Energetika sistemində aparılan islahatlar öz bəhrəsini verir - Abdullayev
Bizi izləyin

Enerji

Energetika sistemində aparılan islahatlar öz bəhrəsini verir - Abdullayev

Prezident İlham Əliyev dünən Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya və yenidən qurulan “Şükürbəyli” yarımstansiyasının açılışında iştirak edib. Füzuli yarımstansiyası hava limanı və Şuşa yolundakı strateji obyektlərin, o cümlədən gələcəkdə məskunlaşacaq əhalinin elektrik enerjisi ilə təchiz edilməsində böyük rol oynayacaq.

Bu barədə Publika.az-a “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib. O bildirib ki, “Şükürbəyli” yarımstansiyası bir çox cəhətdən əhəmiyyətlidir:

“ “Füzuli” yarımstansiyası, o cümlədən “Cəbrayıl”, “Zəngilan” və “Qubadlı” yarımstansiyaları məhz “Şükürbəyli” yarımstansiyası ilə qidalanacaq. İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tamamilə yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Bildiyimiz kimi, Şuşada 110 kilovoltluq yarımstansiya ötən ay istismara verilib. Hazırda Zəngilan, Qubadlı və Cəbrayılda 110 kilovoltluq yarımstansiya tikilir ki, onlar üçün də əlavə xətlər çəkilir. Ağdamda da 2 yarımstansiya tikilir və onlar üçün 110 kilovoltluq yeni xətlər çəkilir. Həmçinin Kəlbəcərdə 110 kilovoltluq yarımstansiya üzərində işlər aparılır.

“Güləbird” su elektrik stansiyasında işlər başa çatıb və fevral ayında istismara verilib. Bundan başqa, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyasında da işlər tamamlanıb”.

Teymur Abdullayev qeyd edib ki, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi işlər görülüb:

“2018-2021-ci illərdə reabilitasiya proqramına əsasən 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılıb. O cümlədən ölkənin və Cənubi Qafqazın ən böyük su elektrik stansiyası olan “Mingəçevir” SES yenidənqurmadan sonra istismara verildi. Ümumilikdə 20 yarımstansiyada bərpa işləri aparılıb.

Hazırda 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyası da tikilməkdədir. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.

Bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq Azad İqtisadi Zonanın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər. Sözügedən stansiyanın bu ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub.

Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə energetika sistemində aparılan islahatlar sayəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, eyni zamanda regionun bir çox ölkələrinə enerji idxal edir. Bundan əlavə, Davos İqtisadi Forumunun nəticələrinə görə, Azərbaycan 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yeri tutmuşdu”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm