16 il cəza alan gəncin anası şikayətçidir: "Polislər bizə dedi ki, narahat olmayın"
Bizi izləyin

Kriminal

16 il cəza alan gəncin anası şikayətçidir: "Polislər bizə dedi ki, narahat olmayın"

Bərdə rayon sakini Rəşad Fərhad oğlu İsmayılova hakim tərəfindən ağır cəza verilməsi iddia olunur.

Bu barədə redaksiyamıza müraciət edən Rəşad İsmayılovun anası Şəlalə İsmayılova bildirib.

Şikayətçinin sözlərinə görə, 2017-ci il fevralın 23-də axşam oğlu işdən evə gəlib:

“Həmin vaxt televzior ustası olan oğlumun 18 yaşı təzə tamam olmuşdu. Qonşu Tofiqə Əli qızı Əkbərova oğlumu görüb, deyib ki, televizorda, DVD-də problem var, gəl onları düzəlt. Oğlum da cavab verib ki, özümü narahat hiss edirəm, sonra gələrəm. Qadın oğlumu təkidlə çağırıb, oğlum da onun evinə gedib. Oğlumun orada ürəyi bulanıb, qaytarıb. Tofiqə ona nəsə deyib, oğlum da onu yumruqla vurub. Ustalarda şunurları təmizləmək üçün balaca cib rezakları olur. Həmin vaxt rezak oğlumun əlində olub. Tofiqənin bədəninə 4 yerdən rezakla cızıq atıb”.

Şəlalə İsmayılova bildirib ki, zərərçəkmişin bədənində sadəcə cızıq olub: “Yəni deşməyib, möhkəm kəsik olmayıb, bədənin daxilinə heç bir zərər yetirilməyib. Cızıq atandan sonra oğlum qorxub, onun evindən qaçıb. Qayınanamgilin kənddə evləri var, ora gedib”.

Şikayətçinin sözlərinə görə, sonradan Tofiqə Əkbərova polis çağırıb, təcili yardım gəlib: “Həmin vaxt oğlum orada deyildi. Tofiqə özü evdən çıxdı, təcili yardıma oturdu, xəstəxanaya getdi. Onun xəsarətlərinin sarğıya ehtiyacı yox idi. Bədənində qanaxma-filan da yox idi, vəziyyəti normal idi”.

Şəlalə İsmayılovanın bildirdiyinə görə, həmin gün oğlu Rəşad kənddən Bərdəyə, evlərinə qayıdıb: “Həmin gün oğlumu polislər saxladı, Bərdə rayon polis şöbəsinə apardılar. Polis şöbəsində bizə dedilər ki, bu, qonşu davasıdır, boş bir işdir, hər şey yaxşı olacaq, narahat olmağa dəyməz.

Polis şöbəsindən sonra iş Bərdə rayon prokurorluğuna keçdi. Prokurorluqda təcrübədə olan müstəntiq Araz Mahmudovun əlinə keçəndən sonra iş zərərçəkənin birinci ifadəsi, ilkin alınmış şahid ifadələri yoxa çıxdı. Tofiqə Əkbərova ilkin ifadəsini çəkiliş aparılmaqla vermişdi”.

Şikayətçi deyib ki, amma cinayət işi Bərdə rayon prokurorluğunun müstəntiqi Araz Mahmudova tapşırılandan sonra dəyişdirilib: “Belə məzmun yaradıldı ki, guya oğlum qabaqcadan böyük bıçaqla silahlanıb, Tofiqə Əkbərovanın qapısına gedib, deyib ki, televizora, yoxsa DVD-yə baxmalıyam? Qonşu guya qayıdıb ki, gecə vaxtıdır, get, sonra gələrsən, oğlum deyib, yox, indi baxmalıyam. Guya oğlum bu işdə dirənib, qonşu da onu içəri buraxıb. İçəridə oğlum Tofiqədən qızılları istəyib. Bu zaman oğlumu evdən qovmaq istəyib, oğlum onu döyüb, iki dəfə bıçaq zərbəsi vurub. Həmin zərbədən ikisi guya dərinə işləyib, digərləri dərinə getməyib. Belə bir ifadəni müstəntiq Tofiqə Əkbərovaya yazdırdıb.

Bu izahatdan sonra şahid ifadələri yoxa çıxdı. Bir nəfər uydurma şahid ortaya qoyuldu, o da zərərçəkənin qardaşıdır. Guya zərərçəkənin qardaşı da orada olub, hadisənin şahidi olub, al-qanın işində Tofiqə Əkbərovanın qucağına alıb, xəstəxanaya çatdırıb. Halbuki belə bir fakt yerli-dibli olmayıb”.

Şikayətçi qeyd edib ki, Bərdə rayon prokurorluğu istintaq zamanı onlara və vəkillərə heç bir məlumat vermədən cinayətini işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Bundan sonra vəkillə danışdıq, dedik ki, bu iş böyüyür, bunun axırı necə olacaq? Vəkil bizə deyirdi ki, narahat olmayın, bu iş boş işdir, qonşu davasıdır, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə getməsindən narahat olmayın. Biz də arxayınlaşdıq.

Oğluma hökm oxundu, müstəntiqin yazdıqları hökmə köçürüldü. Hökmdə qeyd olundu ki, oğlum guya qonşunun evinə quldurluq məqsədilə gedib, onu öldürməyə cəhd edib, öldürə bilməyib, amma ağır xəsarətlər yetirib. Oğluma 16 il cəza verildi”.

Şəlalə İsmayılovanın bildirdiyinə görə, Gəncə Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət ediblər: “Ali Məhkəmədə işə baxan hakimlər qeyd etdilər ki, ibtidai istintaq orqanının verdiyi maddələr üzrə hökm doğrudur. Amma bizim əsas tələbimiz maddələrin yanlış olmasıdır. Çünki oğlumu ilk növbədə zərərçəkmişin özü ora çağırıb. Oğlum ona ağır xəsarət yetirməyib, heç yüngül xəsarət də yetirməyib”.

Şəlalə İsmayılova oğluna həddindən artıq ağır cəza verildiyini vurğulayıb: “Biz istəyirik ki, oğlumun cəzası azaldılsın. Əgər cinayət törədibsə, cəzasını almalıdır. Amma oğlu 16 il cəzalıq bir cinayət törətməyib.

Oğlum Rəşad İsmayılovun işinə yenidən baxılmasını istəyirəm. Bunun üçün Prezidentdən, Vitse-prezidentdən köməklik göstərməsini xahiş edirəm”.(Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm