Elm və təhsil
Dissertantların qorxulu yuxusu – Professor çıxış yolunu göstərdi
Ölkəmizdə humanitar sahədəki indeksləşmiş məqalə nəşrini necə həll etmək olar? AAK tərəfindən haqlı olaraq qoyulan bu tələb bəzən etiraz və narazılıq doğurur. Azərbaycan aliminin xaricdə nəşr olunmaq tələbini ilk dəfə akademik Azad Mirzəcanzadə gündəmə gətirdi. Uzun illər boyu sovet dəmir pərdələrinin dünyadan təcrid etdiyi Azərbaycan alimi sanki öz elmi nailiyyətlərini xaricdə təbliğ etmək ehtiyacı duymurdu, baxmayaraq ki, həmin dövrdə də, az olsa da, dünyada tanınan alimlərimiz var idi.
Bəs alimlərimizin qorxulu yuxusuna çevrilmiş Clarivate Analitics-in (keçmiş Thomson Reuters) Web of Science databazasında indeksləşən məqalə tələbini necə həll etmək olar?
Burada bir neçə məsələni diqqət mərkəzində saxlamaq lazımdır:
1) Mövzunun dünya səviyyəsində aktuallıq məsələsi
Mənim fikrimcə, humanitar sahədə Web of Science-də indeksləşən məqalə tələbi ancaq dünyada maraq doğuracaq mövzular (bu mövzular artıq komissiya tərəfindən müəyyənləşir) qarşısında qoyula bilər. Konkret olaraq ədəbiyyatşünaslıq sahəsini götürək. Klassik ədəbiyyatımızın bir çox korifeyləri barədə araşdırmalar həmişə aktualdır. Klassik ədəbiyyatımızın görkəmli nümayəndələri barədə məqalələr yazıb onu xaricdə nəşr etdirmək həm də klassik irsimizə sahib çıxmaq kimi bir problemin həlli yolunda mühüm addım olar. Bu mövzuları işləyən dissertant və doktorantlar qarşısında xaricdə nüfuzlu nəşr tələbi qoymaq olar. Məs. Xaqanidən, Nizamidən, Nəsimidən, Xətaidən, Füzulidən, Molla Nəsrəddin jurnalından, Sabirdən, Caviddən yazıb, yəni bu cür əhəmiyyətli mövzularda tədqiqatlar aparıb dünyada tanınan məqalə ilə çıxış etməmək günahdır. Eləcə də, sırf nəzəri məsələlərə həsr olunan dissertasiyalar da dünyaya çıxış yolu tapsa, yaxşı olar. Amma yenə də tək Web of Science ilə kifayətlənməyib, alternativ variant kimi SCOPUS və ERIH PLUS-da indeksləşmə tələbi qoyula bilər.
Əgər humanitar mövzu lokal səviyyədə aktualdırsa və onun xaricdə maraq doğurmaq ehtimalı azdırsa, Rusiyanın, Türkiyənin və başqa ölkələrin özündə nüfuzlu sayılan nəşrlərlə də kifayətlənmək olar. Amma burada bir məsələni də nəzərə almaq lazımdır: Bu, lokal səviyyədə aktuallığı olan mövzularla irəli çıxan kadrların gələcəkdə fürsətdən faydalanıb yenə də bu cür mövzularla daha da irəliləməsinin qarşısına sədd çəkilməsidir. Lokal mövzu ilə PhD alan tədqiqatçıdan gələcəkdə, doktorluğunun mövzu aktuallığından asılı olmayaraq, mütləq Web of Science və SCOPUS indeksli məqalələr və istinadlar tələb olunmalıdır. Və yaxud, lokal mövzu ilə doktorluq alınıbsa, onda AMEA-nın müxbir üzvlüyünə və akademikliyə sənəd zamanı onların qarşısında indeksli məqalə tələbi qoyulmalıdır. Ümumiyyətlə, akademik adının böyüklüyünü və əzəmətini nəzərə alıb, indeksli məqalə tələbini AMEA-da indidən reallaşdırmaq olar.
Qeyd edək ki, yuxarıdakı databazalarla yanaşı scholar.google –da əks olunma da əlavə bir göstərici kimi nəzərə alına bilər. Eləcə də JSTOR rəqəmsal kitabxanasında təmsil olunmaq da nüfuz göstəricisidir. Mənim fikrimcə, əgər bir şəxs artıq cəmiyyətdə özünü doğrultmuş bir alim kimi tanınıbsa və onun əsərlərinə scholar.google-da istinadlar varsa, həmin dissertantın müdafiəsini indeksləşən məqalə səbəbindən gecikdirmək düzgün olmaz.
Məlumdur ki, humanitar sahədə sitat indeksi yüksək olmadığından, bəzi nüfuzlu jurnalların belə Web of Science-də təmsil olunmaması mümkündür. Bu zaman jurnalı nəşr edən institutun nüfuzu, onun hakəmli (qoşa anonim rəyli, double-blind peer review) olması vacib şərtdir.
2) Problemin maddi tərəfi
Mənim fikrimcə, müvafiq müəssisələrdə hər bir dissertanta və doktoranta məqaləsini xarici dilə tərcümə etdirmək üçün birdəfəlik kompensasiya verilə bilər.
Nəşrlər məsələsində əsas problem Predatory (hərfi mənada “yırtıcı” və ya “qəsbkar”) jurnallardır. Pulla məqalə nəşr edən bu jurnallar ciddi nəşr kimi qəbul oluna bilməz. Predatory jurnallar məqalələri qoşa anonim rəy əsasında deyil, pul müqabilində nəşr etdiyindən, dünyada ciddi qarşılanmır. Həmin jurnalların siyahısı müvafiq müəssisələrin (məs. AAK-nın, AMEA-nın ) saytında yerləşdirilə bilər. Bu, dissertantların “məqalə biznesi” qurub işbazlıq edən şəxslər tərəfindən aldadılmasının qarşısını alar.
Sonda qeyd etmək istərdim ki, təkcə indekləşmiş məqalə ilə alimlik iddiası etmək olmaz. Sözsüz ki, birinci yerdə dissertasiyanın səviyyəsi, plagiatdan uzaqlığı, elmi yeniliyi və əhəmiyyəti dayanır.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI