• USD 1,7000 0,00% EUR 1,8846 -0,16%
    • GBP 2,0621 +0,30% RUB 0,0254 -1,18%

Üzü gülən Azərbaycan sahibkarı, “dumanlı” Avropa, “Forbes”də “taxt çevrilişi”... - HESABAT

  • Hesabat
  • 25 Oktyabr 2015 10:15
  • 1 994 Baxış
Üzü gülən Azərbaycan sahibkarı, “dumanlı” Avropa, “Forbes”də “taxt çevrilişi”... - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi. Avropa Mərkəzi Bankı monetar ekspansiyanı davam etdirmək qərarı verdi. Çin elə də ürəkaçan olmayan iqtisadi göstəricilərini açıqladı, yunanlar kreditorlarla müzakirələrə başladı, Rusiya hökuməti böhrandan dad elədi.

Fond bazarlarında da vəziyyət sabit olmadı. İndekslər gah azaldı, gah da artdı. Nəhayət, həftə Amerika fond bazarında “Dow Jones” indeksinin 1,87% - 17 489,16 bəndədək, “S&P 500” indeksinin 1,66% -2 052,51 bəndədək, NASDAQ indeksinin 1,65% - 4 920,05 bəndədək artması, Avropa fond bazarlarında isə “FTSE 100” indeksinin 0,44% - 6 376,28 bəndədək, Fransa “CAC-40” indeksinin 2,28% - 4 802,18 bəndədək, Almaniya DAX indeksinin isə 2,48% - 10 491,97 bəndədək artması ilə tamamlandı.

İş dünyasına gəlincə, “Zara” mağazalar şəbəkəsinin banisi Amansio Orteqa bir neçə saatlıq Bill Qeytsdən zəngin oldu. Amma Orteqanın sevinci çox çəkmədi. “Forbes”in siyahısından sonra axşama yaxın maliyyə hit-paradında yenidən dəyişiklik qeydə alındı. Və Qeyts birinci pilləyə yüksəldi.

“Toyota” isə 6,5 milyon avtomobilini geri çağırdı.

Başlayaq Avropadan. Avropa Mərkəzi Bankı oktyabrın 22-də monetar ekspansiyanı davam etdirmək qərarı verdı. Bankın sədri Mario Draqi bildirdi ki, bu ilin yanvar ayında təsdiq etdikləri 1,1 trln. avro (1,25 trln. dollar) həcmində maddi aktivlərin alınması proqramını gələn ilin sentyabr ayına qədər və ondan sonrakı dövrdə də davam etdirəcəklər: “İnflyasiyanın daha çox düşmək riski var və inflyasiya qısamüddətli perspektivdə çox aşağı səviyyədə qalacaq. AMB neftin qiymətinin yaxın illərdə bir qədər artacağını ehtimal edib, Avrozona iqtisadiyyatının perspektivlərində isə yavaşlama tendensiyası riskini proqnozlaşdırıb”.

Yeri gəlmişkən, M.Draqinin bu açıqlamalarından sonra Avrozonada likvidliyin artması gözləntiləri avronun məzənnəsini aşağı saldı. Avro dollarla müqayisədə 1,3% azalaraq 1,1190 səviyyəsinə endi. Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırmağa başlaması ilə dolların avro ilə müqayisədə daha da güclənəcəyi proqnozlaşdırılır.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı Çində ölkənin iqtisadi vəziyyətini əks etdirən rəqəmləri açıqlandı. Məlum oldu ki, Mərkəzi Bank ötən ilin noyabrından başlayaraq faiz nisbətini 6 dəfə endirib. Eləcə də, bank son olaraq illik borcvermə faizini 25 bal salaraq 4,35 faizə çəkib. Ancaq defilyasiya mühiti Çini maliyyə bazarlarını stabilləşdirmək məqsədilə pul siyasəti alətlərindən daha sıx istifadə etməyə məcbur edir. Onu da bildirək ki, Çin hökuməti 2015-ci il üzrə 7 faizlik artım nisbəti hədəfləyir. Bu ilin üçüncü rübündə isə Ümumi Daxili Məhsulun artım nisbəti 6,9 faiz təşkil edib.

İspanlar isə artıq ikinci həftədir işsizliyin azalmasını bayram edirlər. Ölkədə işsizliklə bağlı rəqəmlər baş nazir Mariano Rahoyun vəzifəsinin icrasına başladığı 2011-ci ildən bu yana ilk dəfə aşağı düşüb. İşsizlik nisbəti bu ilin iyul və sentyabr aylarında son dörd ilin ən aşağı səviyyəsinə -21,2 faizə enib. Konkret olaraq işsizlərin sayı 5 milyon nəfərdən 4 milyon 900 min nəfərə qədər azalıb. Bununla belə ölkədə hələ də hər beş adamdan biri işsizdir. Dekabr ayında yeni seçkiyə hazırlaşan hökumət yenidən iqtidarı qazanmaq üçün 500 min məşğulluq yeri yaradacağını vəd edir.

Bir qədər əvvəl defolt təhlükəsi ilə qarşı-qarşıya olan Yunanıstan kreditorlarla yenidən müzakirələrə başladı. Lakin bu dəfə məqsəd Avropa Birliyi, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondundan (IMF) borc almaq deyil, hesabat verməkdir. Belə ki, adıçəkilən qurumların səlahiyyətliləri Yunanıstanda üçüncü iqtisadi qurtarma paketi ilə bağlı islahatların nəticələrini qiymətləndirəcəklər. Məhz bundan sonra qarşıdakı 3 il ərzində Yunanıstana 86 milyard avro həcmində kredit ayırıb-ayırmayacaqlarına dair qərar verəcəklər. Bu arada kreditorlar tapşırıqlarının icrasından razı qalsalar yunanlar elə oktyabrın 27-də ilk tranşı -2 milyard avronu əldə edəcəklər. Nəzərə çatdıraq ki, Yunanıstan parlamenti ötən həftə pensiyaların azaldılmasını, o cümlədən, təqaüd yaşının yüksəldilməsini özündə ehtiva edən yeni kəmərsıxma proqramını təsdiqləyib.

Həftənin daha bir önəmli hadisəsi oktyabrın 21-də Vyanada OPEC-in kartelin üzvü olmayan 8 hasilatçı ölkə (Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya) ilə məşvərətçi görüşü oldu. Tədbirdə Venesuelanın təşəbbüsü ilə neft hasilatının mərhələli şəkildə azaldılması yolu ilə qiymətin 70 dollara qaldırılmasının müzakirə ediləcəyi bildirilirdi.

Qeyd edək ki, OPEC ardıcıl olaraq artıq 16-cı aydır ki, gündəlik 30 milyon barellik rəsmi kvotadan artıq neft hasil edir. Kartelin üzvü olan ölkələr təklif bolluğunda neftin ucuzlaşmasından itirsə də, bazardakı mövqelərini itirməməyə çalışırlar.

Bu arada, İranın neft naziri Bican Namdar Zanganeh də neft qiymətlərinin 70-80 dollara yüksəlməsi üçün OPEC üzvü olan ölkələri hasilatı azaltmağa çağırıb. İranlı nazir deyib ki, qiymətlərin mövcud səviyyəsindən heç kim razı deyil, kartel hasilatı azaltmaqla bazarı idarə etmək qərarı verməlidir.

Oeyd edək ki, Azərbaycan sözügedən toplantıya qatılmadı. OPEC-in növbəti toplantısı isə dekabrın 4-də Vyanada olacaq. İclasda hasilat məsələsi müzakirə ediləcək. Zangadehin fikrincə, kartel hasilatı azaltmaq qərarını qəbul etməyəcək. Elə neft nazirinin özü də deyib ki, iqtisadi sanksiyaların ləğvindən sonra İran bir həftə içində neft ixracatını sutkada 500 min barel artıra bilər. Artıq bu gün-sabah İrana qarşı neft embarqosu götürüləcək.

Söz neftdən, hasilatdan düşmüşkən, ən böyük hasilatçılardan olan Rusiyada iqtisadi proqnozlar daha da pisləşib. Maliyyə naziri Anton Siluanov ölkənin hazırki iqtisadi durumunun 2008-2009-cu illərdəki vəziyyətə bənzəməyəcəyini deyib. Bildirib ki, uzun müddət çəkəcək iqtisadi çətinliklərə hazır olmaq lazımdır: “2008-2009 illərin tənəzzülündən sonra iqtisadiyyat qısa bir zamanda normal vəziyyətə qayıtmışdı. İndi belə olmayacaq. İqtisadi çətinliklər illər boyu çəkəcək”.

Neftin ucuzlaşması səbəbindən bu il Rusiya büdcəsinə daxilolmalar 2,1 trilyon rubl azalıb. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, IV rübdə Rusiya iqtisadiyyatının ümumi həcmi 3,9 faiz azalacaq.

İş dünyası

Başqasının pulunu saymaqdan asan nə var? Amerikanın iqtisadiyyat jurnalı “Forbes” dünyanın ən zəngin insanlarının yeni reytinqini açıqlayıb. İspaniyanın “Zara” paltar satış şəbəkəsinin sahibi Amansio Orteqa dünyanın ən zənginləri siyahısında ilk sıraya əyləşib. Beləliklə də ispan əsilli Orteqa “Microsoft” şirkətinin 59 yaşlı rəhbəri Bill Qeytsi taxtdan salıb. Qeyd edək ki, tərkibində “Zara”nın da olduğu “Inditex Qrup”un səhmlərinin dəyərindəki yüksəlişindən 4,6 milyard dollar qazanan Orteqanın sərvəti 80,4 milyard dollara çatıb. Sərvətinə 573 milyon dollar qatan Bill Qeyts isə 78,1 milyard dollarla ikinci olub. Üçüncü sırada 64,4 milyard dollarlıq sərvətə sahib amerikalı Uorren Baffet qərarlaşıb. Meksikalı Karlos Slim isə 62,5 milyard dollarla 4-cü olub. Xatırladaq ki, 4 il əvvəl Slim milyarderlərin siyahısına rəhbərlik edirdi.

Bu böhranlı günlərdə Yaponiyanın avtomobil istehsalçısı “Toyota” dünya üzrə 6,5 milyon avtomobilini geri çağırır. Səbəb də qapıların şüşələrinin elektron qurğusundakı səhv ehtimalıdır. Şirkətin açıqlamasına görə, 2005, 2006, 2008 və 2010-cu illərdə istehsal edilən 6 milyon 500 min maşının pəncərələrinin düymələri həddindən artıq qızaraq yanğın təhlükəsi yaradır. Açıqlamada, problemin “Camry”, “RAV4” və “Highlander” modellərində olduğu və təhlükəli maşınların təxminən 2 milyon 700 mininin Şimali Amerikada, 1 milyon 200 mininin Avropada, 600 mininin Yaponiyada, qalan 500 mininin isə digər ölkələrdə olduğu bildirilib.

Nəzərə çatdıraq ki, “Toyota” həmin qüsurun indiyə qədər hər hansı bir qəzaya səbəb olmadığını qeyd edib. Lakin pəncərə düymələrindəki hədsiz isinmə bir amerikalı müştərinin əlini yandırıb, 11 maşının qapı döşəmələrində yanıq əmələ gətirib.

Pulsuz təmir edəcək

Servislərdə qüsurun 45 dəqiqədə pulsuz təmir ediləcəyini bildirən “Toyota” şirkətin geriçağırma və təmir üçün 212 milyon dollar büdcə ayıracağını qeyd edib.

Səhmləri ucuzlaşmadı

6,5 milyon avtomobilə təsir edən zavod deffektinin “Toyota”nın bir il ərzində istehsal etdiyi avtomobillərin yarısından çoxuna bərabər olduğu diqqəti çəkib. Ancaq maraqlıdır ki, şirkətin Nyu-York Birjasındakı (NYSE) səhmləri bir sent də ucuzlaşmayıb.

Neft və dəniz daşımasında dünyanın ən böyük şirkəti -Danimarkanın “MAERSK” şirkəti 2015-ci il üzrə gəlir proqnozunu endirib. Şirkətin builki qazanc proqnozu daha əvvəl nəzərdə tutduğu rəqəmdən 540 milyon avro az olub. “MAERSK”in bu ilin ikinci rübündə gəliri illik əsasda 12 faiz düşərək 10,5 milyard dollar olmuşdu. Şirkət vəziyyətin sektorda yaşanan zəifləmədən qaynaqlandığını bildirir.

Azərbaycan

...Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Azərbaycan Prezidenti bir-birinin ardınca ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədi ilə fərman və sərəncamlar imzaladı. Hansı ki, ekspert rəylərinə görə, bu islahatlar qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq, orta və kiçik sahibkarlığın inkişafını stimullaşdıracaq.

Həftə ərzində “Star” neftayırma zavodu ilə bağlı tikinti işlərindən də xəbər çıxdı. Belə ki, “SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz layihə üzrə infrastruktur işlərinin 95 faizinin tamamlandığını bəyan etdi.

Yavuz 2018-ci ildə zavodun istehsala başlayacağını bildirdi. Məlum oldu ki, zavod ölkə iqtisadiyyatına illik 2-2,5 milyard dollar qənaəti təmin edəcək: “İndiyədək zavoda 2 mlrd. dollar məbləğində vəsait xərclənib. Bu ayın sonunadək zavod üçün avadanlıqların gətirilməsinə başlanılacaq. 2016-2017-ci illərdə avadanlıqlar quraşdırılacaq".

O ki qaldı zavodun Türkiyə iqtisadiyyatına töhfəsinə, K.Yavuz deyib ki, "Star" neft emalı zavodu idxal olunan məhsulların Türkiyədə istehsalını hədəfləyən layihədir: “Bu zavod təkcə "Petkim Neft-Kimya Holding"in rəqabət gücünü artırmayacaq, həm də Türkiyənin ehtiyacının qarşılanmasında önəmli rol oynayacaq. Türkiyənin dizel yanacağı idxalı yerli istehsaldan qat-qat çoxdur. Biz dizel, təyyarə yanacağı və mayeləşdirilmiş neft qazını (LPG) burada istehsal edəcəyik. Zavod hazırki neft qiymətləri ilə Türkiyə iqtisadiyyatına ildə 2-2,5 mlrd. dollar qənaət etməyə imkan verəcək".

Energetika naziri Natiq Əliyev isə Azərbaycanın enerji istehsalı ilə bağlı rəqəmləri açıqladı. Onun sözlərindən bəlli oldu ki, bu ilin 9 ayı ərzində Azərbaycanda 30 mln. 441,6 min ton proqnoza qarşı 31 mln. 409,5 min ton, yəni, 967,9 min ton çox neft hasil edilib.

Hasil olunan neftin 6 mln. 214,6 min tonu SOCAR-ın (proqnozdan 6,6 min çox), 23 mln. 533,7 min tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) (proqnozdan 871 min ton çox), 1 mln. 661,2 min tonu isə “Şahdəniz”in (proqnozdan 90,2 min ton çox) payına düşüb.

“Şahdəniz” yatağından hasil olunmuş 7189,0 milyon kubmetr qazdan 2315,4 milyon kub.m-i SOCAR-a, 4239,9 milyon kub.m-i Türkiyəyə, 519,7 milyon kub.m-i Gürcüstana nəql edilib.

Eləcə də, cari ilin 9 ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9728,8 milyon kub.m proqnoza qarşı 10402,8 milyon kub.m (yəni, proqnozdan 674,0 milyon kub.m çox) qaz resursu yaradılıb.

Məndən bu qədər…Hər birinizə uğurlu həftə sonu…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR