İKT
Uduzan düşmənin tək çarəsi: Dezinformasiya nələrə səbəb ola bilər?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurası media subyektləri və jurnalistlərə çağırış edib. Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da başlayıb təxminən bir sutka ərzində həyata keçirilən lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzində idi. Jurnalistlər bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirdilər. Ancaq müxtəlif sosial şəbəkə profillərində antiterror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər hələ də yayılmaqda, fikirlər səslənməkdədir. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli Publika.az-a bildirib ki, erməni şəbəkəsi informasiya savaşında qalib gəlmək həm Azərbaycan, həm öz ölkələsi, həm də dünyada ictimai rəyi çaşdırmaqdan ötrü ən hiyləgər metodlardan istifadə edirlər:
“Xüsusi olaraq sosial media üzərindən yayılan xəbərlərdən öz hiyləgər məqsədlərinə çatmaq üçün faydalanırlar. Onlar ən müxtəlif metodlardan istifadə edirlər. Azərbaycan adı, soyadı ilə sosial şəbəkələrdə hesablar açaraq Azərbaycan dilində materiallar yayırlar. Yəni bunu sadə vətəndaşın fərqinə varması çətindir ki, bu informasiyanı yayan saxtadır, yaxud da ki, real hesabdır. Yəni onlar bu metodlardan istifadə edirlər, yaxud dünya mediasına fərqli-fərqli açıqlamalar verirlər. Azərbaycan haqqında yanlış məlumatlar verməklə, ictimai fikri çaşdırmağa çalışırlar. Bu cür hallar üçün hazır modellər mövcuddur. Bu modellər ondan ibarətdir ki, bu cür ekstremal vəziyyətlərdə, keçici hallarda sosial media istifadəçiləri çalışmalıdırlar ki, yalnız tanıdıqları və legitim olan kütləvi informasiya vasitələri tərəfindən yayılan, KİV redaksiyalarına inansınlar.
Legitim KİV redaksiyaları və etimadlı KİV redaksiyaları deyəndə nəzərdə tuturuq ki, məsələn, Azərbaycanda illərlə fəaliyyət göstərmiş bir media qurumudur. Bunun redaksiyası da, rəhbər heyəti də, işçiləri də hər kəsə bəllidir. Yəni bunun kimi onlarla, yüzlərlə Azərbaycanda kütləvi informasiya vasitələri mövcuddur. İnsanlar çalışmalıdırlar ki, tanınan bəlli redaksiyası olan strukturlaşmış KİV qurumlarından informasiyanı alsınlar, yaxud legitim dövlət qurumlarının informasiyalarına inanmalıdırlar. Məsələn, hazırda bildiyimiz kimi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Müdafiə Nazirliyi və yaxud da ki, Prezident Administrasiyası bu cür hallarda çox operativ informasiyalar yayırlar. Çox yaxşı haldır ki, artıq mərkəzləşmiş informasiya mərkəzi yaradılıbdır. Antiterror tədbirlərinin görüldüyü ərazilərdə nə baş verdiyini bizim dövlət qurumları çox yaxşı bilirlər və lazımi xəbəri də əhaliyə çatdırırlar”.
Media eksperti söyləyib ki, bu cür hallarda bizim sosial şəbəkə istifadəçilərinin özləri də müəyyən informasiya yayırlar:
“Əhali nəzərə almalıdır ki, belə həssas məqamlarda informasiya ilə ehtiyatlı davranmaq lazımdır. Bilirik ki, dövlət sirri və hərbi sirr haqqında müvafiq qanunlar mövcuddur. Bu qanunlara əsasən, qoşun bölmələrinin dislokasiya yeri, hərəkət istiqamətləri, fəaliyyət planları barədə məlumatları, hətta bilsən də, paylaşmaq olmaz. Bunlar yasaqlanmış informasiyalardır. Bu, qanunvericiliyin tələbidir. Əlavə olaraq insanlar bilməlidirlər ki, bu məsələ həm də bir vicdan məsələsidir. Bizim verdiyimiz hər yanlış informasiya düşmənin əlində bir fürsətə çevrilir. Ona görə də bu cür keçici məqamlarda insanlar həssas davranmalıdırlar. Həm informasiya aldıqları mənbələrin etibarlılığını yoxlamalıdırlar, həm də özlərinin yaydıqları informasiyalarda səbrli, ehtiyatlı davranmaq lazım olduğunu bilməlidirlər”.
Psixoloq Sevinc Həbibovanın sözlərinə görə, bugünkü gündə hər bir yer xəbərlə qaynayır:
“Yayılan hər bir saxta xəbər Azərbaycanın sülh çağırışına əngəl olmaq istəyənlərin “dəyirmana su tökmək” məsələsinə bənzəyir. Azərbaycan xalqı ordusuna inanır. Vətən müharibəsindən sonra həqiqətən müharibənin bizə verdiyi bəzi müsbət dəyərlər də var. Biz bu dəyərlərə vətəndaşların özgüvəni, toplum olaraq yumruq kimi birləşmək, savaş ruhuna köklənməyimiz kimi amilləri aid edə bilirik. Əlbəttə, cəmiyyətdə müəyyən psixoloji təzadlar da olacaq. 44 günlük Vətən müharibəsində itkilərimiz oldu. Bu kimi vəziyyətlərdə isə həmin ailələr üçün psixoloqlar tərtib olunmalıdır. Amma bir şeyi də unutmamalıyıq. Başımızı yastığa rahat qoya biliriksə, günün istənilən saatı rahat gəzə biliriksə, bu psixoloji olaraq nə qədər rahat olduğumuzu göstərir.
Müharibə dövründə də insanlar şəhərdə rahat gəzə bilirdi. İçdə qorxu yox idi. Düşünürdülər ki, səngərdə əsgər, burada isə polis məni qoruyur. Bunlar hamısı psixoloji cəhətdən çox müsbət keyfiyyətlərdir. Son olaraq, mən xüsusən xalqımıza demək istəyirəm ki, emosiyalara qapılmayaq və qaydalara əməl edək. Bu qaydalar bizim həyatımız, sağlamlığımız üçündür. Cəmiyyət olaraq emosiyalarımızı qorumaqdan başlamalıyıq”.
SMM mütəxəssisi Fərid Ağazadə qeyd edib ki, hazırda sosial şəbəkələrdə insanlar əvvəlki dövrdə baş verən hərbi əməliyyatlar dövrünə nisbətən daha soyuqqanlı, olğun və təşkilatlanmış şəkildə davranırlar:
“Təbii ki, burada rəsmi qurumların, KİV-lərin və insanların təcrübə amili də var. Lakin bütün bu olanlara baxmayaraq hələ də dezinformasiyaya rast gəlinir. Bunun üçün insanlar ilk növbədə rəsmi qurumların rəsmi sosial şəbəkə hesablarını izləməlidir. Əlavə olaraq, inandırıcı dezinformasiya olsa belə bunu yaymamalı, yalnız Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Baş Prokurorluğun, Xarici İşlər Nazirliyinin və onların nəzdindəki qurumların rəsmi hesablarını izləyərək, ordakı məlumat və materialları paylaşmalıdır. Döyüşdə uduzan düşmənin tək çarəsi qarşı tərəfdə çaşqınlıq yaratmaqdır. Bunun da yolu sosial şəbəkələrdən keçir”.
Mütəxəssis əlavə edib ki, ona görə də mənbəyi bilinməyən linklərə keçid etməmək, tanımadığımız nömrələrdən gələn zəngləri açmamaq, müharibəylə bağlı mesajlar yazan profillərin mesajlarına cavab yazmamaq lazımdır:
“Sosial medianı bu dövrdə ən çox xarici səhifələrdə, ən əsası erməni lobbisinin güclü olduğu səhifələrdə Azərbaycan həqiqətlərini xarici dillərdə yazaraq və erməni yalanlarını təhqirsiz bir şəkildə ifşa edərək işləmək lazımdır. Digər bir məsələ VPN-lərdən bacardığımız qədər az istifadə etməkdir. VPN proqramının istehsalçısını araşdırmaq lazımdır. Eyni zamanda cəbhə bölgəsində yaşayan vətəndaşlarımız telefonda danışarkən bacardığı qədər hərbi açar sözlərdən istifadə etməməlidir. Döyüş məxfiliklə, iradəylə və soyuqqanlılıqla qazanılır. Ona görə də reytinq xatirinə yanlış məlumatlar paylaşan səhifələri izləməmək lazımdır”.
Aysel Şahmar
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto