İdman
Vernidub ukraynalılara "Neftçi"dən danışdı: Onları yaxşı tanıyıram, mənə lazım deyillər
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub müsahibə verib.
Publika.az xəbər verir ki, 60 yaşlı mütəxəssis "Sport.ua"ya danışıb. O, klubdakı vəziyyətindən, xanımı ilə Azərbaycana uyğunlaşmasından və oğlunun məşqçiliyə başlamasından danışıb:
- Yeni şəraitə öyrəşmisiniz və Azərbaycan futbolunda işiniz necə gedir?
- Əlbəttə, öyrəşmişəm. Oyanıram, səhər saat 7-də qəhvə içirəm, maşına oturub bazaya yollanıram. Artıq saat 8:00-8:30-da işdə oluram. Bütün vaxtımı səhərdən axşama kimi bazada keçirirəm. Günüm futbolla bağlıdır, yalnız axşamlar evə gələ bilirəm. Azərbaycanda da hər yerdə olduğu kimi işləyirəm. Futbol işi hər yerdə eynidi. Həm maraqlıdır, həm məsuliyyətlidir, eləcə də özünəməxsus xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma nə var, odur. Əvvəlki oyunlardan birində heç nə şərh etməmək üçün özümü güclə saxladım. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalan hər şeyi isə qoy başqa insanlar şərh etsinlər.
- Siz zəngin tarixə malik və ölkənin ən çox titul qazanmış klublarından birinə rəhbərlik edirsiniz. Cari mövsümdə turnir cədvəlindəki göstəricilərə əsasən, "Neftçi"nin çempionluq iddialarından artıq söhbət getmir. Bəs onda komandanın hədəfi nədir?
- Mən komandanın göstəricilərini yaxşılaşdırmaq və imkanlarını maksimum reallaşdırmaq təklifinə müsbət cavab verərək "Neftçi"yə gəlmişəm. Yeni futbolçulardan heç kimi mən gətirməmişəm, məndən əvvəl necə idisə, elə o komanda mənə qaldı. Deyə bilərəm ki, buradakı futbolçular kifayət qədər yaxşı hazırlıqlıdırlar, texnikalı və sürətlidirlər. Medallardan birinə sahib olmaq şansı hələ də var, çünki 10 matç qalır. Sona qədər vuruşacağıq. Başqa nə etmək olar ki? Avrokubokda oynamaq üçün cədvəldə mümkün qədər yuxarı qalxmaq istərdik. Mən "Neftçi"yə gələndə dördlüklə xal fərqi çox böyük idi, indi isə azalıb. Ona görə də mübarizə aparacağıq, qalanını isə zaman göstərəcək.
- Komanda ilə tez bir zamanda əlaqə qura bildiniz?
– Şükür Allaha, bu məsələdə hər şey yaxşıdır. Uşaqlar hər şeyi başa düşür, onlardan istənilən bütün tapşırıqları və göstərişləri yerinə yetirirlər. Onların işə yanaşması mənim xoşuma gəlir. Çempionatın sonunda isə harda olduğumuza, nəyin və necə olduğuna baxarıq.
- Bildiyiniz kimi, həmvətənlərimizdən "Çernomorets"in sabiq oyunçusu Andrey Ştoqrin "Neftçi"də çıxış edir. Komandanızda başqa hansı ukraynalı legionerlər var?
- Hələlik başqa heç kim yoxdur. Görmək istədiyim oyunçular bura gəlməyəcək, onların normal müqavilələri var və yaxşı komandalarda oynayırlar. Mənə təklif olunanları isə yaxşı tanıyıram. Onlar mənə lazım deyil.
- Böyük oğlunuz Vitali oyunçu karyerasından məşqçiliyə keçdi. Yeni rolda onun işləri necə gedir?
- Hər şey yaxşıdır. O da "Neftçi"nin məşqçilər korpusunda işləyir. Vitali öz vəzifələrinin öhdəsindən tam gəlir.
- Həyat yoldaşınız sizinlədir?
- Bəli, Bakıdadır. Məni gözləyir və şam yeməyi hazırlayır. Mən həmişə evdə şam edirəm. Lesya ilə birlikdə süfrə arxasında oturur, söhbət edirik. Sonra isə istirahət və yuxu. Həyat yoldaşıma gəlincə, o, yeni yerdə özünü yaxşı hiss edir. Hər bir qadın kimi onun üçün də əsas odur ki, Azərbaycanın paytaxtında sakitlik və əmin-amanlıqdır. O, çox gözəl şəhər olan Bakını gəzmək üçün də vaxt tapır.
- Doğma ölkənizdəki hadisələri izləməyə vaxt tapırsınız?
- Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Ağrılıdır. Bu axmaq müharibə çoxlu dərd gətirdi. Qardaşım oğlunun həyat yoldaşı artıq iki ildir ki, döyüşür. Drujkovka, Konstantinovka bölgələri çox qaynardır. Daim onunla əlaqədəyəm. Bu yaxınlarda onunla telefonla danışdım və öyrəndim ki, cəbhədə onların maşını vurulub. Onlara bir avtomobil - "Nissan Navara" pikapı alıb göndərdim. Şükür Allaha, çatıb. Hər şey normaldır.
Heybət
-
Rəsmi xronika16:24İlham Əliyev Xocavəndə getdi
-
İdman15:00Vernidub ukraynalılara "Neftçi"dən danışdı: Onları yaxşı tanıyıram, mənə lazım deyillər
-
Nida Xəbər 13:42Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 54 nəfər işdən çıxarıldı
-
Dünya11:54Dünya belə xilas edildi: 10 nüvə bombası hazırlanırmış - İranla bağlı şok detallar
-
Nida Xəbər 11:12Bu şəxslər ömürlük pensiya ALACAQ - Ali Məhkəmə qərar verdi
-
Dünya10:12İran müharibəsi bu ölkənin əhalisini sevindirdi: 4 günlük iş həftəsinə keçdilər
-
Sosial09:48Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
-
Region09:24İsraildən Müctəba Xamenei açıqlaması: Mütləq ovlayacağıq



































.jpg)