətləri Qəzzafinin tipi ilə üst-üstə düşürdü.
Adıgözəl Məmmədov
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO