Qurban Qurbanov nikbindir: Uğurlu nəticə əldə edə biləcəyimizə inanıram
Bizi izləyin

İdman

Qurban Qurbanov nikbindir: Uğurlu nəticə əldə edə biləcəyimizə inanıram

UEFA Çempionlar Liqasının 7-ci turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Hamımız üçün tarixdə ağır gündür. Başımız sağ olsun! Oyuna gəlincə, vacib matçdır. Düzdür, hazırlıq üçün vaxtımız çox olmadı. Hər bir halda, Antalyada da fikirlərimi bildirdim ki, istirahətə və oyuna sakit hazırlaşmaq üçün bir az vaxt oldu. Səmərəli istifadə etmək istədik. Futbolçuları azı fiziki cəhətdən hazırlamağa çalışdıq. Çox istəkli və intizamlı idilər. Bu oyuna, məşqə böyük əhəmiyyət verirdilər. Meydanda intizamlı komanda görəcəksiniz. Rəqibin də düşərgəsində dəyişikliklər var. Bu, bizə mane olan amillərdəndir. Daha istəkli və aqressiv olacaqlar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İnanıram ki, ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

– “Ayntraxt”da baş məşqçi dəyişikliyi planlarınızı nə dərəcə pozdu?
– Həqiqətən, oyunlara baxırdıq, yanvardan buyana üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi aparırdıq. Amma planlar dəyişdi. Sabah meydanda çox diqqətli olmalıyıq ki, gedişlərini tuta bilək. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problem olmamalıdır. Düzdür, təcrübəli komandadırlar. Ümumi özünəməxsus alman intizamı var, bunlar öz yerində. Lakin bizim də təcrübəmiz var. Futbolçuların hazırlığı ümid verir ki, daha yaxşı oynaya bilərlər. Uğurlu nəticə əldə edə biləcəyimizə inanıram. Ümumilikdə, bizim üçün sürpriz oldu, fikrimiz qarışdı.

– Rəqib sabah Bakıya gələcək və məşq etməyəcək. Daha əvvəl “Çelsi” belə etmişdi və onlardan xal aldınız. “Ayntraxt”ın da Bakıda məşq keçməməsi üstünlük verir?

– Xeyir, böyük əhəmiyyət kəsb etmir. Bəzən biz də oyun günü səfərə çıxmışıq. İnanmıram ki, bunun hansısa təsiri olsun.

– “Ayntraxt”ı oyuna hazırlayan Aleksandr Mayer 13 il əvvəl “Qarabağ”a üç qol vurmuşdu. Bu, sizinçün əlavə məqamdır?

– İndi qol vura bilməyəcək (gülür).

– Hava şəraiti oyuna necə təsir edəcək?

– Hər şəraitdə intizamlı olmağa çalışacağıq. Nadir hallarda belə havalarda matçlar təxirə salınır. İnanıram ki, hava oyuna ciddi təsir etməyəcək.

– Payızdakı tempi saxlamaq üçün qış fasiləsinin hansı müsbət və mənfi məqamları oldu?
– Müsbətdir. İstirahət üçün vaxtımız oldu. Bəzi komandalar üçün fasilə yararlı olmaya bilər. Ancaq düşünürəm ki, bizim üçün faydalıdır. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi futbolçuların mikro zədələri var idi, bərpa etdik. Bəzi oyunçular optimal formadan uzaq düşə bilər, amma bu fasilənin ancaq faydası oldu.

– Bakıdakı mətbuat konfransında bildirmişdiniz ki, bir neçə oyunçu ilə danışıq aparırsız. Transfer olacaqmı?

– Gözlənti çoxdur, olmalıdır. Maneə olmazsa, baş tutacaq. Azı bir keçid olmalıdır.

– “Ayaks”la matçda öndə olduğunuz halda, qələbəni əldən verdiniz. Bu dəfə “Ayntraxt” da problemlər fonunda Bakıya gələcək. Komandada psixoloji durum necədir?

– Bu turnirin çəkisi böyükdür. Böyük futbol dediyimiz budur. Burda rəqib komandanın problemi var deyə fikirləşmək olmaz. Onlar yüz illərdir futbol oynayır, köklü klubdurlar. Məşqçi dəyişikliyi, hansısa futbolçunun yoxluğu onlara təsir etmir. Belə turnirlər onlar üçün əlavə motivasiya verir. Seçimləri çoxdur və futbolçular bir-birini əvəz edə bilir. “Ayaks”la danışanda elə fikirlər yaranır ki, sanki zəif komandaya uduzmuşuq. Futbolçularla danışığımız olub və rəqibin gücünü bilməli olduğumuzu qeyd etmişik. Bunlara uyğun işimizi qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgəsində hansısa problem var. Belə halların tez-tez şahidi oluruq. Böyük komandalar belə situasiyalara hazırdırlar. Əsas məsələ bizim hazırlığımızdır. Oyuna fərqli hazırlaşmışdıq, indi fərqli komanda görəcəyik. İllərlə ona görə istəmişəm ki, öz oyunumuzla, bacardığımızı edərək qələbə qazanaq. Hazırlıq planımızdakı düşüncələri, əminliyi sabah meydanda göstərə bilsək, yaxşı oyun keçirəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Baxmayaraq ki, rəqib Bundesliqadan gəlir, əlimizdə şans varsa, niyə istifadə etməyək? Biz çox ideya, fikir verə bilərik, lakin vacib məqam futbolçuların meydanda nələr etməsidir. Tempimizi qorumaq önəmlidir. Az qələbə qazanaq, öz oyunumuzla qazanaq.

– Montiel uzun müddət oynamamış gəlmişdi, amma indi formasına çatır. “Ayaks”la oyunda son dəqiqələrdə meydana çıxmışdı. Sabahkı oyunda forma şansını necə qiymətləndirirsiniz?

– Montiel futboldan xeyli vaxt uzaq qalmışdı. Bu gün durumu pis deyil. Futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram. İstər bir ay məşq eləməsin, ya eləsin. Reallığa baxsaq, gələndən çox əziyyət çəkib. İşinə peşəkar yanaşıb. Ondan razıyam. Hər bir halda, bu gün onu tam hazır hesab etmirəm. Məşqlərdə yaxşı olmasına, hazırlıq dönəmində qollar vurmasına baxmayaraq, hələ tam deyil. Belə böyük oyunlarda onun təcrübəsinə ehtiyac var. Ümumən, hazırlığından razıyam. İnanıram ki, belə davam etsə, daha yaxşı ola bilər. Məşqçi kimi çalışacam ki, onu yaxşı səviyyəyə gətirə bilək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm