Verilən təhsillə alınan təhsil haqqı arasındakı FƏRQ - “İllik ödəniş çox, keyfiyyət isə...”
Bizi izləyin

Elm və təhsil

Verilən təhsillə alınan təhsil haqqı arasındakı FƏRQ - “İllik ödəniş çox, keyfiyyət isə...”

Ölkəmizdə ali təhsil müəssisələrinin təyin etdikləri təhsil haqları hər zaman müzakirə olunub. Pandemiyanın hökm sürdüyü bir vaxtda isə bu məsələ yenidən gündəmə gəldi. Dövlət aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarını bu müddət ərzində ödəyib. Ancaq bəzi təhsilalanlar ali məktəblərin illik ödənişinin miqdarının aşağı salınmasını və ya digər güzəştlərin tətbiq olunmasını istəyirlər.

Bu məsələ avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında da müzakirə olunub. İclasda deputat Erkin Qədirli bu məsələ ilə bağlı təklif səsləndirib.

O bildirib ki, Azərbaycanda təhsil haqları yarıbayarı azaldılmalıdır. Deputatın sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri azaldılırsa, vətəndaşların da təhsil xərclərinin azaldılması zəruridir.

Ölkəmizdə təhsil haqları ilə verilən təhsilin keyfiyyətinin nə qədər mütənasib olduğu, universitetlərin təyin etdikləri ödənişlərin nə dərəcədə uyğun olması ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Publika.az-a danışıb.

O bildirib ki, Azərbaycanda təhsil haqları heç də ucuz deyil: “Avropada yerləşən və dünyanın reytinq siyahısında ilk yüzlükdə yer alan universitetlərdə belə təhsil haqqı normaldır. Bizim universitetlərin nəinki yüzlüyə, minliyə düşəni belə barmaqla sayılası qədərdir. Avropanın dövlət ali təhsil müəssisələrində ödənişlər çox aşağıdır. Özəl universitetləri seçmək isə tələbənin maddi durumundan asılıdır. Düşünürəm ki, ölkəmizdə dövlət ali təhsil müəssisələrində ödənişlərin aşağı salınması məsələsinə mütləq baxılmalıdır. Ali təhsil müəssisələri təhsil haqqını müəyyənləşdirdiyi zaman müəyyən kriteriyalara söykənməlidir. Avropanın hansısa universitetində təhsil haqqı aşağıdır və təhsilin keyfiyyəti, universitetin reytinqi yüksəkdir. Ancaq ölkəmizdə sıradan, hətta regionda yerləşən universitetdə illik təhsil haqqı xeyli yüksəkdir”.

İ.Orucov vurğulayıb ki, universitetlərimiz çağırışlara mütləq cavab verməli, digər mənbələrdən gəlir əldə etməyi fikirləşməli və alternativ yollar axtarmalıdırlar: “Xarici universitetlərin təhsil haqqına diqqət edək. Məsələn, Belçikanın Löven Katolik Universiteti xarici tələbə üçün 1750 avro təhsil haqqı təklif edir. Bu təhsil ocağı dünya universitetlərinin reytinqində ilk 50-likdə yer alır və nəzərə alsaq ki, Avropada əməkhaqqı çox yüksəkdir. Öz ölkəsinin, Avropa İttifaqı ölkələrinin tələbələri üçün isə burada təhsil almaq 250 avrodur və daha az vəsait təklif edirlər. Xaricdə universitetlərin digər gəlir sahələri var. Artıq bu istiqamətdə işlərini görüblər və yalnız tələbənin verdiyi təhsil haqqı ilə məhdudlaşmırlar. Türkiyədə də ali məktəblərdə təhsil haqqı çox aşağı, təhsilin keyfiyyəti isə çox yaxşıdır”.

Ekspert qeyd edib ki, xarici universitetlərdə verilən təhsilin keyfiyyəti də yüksəkdir və əmək bazarı həmin ali təhsil müəssisəsinin diplomuna böyük önəm verir: “Bu, reallıqdır. Azərbaycanın hansısa ali məktəbinin verdiyi diplom dünyanın əmək bazarı üçün yetərlidirmi?! Bu baxımdan da təhsil haqları məsələsini həll etməyə ali məktəblərin öz muxtariyyəti var və onlara sərbəstlik verilib. Mütləq şəkildə ali məktəblərimizin rəhbərləri bu məsələyə yenidən baxmalıdırlar. Yalnız tələbənin verdiyi ödəniş hesabına bütün xərcləri qarşılamaq yanlışdır. Tələbələr etiraz edirdilər ki, təhsil haqqından azad olaq. Əlində bu, müəllimlərin maaşsız qalması deməkdir. Çünki universitetlərin başqa böyük gəlir mənbələri yoxdur. Onlar işlərini elə qurmalıdırlar ki, verilən təhsillə alınan təhsil haqqı arasında mütənasiblik itməsin. Dövlət nə lazımdırsa edir, ali məktəblər də dövlətin sosial yönümlü işlərinə dəstək olmalıdır. Müasir tələblərə cavab verən ali məktəblərimiz hələ yeni formalaşır. Onlar öz işlərini qurmaqda sərbəstdirlər”.

Qeyd edək ki, parlamentdə qəbul olunan yeni büdcə layihəsində təhsil sektoruna ayrılan xərclər 121 milyon manat azaldılıb. 2020-ci ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 155 milyon 797 min 681 manat müəyyənləşmişdi. Yeni layihədə isə bu istiqamətdə xərclər 3 milyard 34 milyon 767 min 819 manat göstərilib. Beləliklə, 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7 faizini təşkil edib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm