Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın edərək mərhələ adladı - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

İdman

Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın edərək mərhələ adladı - VİDEO/YENİLƏNDİ

"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu matçdan öncə Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib. Görüşdən öncə qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.

Oyuna gəlincə, start Qurban Qurbanovun baş məşqçi olduğu komanda üçün heç də uğurlu alınmayıb. Rəqib ilk hücumdaca hesabı açıb. Kristoffer Velde 20-ci saniyədə meydan sahiblərini məyus edib. Buraxılan qoldan sonra hücuma atılan “Qarabağ” futbolçuları ardıcıl bir neçə epizodda təhlükə yaratsa da, hesabı bərabərləşdirmək mümkün olmayıb. Əvvəlcə Elvin Cəfərquliyevin sol cinahdan ötürməsinin qarşısını müdafiəçilər kəsiblər. Ardınca isə Marko Veşoviçin fərqlənməsinə Artur Rudko imkan verməyib. 14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. Braziliyalı yarımmüdafiəçi cərimə meydançasının sol cinahından dəqiq zərbə ilə Poznan təmsilçisini məyus edib. 25-ci dəqiqədə “Qarabağ”ı əks hücumda yaxalayan polşalılar 2-ci topu vura bilərdilər. Lakin Mixal Skurasın zərbəsi qapıdan xeyli aralı keçib. Az sonra Borges cinahdan bir rəqibini keçib iti ötürmə versə də, topa toxunan olmayıb. 38-ci dəqiqədə Joel Pereyranın zərbəsini Şahruddin Məhəmmədəliyev qaytarıb. 42-ci dəqiqədə isə Filip Ozobiç qapıçıdan qayıdan topu tora daxil etməklə, hesabı “Qarabağ”ın xeyrinə dəyişib. Beləliklə, ağdamlılar fasiləyə üstün yollanıblar.

İkinci hissənin əvvəlində Azərbaycan çempionu 3-cü dəfə “Lex”i meydanın mərkəzinə dəvət edib. Rudkonun qaytardığı topu Kevin Medina qapıdan keçirib. Az sonra Maksim Medvedev rəqibin təhlükəli əks hücumunun qarşısını alaraq, Mikael İshakın qapıçı ilə təkbətək qalmasına mane olub. 70-ci dəqiqədə “Qarabağ” 4-cü qola yaxın olsa da, Ozobiçin cərimə zərbəsindən vurduğu topu Rudko çətinliklə dəf edib. 74-cü dəqiqədə Kadi Borges dubl edib. 26 yaşlı futbolçu bir neçə müdafiəçini aldadaraq, dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb. 3 dəqiqə sonra isə meydana yenicə daxil olan Abbas Hüseynov 5-ci topu rəqibin qapısından keçirib. Hesaba baxmayaraq, hücumlarını davam etdirən “Qarabağ” 81-ci dəqiqədə Kvabena Ovusunun fərdi ustalığı ilə hesabı artırmağa yaxın olub. Lakin qanalı hücumçunun zərbəsində azacıq dəqiqlik çatmayıb.

Beləliklə, cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

xxx

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-ci qolu rəqibin qapısından keçirib.

Publika.az xəbər verir ki, 78-ci dəqiqədə ikinci hissədə meydana daxil olan Abbas Hüseynov fərqlənib.

xxx

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qolu vurub.

Publika.az xəbər verir ki, Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.

xxx

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Lex” qarşılaşması davam edir.

Publika.az xəbər verir ki, 56-cı dəqiqədə Kevin Medina "Qarabağ"ın üçüncü qolunu vurub - 3:1.

xxx

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Lex” qarşılaşması davam edir.

Publika.az xəbər verir ki, Filip Ozobiç 42-ci dəqiqədə Qarabağı hesabda önə çıxartdı - 2:1.

Oyunda ilk hissə başa çatıb.

xxx

20:05

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” (Polşa) ilə cavab oyununa çıxıb.

Publika.az xəbər verir ki, matçda hesab artıq açılıb.

Oyunun birinci dəqiqəsində qonaqlar Veldenin qolu ilə 0:1 irəli çıxıblar.

Daha sonra Kadi Borges bərabərlik qoluna imza atıb - 1:1.

xxx

20:00

Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.

Qeyd edək ki, Polşadakı ilk matçda "köhlən atlar" rəqibinə minimal hesabla uduzub - 0:1.

xxx

19:29

Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Polşa "Lex"inin start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda "Qarabağ" minimal hesabla uduzub - 0:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm