İqtisadi gündəm
Kəndli yaddan çıxdı: Azərbaycanda iri təsərrüfatlara 33 qəpiklik "dəstək" əti ucuzlaşdıracaq?
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək. Qərara əsasən, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 və daha artıq xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlarda hər heyvana görə 4 manat subsidiya ödənilməsi nəzərdə tutulur.
Qərarın əsas məqsədi heyvandarlığın və ət istehsalının inkişaf etdirilməsi, ətin qiymətinin aşağı salınmasına töhfə verməkdir. Lakin 20-30, 50 və ya 100 baş qoyunu olan kiçik kəndli təsərrüfatları bu dəstəkdən yararlana bilməyəcək. Bu isə dövlət dəstəyinə daha çox ehtiyacı olan kiçik təsərrüfatların niyə subsidiya mexanizmindən kənarda qalması sualını gündəmə gətirir.
500 və daha çox qoyunu olan təsərrüfatlara subsidiya verildiyi halda, 20-30, 50-100 baş heyvan saxlayan kəndli təsərrüfatlarının dəstəkdən kənarda qalması nə dərəcədə düzgündür? Niyə dövlət dəstəyinə daha çox ehtiyacı olan kəndlilər bu mexanizmə daxil edilməyib?
500 baş qoyuna görə illik 2 min manat subsidiya verilməsi ətin qiymətinin ucuzlaşmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran iqtisadçı Razi Abasbəyli bildirdi ki, nəzərdə tutulan dəstək mexanizmi Azərbaycanda maldarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynamayacaq.
Onun sözlərinə görə, əsas hədəf kiçik təsərrüfatların böyüdülməsi və onların böyük təsərrüfatlara çevrilməsi olmalıdır:
“Birinci növbədə, kiçik təsərrüfatların böyük təsərrüfatlara çevrilməsi hədəf kimi götürülməli idi. Ən azı 50, 100 və 150 baş xırdabuynuzlu heyvan saxlayan təsərrüfatların böyüdülməsi üçün müvafiq mexanizmlər işlənib hazırlanmalı idi.
Faktiki olaraq, nəzərdə tutulmuş subsidiyalar heç bir halda ölkədə maldarlıq təsərrüfatlarının inkişafına xidmət göstərməyəcək. Nəzərə alsaq ki, hər qoyun üçün ildə 4 manat subsidiya nəzərdə tutulub, bu, ayda təxminən 33 qəpik deməkdir. Bir xırdabuynuzlu heyvanın saxlanılması xərcləri fonunda ayda 33 qəpiklik dəstək heç bir rol oynamır”.

Ekspert qeyd etdi ki, subsidiyanın effektiv olması üçün ilk növbədə örüş sahələrinin formalaşdırılması və normallaşdırılması vacibdir. Onun fikrincə, torpaqların müvafiq analizləri aparılmalı, əkinə yararlı olmayan, istifadə dövrü bitmiş və ya dincə qoyulan əkin sahələri müəyyənləşdirilərək örüş sahəsi təyinatına çevrilməlidir:
“Bu mexanizmlər yerli bələdiyyələr və icra strukturları ilə birlikdə müəyyən edilməli, bundan sonra maldarlıq təsərrüfatlarının inkişafı ilə bağlı subsidiya təyin olunmalı idi. Birinci növbədə örüş sahələri formalaşdırılmalıdır ki, kiçik fermerlər təsərrüfatlarını böyüdə bilsinlər”.
İqtisadçı digər mühüm problemin yem təminatı olduğunu bildirdi:
“Azərbaycanda maldarlıq təsərrüfatlarının yem təminatı ilə bağlı güzəşt və ya dövlət dəstəyi nəzərdə tutulmur. Bununla yanaşı, dərman və heyvanların baxım xərcləri də təsərrüfatlar üçün ciddi maliyyə yükü yaradır.
500 baş qoyunu və 100 hektar örüş sahəsi olan fermerlərə ildə hər heyvana görə 4 manat, yəni ayda 33 qəpik subsidiya verilməsi, demək olar ki, aqrar sektora müsbət mənada heç bir təsir göstərməyəcək. Hökumət bu məsələ barədə yenidən düşünməli və mexanizmi daha da genişləndirməlidir. Məbləğ az olsa belə, mütləq kiçik təsərrüfatlara da subsidiya verilməsi mexanizmi hazırlanmalıdır”.
Razi Abasbəyli hesab edir ki, subsidiya yalnız xırdabuynuzlu heyvandarlıq təsərrüfatları ilə məhdudlaşmamalı, iribuynuzlu heyvandarlıq təsərrüfatlarını da əhatə etməlidir:
“Ətin qiymətinin sabit saxlanılması üçün yalnız inzibati mexanizmlər kifayət etmir və istehsalçıya real dəstək verilməlidir. Düzdür, hazırda aparılan iribuynuzlu heyvanların qeydiyyat sisteminə görə, ilkin doğuş zamanı birdəfəlik olmaqla, süni mayalanma üzrə müvafiq dəstək göstərilir. Lakin bu dəstək sonrakı dövrlərdə həmin təsərrüfatların saxlanılması və böyüdülməsi istiqamətində heç bir rol oynamır. Nəticədə iribuynuzlu maldarlıq təsərrüfatlarının da azalması statistikasını görürük”.

Ekspertin sözlərinə görə, Azərbaycanda həm iri, həm də xırdabuynuzlu maldarlıq təsərrüfatlarının genişləndirilməsi üçün “yuxarıdan aşağı” deyil, “aşağıdan yuxarı”, yəni kiçikdən böyüyə hədəf subsidiya mexanizmləri hazırlanmalıdır:
“O zaman biz hansısa inkişafdan, məşğulluğun artmasından və bazarda qiymətlərin enməsindən danışa bilərik. İndiki mexanizmlərlə isə heç nə dəyişməyəcək. Təəssüf ki, əksinə, onsuz da iri olan təsərrüfatların bir qədər də əlavə gəlir əldə etməsinə səbəb olacaq. Bundan başqa, bunun real bazar qiymətlərinə heç bir müsbət təsiri olmayacaq”.
Müəllif: Gülnar Süleymanova
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?







.jpg)
.jpg)



















.jpg)





.png)



