ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
Bizi izləyin

Dünya

ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş

ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş

Xəbər verdiyimiz kimi, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İran arasında anlaşma memorandumunun imzalandığını açıqlayıb. Lakin bu memorandumun iki ölkə arasındakı müharibəyə son qoyub-qoymadığı sual altındadır.

Məsələ ilə bağlı Publika.az-a danışan irlandiyalı tarixçi və politoloq Patrik Uolş bildirdi ki, bu, hələ münaqişənin sonu demək deyil. O hesab edir ki, müharibə növbəti ilin yazında yenidən alovlana bilər:

“Müharibənin gələn yaz yenidən başlaması ehtimalı var. Bu vaxta qədər ABŞ öz raket ehtiyatlarını bərpa etmiş olacaq. Çünki bu müharibə nəticəsində ABŞ müəyyən mənada zəifləyib və regiondakı bir çox hərbi bazasını itirib.

Digər mühüm məqam isə Qərbin enerji ehtiyatlarının tükənməsi ilə bağlıdır və Trampın müvəqqəti fasilə verməsinin əsas səbəblərindən biri də budur. Enerji analitikləri bu vəziyyətin 1 iyula qədər kritik həddə çatacağını əvvəlcədən proqnozlaşdırmışdılar. Buna görə də Trampın bu qərarı məhz indi verməsi təsadüfi deyil.

Bunu boks yarışmasına bənzədirəm. Bu mənada İran, ABŞ və İsrail arasında gedən qarşıdurmanın ilk üç raundunda üstünlük əldə etmiş sayılır. Hazırda isə ən azı bir neçə aylıq fasilə yaranıb və bu müddət ərzində Barak Obamanın dövründə İranla bağlanan nüvə sazişini əvəz edəcək yeni bir sazişin hazırlanması gözlənilir”.

Ekspert bu prosesdə İsrailin mövqeyinə də toxundu. O qeyd etdi ki, İsrail bu gedişatdan qəti şəkildə narazıdır və ABŞ-ı yenidən müharibəyə cəlb etmək üçün əlindən gələni edəcək:

“İsrail yeni sazişə qəti şəkildə qarşı çıxır. O, xüsusilə İran olmaqla, regiondakı qonşu dövlətləri zəiflətmək və ya təsirsiz hala gətirmək niyyətindədir. Benyamin Netanyahu bu vəziyyətdən ciddi şəkildə narazıdır.

Əgər ABŞ-ı yenidən müharibəyə cəlb edə bilməsə, İsrail “kompensasiya” tələb edə bilər. Bu da Fələstin məsələsində daha sərbəst hərəkət imkanı və Livanda davam edən bombardmanlara göz yumulması kimi güzəştlər istəməsi deməkdir.

Bütün bu proseslər Donald Tramp üçün ciddi bir sınaq olacaq. Lakin məsələ hələ bitməyib, sadəcə yeni bir mərhələyə keçid edilib”.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm