İranın neft embarqosu Azərbaycana təsir edəcəkmi? - Rəy
Bizi izləyin

Ekopublika.az

İranın neft embarqosu Azərbaycana təsir edəcəkmi? - Rəy

İspaniya və Almaniyaya neft ixracının dayandırılması rəsmi Tehranın gözlədiyi nəticəni vermədi.

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin (ANAM) rəhbəri İlham Şaban deyir ki, ilk dəfə olaraq, İranın neft ixracını dayandırmaq bəyanatı qiymətlərə əks təsir göstərdi:

"İran bir neçə ölkəyə neft ixracını dayandırdığını açıqlayandan sonra neftin qiyməti Avropa bazarında dünən 0.7 faiz düşdü. Bu gün isə cəmi 0.3 faiz artım var".

İlham Şaban deyir ki, ümummiyyətlə martın sonu, aprelin əvvəli ilə müqayisədə neftin qiyməti aşağıdır:

"O vaxt 125 dolar idisə, indi 120 dollara civarındadır. Bu onu göstərir ki, bazara informativ təsir get-gedə azalır. Tələb-təklif ciddiləşir".

ANAM rəhbəri hesab edir ki, İranın Avropaya neft ixracı dayansa, digər mənbələrdən təmin olunmaq imkanı var:

"Çünki Liviya, İraq, Səudiyyə Ərəbistanı istehsalı artırır".

Mövcud vəziyyətin Azərbaycana təsirinə gəlincə, Ilham Şaban deyib: "Yalnız qiymət baxımından təsiri olar. Azərbaycanın qlobal bazarlara təsir imkanı yoxdur".

İranın ingilisdilli "Press TV" telekanalı bildirir ki, Tehran Qərbin İslam Respublikasına tətbiq etdiyi neft embarqosuna qarşı önləyici addım ataraq belə bir qərar qəbul edib. İran daha öncə Fransa, Böyük Britaniyaya, Yunanıstana neft ixracını dayandırmışdı. İspaniya və Almaniyadan sonra İtaliyaya da neft satışının dayandırılması ilə bağlı ölkə daxilində müzakirələr aparılır.

Maraqlıdır ki, İspaniya özünün İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib. Aprelin 10-da İspaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə belə deyib:

"Biz Avropa Birliyinin İrana qarşı sanksiyalarını nəzərə alaraq fevral ayının sonundan İrandan neft idxalını dayandırmışıq. Bu addımda məqsəd Avropanın İrana qarşı sanksiyalarına dəstək verməkdir. Belə bir addımın atılması, əlbəttə, İspaniyaya ağır zərbə vurub. Çünki biz bundan əvvəl İrandan külli miqdarda neft idxal edirdik".

Avropa Birliyinin (AB) 27 ölkəsinin xarici işlər nazirlərinin yanvarın 23-də Brüsseldə keçirilən sammitində İran neftinin Avropaya tədarükünə embarqo qoyulması barədə qərar qəbul edilib. Qərar İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış anlaşmalar üzrə öhdəliklərsə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

İran ölkədə hasil olunan neftin 20%-ə yaxınını Avropaya ixrac edir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alırdı.

Embarqolara rəğmən, İran son bir il ərzində 60 milyard dollar dəyərində neft ixrac edə bilib. "Fars" agentliyinin məlumatına görə, bu haqda İranın neft naziri Rüstəm Kasımi açıqlama verib. Nazirin sözlərinə görə, son bir ildə neft ixracından əldə edilən gəlir artıb. İranın gömrük təşkilatı bildirir ki, ötən ilin 21 martından bu ilin 21 martınadək (İranda il Novruzdan başlayır) İranın neftdən kənar birillik ixracı 43,8 milyar dollar olub.

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm