Köşə
Köhnə evimiz!
Kəramət Böyükçöl
Kəndimizdə beş otaqlı bir evimiz var. Köhnə bir yuvadı, amma həyata qarşı müqaviməti hələ də güclüdü. Babam, nənəm gözlərini bu dünyaya yumandan sonra əmilərim, bibilərim hərəsi bir yerə getdi, o ev qaldı boş.
Atam deyir, toyumdan sonra o beş otağın birində qaldım, sonra köçdüm rayona, ordan da Bakıya. Hər kəs belədi, evlənən kimi köçmək istəyir. Köçməsən elə bilirsən yenə subaysan.
Həmin ev, xüsusən atamın anamla iki il yaşadığı və mənim dünyaya göz açdığım o kədərli otaq niyəsə çox qəribə gəldi mənə. Divarlar elə bil darıxır... O qədər darıxır ki, üzü qırış-qırış olub. Deyirəm adam getdiyi yerə evini də apara bilə, ilahi, nə gözəl olardı. Ən çox da otağın tavanına baxanda məni maraq bürüdü. Tavandan bir məftil asılı qalmışdı; balaca, barmaq boyda paslanmış bir məftil. Bunun nə olduğunu atamdan soruşdum.
– Sənin yüyrüyünü oradan asırdıq – dedi.
Atam bu sözü dilə gətirəndə mən yuxarı – düz o məftilin gözünün içinə zillənib gülümsündüm, elə bil məftil də mənə baxırdı. Məftilin ortasındakı deşik balaca bir uşağın gözünün qarası boyda olardı, ya olmazdı.
Nədənsə içəridə o məftilin bağlandığı taxtaya da baxmaq istədim. Ona görə yuxarı – dama qalxdım. Toz oldu üst-başım.
– Cəhənnəm ol düş aşağı, ilan-zad olar – anam əsəbiləşdi.
Baxdım ki, quşlar yuva qurub damda, yumurta qoyub, bala çıxardıb... Bir az o tərəfdə pişiklər məskən salmışdı. Kim bilir, bəlkə də evi ayaq üstə saxlayan quş yuvalarıdı. Yuva, pişik balaları olmasaydı, o ev çoxdan yıxılmışdı, çoxdan uçmuşdu. Ev quşların, pişik balalarının xətrinə yaşayırdı.
Evin damı qədim şəhərləri xatırladırdı. Düz o məftilin bağlandığı milə kimi getdim, qapqaranlıq olsa da heç nədən qorxub çəkinmədim, telefonumun işığı sağ olsun. Qəribə idi. Bu məftili 30 il qabaq atam bağlamışdı bura. Özü də elə bərk-bərk sıxmışdı, o qalınlığında məftili taxtaya möhkəm-möhkəm üç-dörd dəfə sarımışdı, sonra üstündən beş-altı mismar da vurmuşdu. Görəsən, mən nə ağırlığında uşaq olmuşam ki?!
Məftilə baxanda lap atama gülməyim gəldi. Təsəvvür eləyin, atam yenə inanmırmış. Elə bilirmiş məftil açılacaq, ya qırılacaq, mənə nəsə olacaq. Ona görə tez-tez anama deyirmiş uşağı yüyrükdə yavaş yellə, o məftilə etibar yoxdu.
Anamdan soruşuram:
– Mən uşaq vaxtı neçə kiloqram olmuşam?
– Nə bilim, arıq uşaq idin, 3-4 kiloqram olardın.
– Bəs atam niyə bu qədər narahat olub?
– Bilmirəm...
Bu yaxınlarda qızım ilk dəfə mənə ata dedi. O qədər sevindim, istədim qızımın qabağında dombalaq aşam, güclə saxladım özümü. Qızımı qucağıma alıb diqqətlə gözlərinin içinə baxdım. Birdən onun qara gözlərinin dərinliyində 30 il bundan qabaq atamın evimizin tavanına möhkəm-möhkəm bağladığı həmin məftili gördüm.
Doğrudan, həyat çox qəribədi, aradan neçə illər keçib, atamın ürəyi məndən sındı, amma o məftil hələ də qırılmayıb, eləcə dayanıb...
-
İdman21:48Ayxan Abbasov: “Belə söhbətlərə qarışa bilmirik”
-
Magazin120:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
-
Sosial18:36Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın




















.jpg)













