Futbolun sonuncu "ağ-qara kinosu": Baş qəhrəmanların ikisi Bakıdan gəlmişdi
Bizi izləyin

İdman

Futbolun sonuncu "ağ-qara kinosu": Baş qəhrəmanların ikisi Bakıdan gəlmişdi

Futbolun sonuncu "ağ-qara kinosu": Baş qəhrəmanların ikisi Bakıdan gəlmişdi

Dünya çempionatları silsiləsində 1960-cı illər futbolun həm ən qaranlıq, həm də ən parlaq dövrlərindən biridir. Bu, futbolun sadəcə oyun olmaqdan çıxıb böyük bir televiziya şousuna, siyasi nüfuz savaşına və ədalət axtarışına çevrildiyi illərdir. Bu gün dördüncü yazımızda futbolun hələ "rəngsiz" olduğu, amma emosiyaların ən yüksək rəngdə yaşandığı 1962-ci və ekranların rənglənməyə başladığı 1966-cı illər mundiallarına nəzər salacağıq.

DÇ-1962: Zəlzələnin dağıda bilmədiyi iradə

Tarixə yeddinci mundial DÇ-1962 Çilidə keçirildi. Amma bu seçimin arxasında böyük bir dram və inadkarlıq dayanırdı. 1956-cı ildə ev sahibliyi üçün mübarizə aparan Çili, zəngin infrastruktura malik Argentinanı məğlub etdi. Lakin turnirə iki il qalmış bəşər tarixinin ən güclü - 9.5 ballıq zəlzələsi baş verdi. 6 min insan həlak oldu, şəhərlər dağıldı. Hər kəs turnirin Argentinaya veriləcəyini gözləyirdi. Amma təşkilat komitəsinin rəhbəri Karlos Dittbornun FİFA qarşısında dediyi o məşhur cümlə tarixin axarını dəyişdi: "Dünya çempionatını bizə saxlayın, ondan başqa heç nəyimiz qalmayıb!"

1962-ci il mundialı futbol tarixinə "ən qəddar turnir" kimi düşdü. Hələ sarı və qırmızı vərəqələrin olmadığı o dövrdə meydanlar əsl döyüş arenasını xatırladırdı. SSRİ yığmasının üzvü Eduard Dubinski ilk oyundaca aldığı ağır sınıq zədəsindən sağala bilmədi və illər sonra məhz bu travmanın fəsadlarından dünyasını dəyişdi.

Lakin turnirin zirvə nöqtəsi Çili və İtaliya arasındakı "Santyaqo döyüşü" oldu. Oyunun 12-ci saniyəsində ilk qayda pozuntusu qeydə alındı, 4-cü dəqiqəsində isə ilk futbolçu meydandan qovuldu. Polis meydançaya 4 dəfə müdaxilə etməli oldu. Çilili Leonel Sançesin sol yumruğu ilə italyan kapitan Maskionun burnunu sındırması isə futbol tarixinə "oyun epizodu" yox, boks fəndi kimi düşdü.

Chile 2-0 Italy: 1962 World Cup, the Battle of Santiago – as it happened |  World Cup | The Guardian

Bu qəddarlığın içində SSRİ - Uruqvay oyunu futbolun ədalət simvoluna çevrildi. İqor Çislenkonun zərbəsindən sonra top deşik torun kənarından qapıya daxil oldu. Hakim qolu qeydə alsa da, sovetlərin kapitanı İqor Netto hakimə yaxınlaşaraq qolun olmadığını bildirdi və ədalətin tərəfini tutdu. Bu, dünya futbolunda dürüstlüyün yazılmamış qanunlarının ilk böyük nümayişi idi.

SSRİ yığması turnirə favorit kimi gəlmişdi, amma dörddəbir finalda ev sahiblərinə uduzdular. Dünyanın bir nömrəli qapıçısı Lev Yaşin bu məğlubiyyətdə günahlandırılsa da, az kimsə bilirdi ki, o, turniri beyin silkələnməsi ilə başa vurub. Lakin bir il sonra Yaşin bütün tənqidlərə "Qızıl top"u qazanmaqla cavab verəcəkdi.

Pelesiz qalan Braziliya isə öz "qısa ayaqlı" dahisi Manue Qarrinçanın sayəsində finalda Çexoslovakiyanı 3:1 məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionu oldu. Maraqlıdır ki, final oyununu sovet hakimi Nikolay Latışev idarə etmişdi.

DÇ-1966: Futbolun evinə qayıdışı və "Qızılbaş" və "Qızıl fit" damğası

1966-cı ildə futbol vətəninə, İngiltərəyə qayıtdı. Bu turnir futbolun "romantik dövrü" ilə müasir kommersiya dövrü arasındakı körpü idi. İngilislər bu turnirə hər mənada hazırlaşmışdılar. İlk dəfə rəsmi talisman - "Uilli" adlı aslan balası təqdim edildi, ilk dəfə peyk vasitəsilə qitələrarası yayım həyata keçirildi. Bu, yeni dövrün başlanğıcı idi.

Mundialın başlamasına bir ay qalmış bütün İngiltərə şok yaşadı: "Jül Rime" adlanan dünya kuboku sərgidən oğurlandı. Polislərin axtarışları nəticə vermədi. Kuboku səmti məlum olmayan bir kolun dibində, qəzetə bükülmüş halda "Pikliz" adlı bir it tapdı. Beləcə, bir it İngiltərənin beynəlxalq rüsvayçılığının qarşısını aldı.

1966 World Cup: Rare Photos From the Year England Won It All

Turnirin ən yaddaqalan komandası Şimali Koreya oldu. Onlar İtaliyanı 1:0 məğlub edərək futbol dünyasına şok yaşatdılar. 1/4 finalda isə Portuqaliyaya qarşı artıq 25-ci dəqiqədə 3:0 öndə idilər. Lakin böyük Eysebio səhnəyə çıxdı, 4 qol vuraraq portuqalları 5:3 hesablı qələbəyə daşıdı və turnirin 9 qolla bombardiri oldu.

Son iki mundialın çempionu Braziliya üçün İngiltərə cəhənnəmə çevrildi. Avropalı müdafiəçilər Pelenin ayaqlarını sözün əsl mənasında hədəf seçmişdilər. Bolqarıstan və Portuqaliya ilə oyunlarda aldığı ağır zərbələr Pelenin turniri vaxtından əvvəl bitirməsinə səbəb oldu. Məhz bu hadisə FİFA-nı növbəti turnirlərdə qaydaları sərtləşdirməyə və sarı/qırmızı vərəqə sistemini tətbiq etməyə məcbur etdi.

The USSR's momentous World Cup campaign of 1966

1966-cı il dünya çempionatı bizim üçün adi bir futbol yarışı deyil, Azərbaycan futbolunun dünya arenasında ən parlaq təzahürüdür. SSRİ yığmasının qazandığı tarixi dördüncü yerin kökündə bir azərbaycanlı imzası var. Çünki komandanın heyətində "Neftçi"nin 20 yaşlı hücumçusu Anatoli Banışevski çıxış edirdi. O, turnirdə sovetlərin keçirdiyi 6 oyunun 5-də iştirak etdi. "Qızılbaş" ləqəbli forvard qrup mərhələsində Şimali Koreya ilə oyunda (3:0) hesabı açmağı bacarmışdı.

How a Swiss decision changed football history - SWI swissinfo.ch

Və nəhayət, final oyunu - İngiltərə - Almaniya Federativ Respublikası. "Uembli" stadionunda keçirilən görüşü canlı olaraq 97 min tamaşaçı və televiziya qarşısında isə milyonlarla insan izləyirdi. Oyunun əlavə vaxtında, hesab 2:2 olarkən ingilis Ceff Herstin zərbəsindən sonra top tirə dəyib yerə, xəttin üzərinə çırpıldı. Baş hakim isveçrəli Dienst nə edəcəyini bilmirdi. Bu zaman yan xətt hakimi - azərbaycanlı Tofiq Bəhramova onun köməyinə çatır. Bəhramov saniyə belə tərəddüd etmədən mərkəzi göstərir. Bu qərar İngiltərənin çempionluğunda böyük rol oynayır, almanları isə 60 ildir bitməyən və davam edəcək bir mübahisəyə sürükləyir.

The linesman who gave the infamous Geoff Hurst 1966 World Cup goal is an  icon in Baku

55 years ago the 1966 FIFA World Cup Final match was played at #Wembley  Stadium, #London. I think the fate of this final match was decided by the  famous Azerbaijani soccer referee

Tofiq Bəhramov DÇ-1966-da finala qədər bir oyunda (İsveçrə — İspaniya (1-2) baş hakim, 2 matçda - Argentina – İsveçrə (2-0) və İngiltərə - Uruqvay (0-0) görünlərində isə köməkçi hakim olmuşdu. Lakin final matçı onun adının futbol tarixinə yazılmasına səbəb olub.

İngilislər bu gün də Bəhramovu ədalətli azərbaycanlı hakim kimi tanıyır və ehtiramla anırlar. O, dünyada heykəli qoyulan yeganə hakimdir. Bakıdakı stadiona onun adının verilməsi isə həmin tarixi qərarın milli qürur rəmzinə çevrilməsinin göstəricisidir.

DÇ-1966 futbolun rəngli dövrünə keçiddən əvvəlki sonuncu "ağ-qara" kino idi. Bu kinonun baş qəhrəmanlarından ikisi isə Bakıdan gəlmişdi.

Heybət Məmmədov

Mundiallar tarixi ilə bağlı əvvəlki yazılarımız:

Dünya çempionatının tarixi: İlk addım, boykot və siyasi intriqalar - DÇ-1930 və DÇ-1934

Dünya müharibəsindən əvvəl və sonra: İki fərqli DÇ-nin hekayəsi

50-ci illərin mundialları: "Bern döyüşü", ağlasığmaz alman hiyləgərliyi və kralın doğuluşu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm