"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
Bizi izləyin

İdman

"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?

"Neftçi"nin gənc futbolçusu Murad Məmmədov legioner həyatı yaşayacaq.

Publika.az-ın əldə etdiyi məlumata görə, qısa zaman kəsiyində diqqətləri özünə cəlb "ağ-qaralar"ın yetirməsi karyerası ilə bağlı mühüm qərar qəbul edib. Gənc vinger Kiprin son çempionu "Pafos" klubuna transfer olunub.

Artıq tərəflər arasında ilkin müqavilə imzalanıb. Təqribən 10 gün əvvəl sözügedən klubun nümayəndələri Muradla danışıqlar aparmaq üçün Bakıya gəlib. Onlar hətta Muradın da çıxış etdiyi Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Turan Tovuz" oyununu da (0:1) izləyiblər. Bu görüşdən sonra isə futbolçu ilə sözləşmə imzalayıblar.

Məmmədovun "Neftçi" ilə mövcud müqaviləsinin müddəti cari mövsümün sonuna qədər olduğundan Kipr təmsilçisi ilə birbaşa 3+1 illik müqavilə imzalayıb. Hətta futbolçu yeni klubu üçün Bakıda tibbi müayinədən də keçib.

Onun "Pafos"a keçidində Bakı klubu ilə yeni sözləşmə danışıqlarının uğursuz olması böyük rol oynayıb. Belə ki, "Neftçi" 19 yaşlı futbolçusuna aylıq 15 min manat məvacib olmaqla 4 illik müqavilə təklif edib, lakin Muradın maaş tələbi aylıq 15 min dollar olub. Tərəflər anlaşa bilmədiyib. Kipr klubu isə Azərbaycanın U-21 millisinin üzvünün tələblərini müzakirə etmədən qəbul edib.

Bundan başqa, Murad Məmmədov "Pafos"la danışıqlarda nadir rast gəlinən addım atıb. O, Kipr çempionundan yetirməsi olduğu "Neftçi"yə pul ödənməsini xahiş edib. 19 yaşlı futbolçu bunu klubun üzərində olduğu 12 illik zəhməti ilə əlaqələndirib və halallıqla ayrılmaq istədiyini bildirib. Kiprlilər isə müsbət cavab verib, istənilən məbləği "ağ-qaralar"a ödəməyə hazır olduqlarını bildiriblər.

İyulun 1-də Murad Məmmədov "Pafos"un sıralarına qoşulacaq və o, ictimaiyyətə rəsmən təqdim olunacaq.

Qeyd edək ki, ötən mövsüm "Neftçi"nin heyətində çıxış edən Murad 35 oyunda 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, ötən ilin martından U-21 millisinə dəvət alır. 8 oyunda 1 qol və 1 assist müəllifi olub.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm