“Tanrının gələcəyi varmı?”, yaxud “Ayə, hariyə gedersən?”
Bizi izləyin

Köşə

“Tanrının gələcəyi varmı?”, yaxud “Ayə, hariyə gedersən?”

“Tanrının gələcəyi varmı?”, yaxud “Ayə, hariyə gedersən?”

Aqşin Yenisey

Biz tanrını bir anlayış kimi inkar edə bilmərik; sivilizasiya, mədəniyyət dediyimiz şey bu sözün, bu kəlmənin üzərində boy atıb, bütün yerdə qalan anlayışlar bu anlayışdan törəyib və yer üzünə yayılıb - o gün Misirdə möminləri qanına qəltan edən zehniyyətdən tutmuş, bu gün Bakıda “Ölüm, ya Olum” bəşəri sualını “Ayə, hariyə gedersən” sualı ilə əvəzləyən külli zehniyyətə qədər. Yəni tariximizdə, evimizdə, ətrafımızda gördüyümüz yaxşı və pis nə varsa, tanrı anlayışının törəmələridir.

Dünya şüurunda və alt şüurunda şaxələnib hər yeri tıxa-basa tutmuş ikinci belə bir anlayış yoxdur. Amma tanrının yaradıcı bir obraz, mistik bir bədən, metafizik bir obyekt kimi mövcudluğu mübahisəli məsələdir və elə bu anlayışın yarandığı gündən mübahisəlidir. İnsan idrakı iki prosesdən ibarətdir; təfəkkür və təxəyyül. Təfəkkürün yaratdığı anlayışı təxəyyül obrazlaşdırır, onu şəkilləndirir. Təfəkkürdəki tanrını (anlayışı) inkar etmək cahillik olduğu kimi, təxəyyüldəki tanrıya (obraza) inanmaq da cahillik əlamətidir. Və bəşəriyyətin mədəni, əqli inkişafına təfəkkürdəki tanrı anlayışı nə qədər xeyir veribsə, təxəyyüldəki tanrı obrazı bir o qədər ziyan vurub. Əslində, təxəyyüldəki obrazlaşdırılmış, şəkilləndirilmiş tanrıya inanmaq işin daha rahat tərəfidir, amma kainatı allah adlı fövqəlgücün yaratdığına inanmaq demək, cürbəcür mələklərə, cinlərə, şeytana, cənnətə, cəhənnəmə, nə bilim, dənizi ikiyə ayıran əsalara, göydən düşən qoçlara və s. inanmaq deməkdır. Çünki tanrını şəkilləndirən müqəddəs kitablarda tanrı obrazı özü də bu möcüzəvi ayın-oyunlardan inamla danışır. Əsas məsələ bütün bu dini ayın-oyuna inanandan sonra kainatın belə bir tanrı tərəfindən yaradıldığına inanmaqdır ki, təfəkkür bunu qəbul edə bilmir. Təxəyyül tanrını təfəkkürdən alıb obrazlaşdırıb özünə qaytardıqda təfəkkür öz anlayışını tanıya bilmir. Obrazlaşdırılmış tanrı, sadəcə, insanın məqsədləri üçün lazımdır, onun başqa heç bir dəyəri yoxdur. Bu mistik obraz, məsələn, ona tapınan futbolçuya 11 metrlik cərimə zərbəsi zamanı, topu görməməsindən ötrü, rəqib qapıçının gözlərini 2-3 saniyəlik bağlamaq, səkkiz qızdan sonra arvada oğlan doğuzdurmaq üçün ona yalvaran atanın “gecə həyatına” əl yetirmək, Fizika elmlər doktoru olmaq istəyən azərbaycanlı alimə akademiyada daydayılıq etmək və s. üçün lazımdır. İnsan tanrını obrazlaşdırmaqla onun faydalı iş əmsalını yaratmaq istəyir. Bir də bu təxəyyüldəki tanrı obrazının böyük siyasi-ictimai-sosial məqsədlərə verdiyi töhfələr var ki, onu məqsədə uyğun olaraq hərə kefi istədiyi şəklə sala bilir. Məsələn, Teymurləng Dehlini yağmalamağa gedəndə bəhanə edirdi ki, Hindistanda çoxlu tanrı var, gedib onları tanrının tək olduğuna inandırmaq lazımdır. Ancaq işğaldan sonra rəngbərəng hind allahlarına heç bir şey olmadı, ancaq Teymurun əsgərləri Dehlinin var-dövlətini qatırlara yığıb Himalayın bu biri üzünə daşıdılar. Yaxud din xadimləri dil boğaza qoymadan tanrı obrazının yer üzündə sosial ədaləti qorumaq üçün insanlara lazım olduğunu söyləyirlər. Bu, həqiqətən də belədirmi? Yenə tanrıların vətəni Hindistana müraciət edək: Bilirsiniz ki, Hindistanda Qanq çayının sahilində ölülərin yandırıldığı Varanasi şəhəri var, demək, brəhmənlər burada beş min ilə yaxındır bir ocaq yandırıb növbəylə keşik çəkirlər ki, sönməsin və camaatı min illərdir aldadırlar ki, guya, bu ocağın odu müqəddəsdir və imkanlı, varlı şəxslərin atalarının, özlərinin meyiti bu ocaqdan götürülmüş odla yandırılmalıdır. Min illərdir Varanisdə din xadimləri od satırlar varlı əbləhlərə, od alveri edirlər. Kasıb-kusubun meyitini isə bu odla yandırmaq günahdır, ona görə də kasıblar meyitlərini yandırmaq üçün evdən ciblərinə “spiçka” qoyur, bir qırıq da nöyütlü təzək götürüb yollanırlar Varanasiyə. Hanı tanrı sosial ədalət keşikçisi idi? Hanı burda ilahi ədalət?!

Bəzən çox ciddi elm adamları, Eynşteyn də daxil olmaqla, təfəkkürdəki tanrı anlayışı ilə təxəyyüldəki tanrı obrazını bir-birindən ayırmaqda çətinlik çəkirlər və biz tez-tez mətbuatda belə bir iman türünə rast gəlirik ki, kimsə dinlərin təklif etdiyi tanrı obrazına deyil, obraz olaraq başqa bir yaradıcı tanrıya inandığını elmi iddia ilə söyləyir. Əslində, bu iman, “başqa bir tanrı” inancı, iddiası bütün peyğəmbərləri peyğəmbər yapan bir inancdır. Hər bir peyğəmbər ona təklif olunan tanrını inkar edib, yerinə öz inandığı tanrını qoymuşdur. Məsələn, bir yəhudi peyğəmbərinin El dediyi tanrını başqa bir yəhudi peyğəmbəri Yahova ilə əvəzləmişdir. Yəni elm adamlarının “tanrıdan başqa tanrı var” deməsi dini düşüncədir, həm də inqilabi bir dini düşüncədir. Dində inqilablar tanrının yenidən şəkilləndirilməsi ilə baş tutmuşdur. Bu, elə dinin də dediyi kimi, dünyanı yaradan bir fövqəlgücün, fövqəlobrazın olduğuna inanmaqdır. Bu düşüncədə olan insanlar, sadəcə, tanrıya iudaizmin, islamın, xristianlığın geyindirdiyi libası qəbul etmirlər, onun ayrı libasda olduğunu düşünürlər. Başqa tanrı varsa, onda elə bu tanrı da var, bu tanrı yoxdursa, onda başqası necə ola bilər? Bu tanrının varlığının sübutu yoxdursa, başqa tanrının varlığının sübutu nədir? Məncə, elm adamlarına xas olan bu alternativ iman türü ibtidai qorxunun şüurda ilişib qalan və intellektual deformasiyaya uğramış formasıdır. Ağılın dediyinə qəlbin inanmamasıdır, müqavimət göstərməsidir. Tanrını anlayış olaraq deyil, obraz olaraq qəbul edib, gizli məqsədlər üçün istifadə etmək cəhdidir. Ən azı, öləndə hər kəsə lazım olacaq şey tanrı anlayışı yox, tanrı obrazıdır. Çünki bizi öləndən sonra da başqa bir şəkildə yaşamağa davam edəcəyimizə söz verən tanrı anlayışı yox, tanrı obrazdır. Anlayış özü-özlüyündə vəd verə bilməz, lazım olan vədi qoparmaq üçün onu obrazlaşdırmağımız, dil bilən hala salmağımız gərəkdir. İnsan ömrü boyu əzab çəkdiyi həyatın əbədi olmasını niyə istəyir, bu da başqa bir sualdır. Şəxsən mən, ölümü, həyatdan birdəfəlik rədd olacağım uğurlu gün kimi gözləyirəm.

İnsanlar kimi xalqların da tanrı obrazına münasibəti fərqlidir; bu fərqi hər bir xalq öz folkloruna, ədəbiyyatına bu və ya digər formada ötürmüşdür. Mistika dedikdə, sözsüz ki, birinci yerdə yenə Hind xalqı yer alır. Hind panteonunda nə qədər sayca çox allah olsa da, hindlilərin inancı bu gün metafizik gücdən məhrumdur, çünki hindlilər, məsələn, yəhudilər, xristianlar, müsəlmanlar kimi özlərinin metafizik axtarışlarını allahla başa çatdırmadılar, onlar allahı aşdılar. Yoqa kimi müxtəlif texniki meditasiya təlimləri yaratdılar və bu gün yoqa ilə məşğul olan bir hindli üçün allahlar öndə deyil, arxada dayanır. Bu cür meditativ təlimlər hind mistikasını ənənəvi xeyir-şər, allah-şeytan qarşıdırmasından xilas etdi. Bu gün mömin hindli ilahi xeyir-şər ziddiyyətinin fövqündədir, bu çəkişməni bir müsəlman kimi məişət səviyyəsinə daşımır, o, ibadət zamanı xaricində olan tanrı obrazı, fövqəlgüclə deyil, öz içində tapdığı mistik güclə dincəlir, rahatlıq tapır. Hindli gələcəyi göydə axtarmır, onun yerdəki mistik güclər tərəfindən dəyişdirilə biləcəyinə ümid edir. Yerdəki mistik güc isə onun özündədir, özünü güc kimi görməsi onu digər din mənsubları kimi başqasına qarşı düşmən kimi qoymaqdan xilas edir. Biz türklərdə mistika tale kimi götürülür, tale isə türk mifoliji şüuruna görə ikinci "mistik-mən" kimi başa düşülür, yəni tale mənə nəzarət edən ikinci bir şəxsdir, o yaxşıdırsa, mən də yaxşıyam, o pisdirsə, mən də pisəm. Türklər tanrı obrazını metafizik dost kimi qəbul edirlər. Türklərdə "kölgəsini qılınclamaq" ifadəsi də insanın taleyini, yəni "mistik-mənini", mistik dostunu, arxasını öldürməyə işarədir. Ruslarda (pravoslavlarda) mistika daha çox şər qüvvə kimi götürülür, İsa tanrı obrazının önünə çıxarılır. Görünür, çarmıxda İsanın can verərkən “məni niyə tərk etdin, ata” çağrışına cavab vermədiyi üçün pravoslavlar tanrı obrazına soyuq münasibət bəsləyirlər. Maraqlıdır ki, ruslar kilsəyə də mistik şər qüvvələrdən qorunmaq üçün gedir və tanrıdan deyil, İsadan kömək istəyirlər. Ruslara görə, şər qüvvə nə göydə, nə də hansısa gözbağlayıcı şəklindədir. O, bizdən biridir, bəlkə də, dostumuz, valideyinimiz, sevgilimizdir, həmişə bizim aramızdadır. Məsələn, Bulqakov “Master və Marqarita”da bu rus mistisizmini yazıb. Rus öz şərinə qarşı özünü Xeyir kimi görür və bu yolda İsadan ona yardımçı olmasını istəyir. Ərəblərin allaha münasibətini ona görə yazmıram ki, onu hər yerdə özünüz görür və müşahidə edirsiniz.

Yazının başlığına çıxardığım sual mənə aid deyil. Bu sual bu gün yaşadığımız sivilizasiyanın tarixindən və taleyindən bəhs edən bütün kitabların cavab axtardığı bir sualdır və mən də onu bu kitabların birindən götürmüşəm. “Tanrının gələcəyi varmı” sualını başlığa çıxarmaqda məqsədim odur ki, bəşəriyyətin cavab axtardığı suallarla bizim cavab axtardığımız suallar arasındakı məsafənin uzaqlığını göstərim. Bizdə səhv etmirəmsə, cəmiyyət olaraq, cavab axtarılan ən aktual sual hələ ki, budur: “Ayə, hariyə gedersən?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm