Elm və təhsil
Məktəblilərə siqareti təbliğ edən "Dədə Qorqud" - Dərslikdəki BİABIRÇI SƏHV
V sinif Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib.
Dərsliklərdə yanlışlığa yol verilməsi zaman-zaman gündəmə gəlir. Hər dəfə texniki səhv, diqqətsizlik adı ilə bağlı açıqlama verilir. Lakin tarixi şəxsiyyətin əlində siqarla şəklinin dərslikdə verilməsi necə izah edilə bilər?
Tütün vasitələrindən istifadənin reklamı məhdudlaşdırılır. Lakin bir tərəfdən də dərsliklərdə tütündən istifadə açıq şəkildə təbliğ edilir. Özü də məktəblilərə...
Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bildirib ki, bunun səbəbi dərsliklərin ekspertizasının formal xarakter daşıması ilə bağlıdır:
“Təəssüf ki, bir çox dərsliklər, dərslik müəllifləri fərqinə varmadan şagirdlərə çox yanlış, zərərli şeyləri təbliğ edirlər. Onlar tariximizdə, mədəniyyətimizdə müstəsna xidmətlərə malik olan şəxslər haqqında uyğun olmayan şəkillər, fikirləri dərsliklərə gətirirlər. Bu, onu göstərir ki, Təhsil Nazırliyinin dərsliklərin seçilməsi üçün keçirdiyi ekspertizalar formal xarakter daşıyır. Son illərdə dərsliklərdə baş verən qüsurlar Təhsil Nazirliyinin bu məsələyə qeyri-ciddi yanaşmasından xəbər verir. Ortaya problem çıxanda isə bunu müəlliflərin üzərinə atır, özünü kənara çəkir. Halbuki, dərslikdə baş verən istənilən qüsura, yanlışlığa görə Təhsil Nazirliyi günahkardır, cavabdehdir. Çünki müəllif heyəti dərsliyi yazıb aidiyyəti üzrə Təhsil Nazirliyinə təqdim edir. Onlar isə işə qeyri-peşəkar yanaşırlar, dərslikləri qiymətləndirən ekspertlərin bilik və bacarıqları standartlardan aşağı olduğu üçün onlar yaxşı yoxlama apara bilmirlər və yekunda qüsurlu dərsliklər gələcəyimiz olan uşaqların önünə çıxarılır”.
Ekspert bildirir ki, dərsliklər üçün seçilən şəkillər, verilən informasiyalar şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil:
“Təhsil ocaqlarının inzibati binalarının tinlərində və yaxud həyətlərində, şagirdlər tərəfindən evlərdə keçirilən şənliklərdə, eləcə də ictimai yerlərdə apardığımız araşdırmalar, dövlət və qeyri-dövlət müəssisələrindən əldə etdiyimiz məlumatlara əsasən onu qeyd edə bilərik ki, yuxarı sinif şagirdləri siqaret çəkməyə cəhd edirlər. Məhz Təhsil Nazirliyi pulsuz olaraq orta məktəblərə verdiyi dərsliklərdəki şəkillərlə də bunu təbliğ edir. Bu kimi şəkillər şagirdləri pis vərdişlərə yönləndirir. Yəni bizim tarixi şəxsiyyətlərimiz siqaret çəkibsə, deməli, bu, zərərli deyil və olar. Lakin dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır”.
K.Əsədov hesab edir ki, dərslik məsələsi Təhsil Nazirliyinin tabeliyindən alınmalı, müstəqil quruma həvalə edilməlidir:
“Çünki aidiyyəti qurum bu vəzifəsinin öhdəsindən lazımınca gələ bilmir. Dərsliklərin müəllifləri də məsuliyyətli olmalıdır. Çünki onlar yazdıqları hər bir dərsliyin Təhsil Nazirliyi tərəfindən müsbət rəy alacağına vərdiş ediblər. Nəticədə vərdiş hissləri yoxa çıxıb. Məhz V sinif dərsliyində slavyanların bayrağı və bir neçə bu tipli məsələlər yanlış verilmişdi. Hər yoldan keçəni gətirib dərslik müəllifi etmək olmaz”.
Mövzu ilə bağlı Təhsil Nazirliyi və dərslik müəlliflərinin cavablarını yayımlayacağıq. Təbii ki, sorğularımıza cavab verdikləri təqdirdə.
Gülxar
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar