İKT
Vətəndaş cəmiyyəti institutları hibrid təhdidlərə qarşı
Müasir dünyada müharibələr daha çox gizli, hibrid formada aparılır. Bu münaqişələrdə informasiya vasitələrindən psixoloji basqı kimi istifadə olunur. Dezinformasiya və kiberhücumlar ənənəvi hərbi əməliyyatlar qədər vacib hesab edilir. Hibrid təhdidlərin milli ideoloji təhlükəsizliyə təsiri müxtəlif istiqamətlərdə özünü biruzə verməkdədir. Hibrid müharibədə məqsəd dövlətin gücünü məqsədyönlü şəkildə zəiflətməklə ölkənin daxili və xarici siyasətini dəyişdirmək, zəif lideri, sözəbaxan, sadiq siyasi qüvvələri hakimiyyətə gətirmək və dövlət üzərində ideoloji, maliyyə, iqtisadi nəzarəti təmin etməkdir.
Bir çox hallarda transmilli internet korporasiyalarının (TİK) imkanları hesabına həyata keçirilən kampaniyalar, hücumlar xalqların milli kimliyinə, adət-ənənələrinə qarşı yönəlir. Yad dəyərlər, radikal və ekstremist ideologiyalar “müasir dövrün çağırışları” adı altında təbliğ edilir, həyatımıza daxil edilir. Xalqların öz tarixi, milli və dini köklərindən qoparılmasına xidmət edən ideoloji təxribatlar ictimai-siyasi sabitliyi laxlatmaqla dövlətlərin təhlükəsizlik siyasətini də imtahana çəkir.
Milli dəyərlərin həssas yanaşıldığı, ciddi şəkildə qorunduğu ölkələrin cəmiyyətlərini sarsıtmaq, etirazları alovlandırmaq üçün məhz dəyərlər hədəfə götürülür, onların beynəlxalq aləmdə nüfuzdan salınması üçün ardıcıl işlər həyata keçirilir. Təhdid kampaniyalarını həyata keçirən komandalar peşəkar hakerlərin vasitəsilə dövlət orqanlarının elektron informasiya ehtiyatları sisteminə qanunsuz müdaxilələr etməklə əldə edilən məlumatlardan kompromat kimi istifadə edir və onları müxtəlif media resurslarında, sosial şəbəkələrdə yayırlar. Dövlət idarəçiliyi sisteminə, hakim siyasi zümrəyə yerləşdirilmiş şəxslər məxfi məlumatları kənara ötürməklə bu işdə təhdid kampaniyalarını həyata keçirən komandalara köməklik göstərirlər.
Qərbdən maliyyələşən QHT-lər siyasi alət rolunda
Vətəndaş cəmiyyəti institularını - müxalif siyasi qrupları, media resurslarını, etnik-dini icmaları maliyyələşdirməklə ölkələrdə proksi qüvvələr saxlayan beynəlxalq güclər onların vasitəsilə təxribat, pozuculuq əməllərini həyata keçirməyə çalışırlar. Bəzən beynəlxalq təşkilatların özü də ayrı-ayrı dövlətlərin, lobbi qrupların hücum sifarişlərini yerinə yetirirlər. Haqsız, qərəzli sanksiyalar tətbiq etmək, insan haqları və demokratiya adı altında problemləri daim gündəmdə saxlamaq, ölkələri beynəlxlalq qurumlara üzv olmasını əngəllmək, onları qapı arxasında saxlamaq hibrid təhdidlərin tərkib hissəsidir.
Azərbaycan hibrid müharibədən əziyyət çəkən ölkələr sırasındadır. Hibrid təhdidlərdə alət kimi istifadə olunan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri hazırda əsasən xaricdə oturaraq sosial şəbəkə platformalarında ənənəvi məşğuliyyətlərini davam etdirirlər. Onların paylaşdıqları tənqidi çıxışlara, radikal mövqelərə yazılar şərhlər deməyə imkan verir ki, artıq insanlar ağı-qaradan seçməyi bacarır, proseslərə ayıq başla yanaşırlar.
Kənar güclər ölkəmizin suverenliyini sarsıtmaq, beynəlxalq səviyyədə nüfuzdan salmaq və ölkə daxilində qeyri-sabitlik yaratmaq üçün hər zaman müxtəlif metodlardan istifadə ediblər.
Azərbaycanla bağlı ardıcıl və sistemli şəkildə dezinformasiya yaymaq taktikasından istifadə edərək nüfuzdansalma kampaniyası aparan güclər istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də, dinc dövrlərdə ölkənin daxili siyasəti, insan haqlarının vəziyyəti və mətbuat azadlığı ilə bağlı qərəzli hesabatlar dərc ediblər. Vətən müharibəsi zamanı Azərbaycanı dünyaya təcavüzkar, müharibəni başladan, mülki ermənilərə qarşı divan tutan, tarixi-mədəni abidələri dağıdan tərəf kimi dünyaya təqdim edən bəzi beynəlxalq təşkilatlar, transmilli media korporasiyaları yerli “ekspertlər” və “jurnalistlər”in imkanlarından da geniş yararlanırdılar. Onların yaydıqları hesabatların hazırlanmasında milli maraqları tapdaq altına atan və xaricdən maliyyələşən bəzi vətəndaş cəmiyyəti institutlarının az əməyi olmayıb.
Dövlətin müstəqilliyini və beynəlxalq nüfuzunu sarsıtmaq üçün istifadə edilən dezinformasiyalara təəssüf ki, inananlar da olur.
Azərbaycana qarşı siyasi təzyiq alətinə çevrilən ATƏT, Avropa Şurası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar insan hüquqları və demokratik dəyərlərin müdafiəsi adı altında süni şəkildə şişirdilmiş kiçik problemləri gündəmdə saxlamaqla ölkəmizi nüfuzdan salmağa çalışırlar.
Vaxtilə ölkəmizdə qanunsuz fəaliyyət göstərmiş “hüquq-müdafiə təşkilatları”nın məlumatları əsasında hazırlanmış “Azərbaycanda insan haqları və ifadə azadlığının vəziyyəti” adlı ənənəvi hesabatlar artıq öz ciddiliyini itirib. Qərb hökumətləri və siyasi qurumları tərəfindən maliyyələşdirilən QHT-lərin məlumatları əsasında hazırlanan hesabatlar məqsədi Azərbaycanı dünyaya "problemli dövlət" kimi göstərmək olub.
Bir vaxtlar Azərbaycan hökumətinə qarşı radikal müxalif mövqedə olan qərb fondlarından maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu gün nəzərəçarpacaq dərəcədə daralıb. Çünki ölkə qanunvericiliyi bu cür QHT-lərin ölkədə fəaliyyət göstərməsinə imkan vermir. İndi onlar xarici ölkələrə sığınaraq Azərbaycan dövlətini tənqid edir, onu insan haqlarının pozulmasında və müxalifət düşüncəni boğmaqda ittiham edirlər. Maraqlıdır ki, qərbyönümlü QHT-lərin buradakı fəaliyyətləri məhdudlaşandan sonra “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxaq təşkilatların da əvvəlki fəallığı gözə dəymir.
Qərbyönümlü QHT-lərin qələbə əldə etdiyi ölkələrdə sonradan yaranan böhran, acınacaqlı durum anti-milli qüvvələrin, həvəskar, macərapərəst ünsürlərin siyasi hakimiyyətə gəlməsinin nə qədər faciəli olduğunu göstərir. Gürcüstan, Ukrayna, bəzi ərəb ölkələrinin təcrübələri bunu deməyə imkan verir. Qərb xoşlamadıqları rejimləri dəyişdirmək üçün maliyyələşdirdikləri QHT-lərin imkanlarından geniş istifadə edir. Onların iştirakı ilə həyata keçirilən rəngli inqilablar sosial sifariş əsasında deyil, xarici mərkəzlərdə hazırlanmış ssenari əsasında baş verir və daha çox texnoloji xarakter daşıyır.
Hibrid müharibələrin iki əsas komponenti
Rəngli inqilablar hazırlayan mərkəzlər vaxtilə Azərbaycana qarşı da hibrid təhdidlər, ideoloji və psixoloji basqılar etməklə burada siyasi çevrilişə cəhd etdilər. Onlar öz məqsədlərinə çatmaq üçün bəzi siyasi partiyaları, kütləvi-informasiya vasitələrini, qeyri-hökumət təşkilatlarını, ictimai-siyasi fəalları, bloggerləri, hətta hökumət daxilindəki müəyyən şəxsləri prosesə cəlb edə bilmişdilər. Amma xalq-hakimiyyət birliyi, sağlam, milli maraqları üstün tutan vətəndaş cəmiyyəti institutlarının da fəallığı, ayıq-sayıqlığı nəticəsində bu cəhdlər nəticəsiz qaldı.
Sosial media informasiya müharibəsində əsas döyüş meydanına çevirən radikalların ictimai rəyi manipulyasiya etmək və etirazları əlaqələndirmək cəhdləri fayda vermir. Onların Azərbaycanda etnik nifrəti və siyasi qeyri-sabitliyi qızışdırmaq səyləri əks-effekt verir.
Hibrid müharibənin iki əsas komponenti var: xarici və daxili. Birincisi, qlobal ictimai rəyi hazırlamaq. Ölkəni nüfuzdan salmaq və qlobal ictimai rəydə düşmən obrazı yaratmaq üçün informasiya həmləsi etmək. Məsələn, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini, ermənilərin Qarabağdan könüllü köçünü dünyaya təcavüzkar, etnik təmizləmə əməlləri kimi təqdim etmək.
İkinci komponent daxili ictimai rəyi hazırlamaqdır. Məsələn, bütün təqsirkarların məsuliyyətə cəlb edilməsinə baxmayaraq "Tərtət işi"ni gündəmdə saxlamaq, güclü yağışlardan sonra Bakıda yaranan problemləri hökumətə qarşı yönəltmək və s. Bunlar daha çox informasiya vasitələrinin imkanları hesabına həyata keçirilir.
Rəqəmsal texnologiyalar hibrid müharibənin əsas silahlarından olsa da, formalaşmış, savadlı cəmiyyətlərdə ictimai rəyi yanlış istiqamətə dəyişmək olduqca çətindir. Biz vətəndaş cəmiyyəti instituları olaraq cəmiyyəti hibrid təhdidlərdən qorumaqla yanaşı, əhalini bu yöndə savadlandırmalıyıq.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi











_1507621258_1508480454.jpg)


























