Köşə
Hər kəs öldü, qadın...
Asif Nərimanlı
(26 fevral 2016)
Nənəmin həmişə “Allahın göz yaşları” dediyi sular göydən axanda, qar evlərin qapısına qədər vuranda, qadınlar ismətindən, uşaqlar top mərmisinin gurultusundan qorxanda yaşanmışdı o hadisə və şəhər yoxa çıxmışdı. Və insanlar ağlamışdı, heç 24 il sonra İlhamə Quliyevanın ölümünə belə bu qədər göz yaşı tökməmişdik.
... “İlhamə ölməyib”, ağzına qədər dolu olan 10 nömrəli marşrutda ayağını qoymağa yer tapmayıb tək ayaq üstə dayanan cavan oğlanın yol yoldaşı ilə mübahisəsi dünən medianın “sui-qəsd nəzəriyyəsi” ilə çıxış etdiyi iddialar kimi diqqətimi çəkdi. Deyilənə görə, Elgiz belə deyirmiş. “Yox, Elgiz deyir ki, öz əcəli ilə ölməyib, guya kimsə bilə-bilə öldürüb”, mübahisəyə qoşulan yandakı kişi ağıllı-ağıllı dilləndi. Onun yanında oturan qadın (deyəsən, Elgizə vəkillik edən kişinin arvadı idi) “a kişi, mən hələ də gözlərimə inanmıram” deyə söhbətə qoşuldu.
“Ay xala, vallah tabutunun şəkilini gördüm saytlarda, özü də
vəsiyyət elədiyi kimi qırmızı kəfənə bükmüşdülər”, tək ayaq üstə
dayanan oğlanın yoldaşı qadını ölüm xəbərinə inandırmağa
çalışırdı.
63 il öncə Stalinin ölüm xəbəri gözlərimin önünə gəldi. Gözlərimin
önünə gəldi deyəndə, mən görməmişəm, amma o vaxt təxminən beş
yaşında olan atam danışırdı ki, hamı ağlayırmış, heç kim dahi
liderin - patriarxın ölümünə inanmaq istəmirmiş, 63 il sonra heç
kimin matriarxın ölümünə inanmaq istəmədiyi kimi. Atama da öz atası
danışıbmış.
Qəfil tormoz verən avtobusda hamımız Bakı küçələrində tez-tez
baş verən zəncirvari qəza kimi bir-birimizə dəyib dayandıq.
“Erməni oğlu erməni”, sürücünün ona yol verməyən “xarici maşının”
arxasınca söyməsi “ölüm mübahisəsini” yarımçıq kəsdi.
“Erməni oğlu erməni”: Bu, Qarabağ müharibəsindən
sonra bizim milli ixtiramız olan söyüş növüdür və haqlı olaraq, heç
birimiz, nə olursa olsun, bu söyüşün ünvanı olmaq istəmirik. Bu
söyüş bir çox xüsusiyyətinə görə də fərqlənir. Misal üçün, evdə
ailənin yanında, yaxud qadınların da olduğu ictimai yerlərdə
işlətmək mümkündür. Amma əgər birinə “erməni oğlu erməni”
deyirsənsə, deməli, onun bütün əsil-nəcabətini yad etmiş olursan.
Axı Xocalı kimi faciəni yaşamış bir xalqa bu söyüşü necə rəva görə
bilərsən?!
... Nənəm danışırdı ki, “erməni oğlu ermənilər” Xocalını topun,
tüfəngin ağzına verdiyi gün göydəki Allah belə ağlayırmış. Təbii
ki, Allahın göz yaşı tökməsi nənəmin məcazı idi, amma bu bənzətməni
ömrü boyu dünyanı Aran çölləri hesab edən qoca arvadın yaşlı
təxəyyülünün şedevri hesab etmək olardı. Həqiqətən də ana
bətnindəki körpələrin, uşaqların, qadınların öldürüldüyü Xocalı
düzünə göylər o qədər ağlamışdı ki...
... Və 24 il sonra 10 nömrəli marşrutdakı insanlarımızın
mehribanlığını, onların mübahisəsini nə nənəmin yaşlı təxəyyülü, nə
də dünən torpağa tapşırdığımız Umberto Eko dühası qələmə ala
bilməzdi.
Sürücünün milli ixtiramız olan söyüşü dilinə almasından bir az
sonra qadına and-aman edib inandırmağa çalışan oğlanın “Axşam
televizorda baxarsınız” sözləri ilə “ölüm mübahisəsinə” son
qoyuldu.
Bu dəfə “Müzakirə masasına” efirlərimiz yatırılıdı. Arxada əyləşmiş şair tipli cavan oğlanın “Axşam televizorlar qan ağlayacaq” atmacası hamımızı güldürdü. Girişin yaxşı olduğunu görən “şairin” “Mikayıl olsaydı, qan eləyərdi” deyə ikinci zarafatı o qədər də uğurlu olmadı. Əvəzində müzakirələrə moderatorluq edən oğlan “Mikayılın verilişində Nəriman dayı var idi e, efirlərin gülü, görəsən, MTRŞ ona da efir qadağası qoyub” deyə yeni mövzu açdı. Və efirlərin “Nəriman dayısının” uşaqlıq sevgisindən başlamış, evlənməmsinə, yaşının neçəliyindən tutmuş, hər efirə görə nə qədər pul almasına qədər iddialar, qarşılıqlı diskussiyalar və mübahisələr aparıldı. Arada “şair”ə zəng gəldi, o da axşamkı “Latsio-Qalatasaray” oyununda elə telefon vasitəsilə “cim-boma” pul yatırdı. Sözlərin göydə uçuşduğu bu mərəkə İlhamə Quliyevanın ölümünə inanmayan qadının “eh, kimlər ölmür ki, həyatdır” deyərək ərinin qoluna girməsi ilə bitdi. Qadın, axır ki, ölümü qəbul etmişdi. Və marşrut "Gənclik" metrosunun yanında saxladı, çoxları düşdü, elə mən də.
Tez qayıdıb ölümü yenicə qəbul edən qadına “narahat olma, kimlər
ölmür ki. İlhamə Quliyeva öldü, dünən də Umberto Eko ölmüşdü, iki
il öncə Markesi də yazın oğlan çağında torpağa verdik...” demək
istəsəm də, görüşmək üçün məni gözləyən həmkarımın “Brusli vızıvı”
arzumu ürəyimdə qoydu.
Amma mən o qadına təsəlli vermək istəyirdim, demək istəyirdim ki,
“Necdet Tosun öldü, artıq yeməkləri sən, salatı mən
düzəldəcəm, Kamal Sunal da öldü, Əhmədim də öldü. Gözəl ürəkli
əmilərimizi bir-bir torpağa verdik və dünya çirkləndi, filmlər
pozuldu, o məsum sevgilər yaşanmır artıq”.
Fidel Kastro belə öləcək, qadın...
... Metro ilə evə qayıdanda insanlarımızın üzündən düz vaqonun
döşəməsinə qədər hüzn tökülürdü. Topuğuma qədər hüznün içinə
batmışdım. İlk dəfə idi ki, mindiyim vaqonda hər kəs oturmuş, ilk
dəfə idi ki, heç kim o birinin telefonuna boylanmır və ilk dəfə idi
ki, şəhər sakinləri bir başqa görünürdü. Hər kəs sanki bu dəqiqə
ağlayacaqmış kimi bir-birinin üzünə baxırdı. Metrodan düşənə qədər
mən də göz yaşlarımı tuta bilmədim.
Amma insanlarımızın 24 il sonra Xocalı dəhşətinə, yoxsa dünən
itirdiyimiz İlhamənin ölümünə görə hüznlü olduğunu da bilmədim.
Bu yazını niyə yazdığımı da bilmirəm. Bircə onu bilirəm ki, bu yazı
qədər mənasız adamlarıq.
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
























.jpg)















