Ankaralı “əcnəbi qadın”ın hekayəsi
Bizi izləyin

Köşə

Ankaralı “əcnəbi qadın”ın hekayəsi

Aqşin Yenisey

Aqşin Yenisey

Sergey Dovlatovun “Əcnəbi qadın” adlı kiçik bir romanı var; məncə, dünya ədəbiyyatında sıravi mühacirlərin həyatından bəhs edən ən gözəl romanlardan biridir. Dovlatov bu romanda sovet totalitarizmindən qaçan Marusyanın və onun ətrafında hərlənən insanların timsalında sıravi rus mühacirlərinin Amerikada necə gündəlik işlərin, lüzumsuz mövzuların əsiri olduqlarını, sosial mənalarını itirib özlərini məqsədsiz şüur axınının ağuşuna ataraq, sadəcə, son mənzilə dığırlanmaqla əlləşdiklərini özünəməxsus yumorla qələmə alır.

Ankaraya gəldikdən sonra özümün də Dovlatovun qürbətdə avaralanan tüfeyli mühacir qəhrəmanlarından birinə çevrildiyimi anladıqca, çoxdan oxuduğum bu romandakı obrazları bir-bir xatırlayıb, çəkdiyim siqaretlərin acı tüstüsünü gözümün qabağında onların xəyali obrazları kimi canlandırmağa başlamışam. Əsərdən sitatlar gətirməyəcəyəm, oxumaq istəyənlər, biz az zəhmət çəkməli olacaqlar. Mən bu yazıda Ankarada, təsadüfən, əmlakçılarda, ikinci əl əşya bazarında, poçtda, çarşıda, hamının içki və siqaret almaq üçün üz tutduğu, müştərilərinin, az qala, gizli bir təriqət üzvü kimi hiyləgər həmrəyliklə salamlaşdığı dükanlarda gördüyüm, atüstü, ayaqüstü söhbət edtiyim, bəziləri ilə artıq dostlaşdığım, mühacirlik əhvalatları, boz mühacir həyatları ilə eynən Dovlatovun personajlarına bənzəyən sıravi azərbaycanlı mühacirlərdən yazacağam.

“JEK”-in zülmündən qaçan qadın

Kirayə ev axtararkən əmlakçıda tanış olduq onunla. O da kirayə qaldığı evi bu əmlakçı vasitəsilə tapmışdı. Əvvəlcə azərbaycanlı olduğunu hiss edə bilmirdim, çünki onda vətəni xatırladan heç bir iz yox idi; nə davranışlarında, nə danışığında. Təcrübəmdən bilirəm ki, bizim qadınlar, adətən, söhbət zamanı ilk növbədə qarşısındakına “səndən daha imkanlıyam”, “bizim maşın sizinkindən daha böyükdür”, “ailədə səndən daha xoşbəxtəm”, “mənim ərim sənin ərindən daha yaxşı...” - nəsə, çox qaranlıq otaqlara burnumu soxmayım – kimi özünü bir pillə uca göstərən əlamətlərə üstünlük verirlər. Bu qadının sifətində isə həyatdan, taledən şikayət, narazılıq ifadəsi yaşın təsiri ilə bir balaca yumşalıb Füzuliyanə qüssəli bir görüntü yaratmışdı. Əmlakçı ilə danışarkən nitqimdə Azərbaycan sözləri eşidib, o da azərbaycanlı olduğunu çətinliklə də olsa, boynuna aldı. Əvvəlcə, az qaldı, üstümə atılıb o üzümdən, bu üzümdən öpsün, amma tez özünü yığışdırdı, özü ilə dar gün üçün vətəndən gətirdiyi milli şübhə hissi içəridən dərhal onu “uyardı”. “Az, nə bilirsən hansı yuvanın quşudur, allah bilir, çuşkanın, qaşqaldağın biridir. Görmürsənmi 1000 lirəlik evi 900 lirəyə saldırmaq üçün bayaqdan əmlakçıya Nəcib Fazil Qısakürəkdən, Atilla İlhandan, Edib Cansevərdən necə şıdırğı şeirlər oxuyur. Bu bir az da danışsa, “bir millət, iki dövlət” söhbətinə keçəcək. Hələ bir də gördün qəfildən qayıtdı dedi ki, türkün türkdən başqa dostu yoxdu”.

Allahtərəfi, əmlakçı qiymətdə razılaşdı və mənim son həmlə olaraq ofisdə uca səslə “Çırpınırdı Qara dəniz” mahınısını oxumağıma ehtiyac qalmadı, 100 lirəlik uğurlu nəaliyyətdən istifadə edib həmyerlimlə bir balaca dərdləşəsi olduq. Danışır ki, 12 il əvvəl Gürcüstanda atamdan qalan ev-eşiyi satıb Bakıya köçdük ki, ev alıb Bakıda yaşayaq. Sənədləşmə zamanı “JEK”-ə o qədər gedib-gəldim ki, məhlədə adıma söz çıxdı. “JEK”-də məndən o qədər arayış istədilər ki, heç AFR-lə ADR-in parçalanmasında o qədər sənədə ehtiyac olmamışdı. Bu arayışı apar su idarsində burasını düzəltdir, o arayışı apar qaz idarəsində orasını düzəltdir, sonra o biri arayışları gətir orasını da, burasını da özümüz düzəldək, sonra özümüz düzəltdiklərimizi apar, notariusda təsdiqlətdir. Notariusun təsdiqlədiklərini apar BAQS (bilmirəm bu indi hansı idarədir) təsdiqləsin. Hə, indi BAQS-ın təsdiqlədiklərinin birini apar su idarəsinə, o birini isə ver qaz idarəsinə. Onlar sənə başqa arayış verəcəklər, onları götür get, icra hakimiyyətinə, icra hakimiyyəti sənə mükəlləfiyyətnamə verəcək, onu gətir bizə. Biz üstünü yazandan sonra get “pajarnıya”. Ordan da get filan idarəyə. Qapıda bir qoca kişi durur, alt dodağı yer süpürür, üst dodağı göy, ona 2 manat ver, o, səni bir kabinetə aparacaq. Kabinetin qabağında bir at, bir it görəcəksən. Atın qabağında ət, itin qabağında ot var. Otu atın, əti itin qabağına qoy. Qapı açılacaq. İçəri gir, yuxarı başda meşin kresloda yekəqarın, bığlı, qalstuklu kifir bir kişi oturub. O, sənə deyəcək ki, gəl başımın bitini təmizlə, get təmizlə. Sonra deyəcək ki, neçə ildi çimmirəm. Tez kabinetin ortasına bir vanna isti su qoy, onu çimizdir. Elə et ki, sabun gözünü yandırmasın, yoxsa əsəbiləşər işlərimizin hamısı "sarvat" olar. Çimizdirəndən sonra deyəcək ki, siyirtmədə daraq var, onu götür saçımı dara. Siyirtməni açanda taxta dişli bir daraq, protez diş və bir çərəkə görəcəksən, onları götür evinə doğru qaç. Kişi arxanca düşəcək, gördün çathaçatdadır, haqlayıb, əvvəlcə darağı yerə at, dərhal qalın bir meşə bitəcək, o kişi ağacları qıra-qıra arxanca gələcək, amma sən xeyli uzaqlaşacaqsan. Elə ki meşədən çıxdı, yenə gəlib sənə çatacaq. Əlini uzadıb tutmaq istəyəndə çərəkənin ipini dişlərinlə qır, dənələrini yerə səp. Dərhal göydən dolu yağacaq. Kişi bir mağaraya girib dolunun kəsməyini gözləyəcək, sonra sən yenə evə doğru qaç, yenə ondan xeyli uzaqlaşacaqsan. Amma dolu kəsəndən sonra o, yenə sənin arxanca gələcək. Elə ki gördün nəfəsinin qoxusunu boynunun ardında hiss edirsən, tez protez dişləri yerə at, dərhal dişlər ac bir canavar sürüsünə çevriləcək və kişinin üstünə cumacaqlar. Kişi bir-bir canavarların ağzını cıra-cıra arxanca gələcək. Əgər sən o vaxta qədər qaçıb aldığın evə girə bilsən, arzuna çatacaqsan. Yox, kişi səni yolda yaxalasa, ev sənin olmayacaq. Get kimə deyirsən de.

(Pauza. Qadını ağlamaq tutur)

Bu yerdə qadın xatirəsinə ağlamaqla pauza verdiyindən əhvalatın geri qalanını öz dilimdən danışmalıyam. Demək, kişi bütün meşəni qırır, səbrlə dolunun kəsməsini gözləyir, canavarların hamısını öldürür və evə qadından tez çatır, o dəqiqə də evi öz adına keçirtdirir. Arzusuna çatmayan qadın “JEK”-ə şikayətə gedir. “JEK”-də deyirlər ki, öz acizliyindir, biz sənə Bakıda arzuya çatmağın bütün cikini-bikini dedik, day adama bundan artıq necə kömək edərlər? Atalarımız necə deyib, ev kimindi? Birinci girənin! Get, kimə deyirsən, de! Qadın gedib “JEK”-dən icra nümayəndəsinə şikayət edib, orda da eyni sözləri eşidir: “Ev kimindir? Birinci girənin!” Get, kimə deyirsən, de! Şikayət edə-edə qadın bir də onda ayılır ki, ziyarətgahdadır və allaha şikayətə gəlib. Tərslikdən o gün allah da əsəbi imiş, kimsə cavan və sağlam toğlu əvəzinə ona qurbanlıq adıyla qoca qoyun sırışdırıbmış. Allah da qadına deyir ki, ay bacı, nədi ərindən boşanan, doğa bilməyən, gəlinindən yarımayan qaçır mənim üçtümə? O qalınlıqda kitab göndərmişəm, day nə istəyirsiz məndən? Bəlkə, gəlim sizin yerinizə bozbaş da bişirim? Get, kitab açdır, hamısı “Quran”da yazılıb. Əgər orda yazılanlar səni qane etmirsə, get kimə deyirəsən, de!

Beləliklə, hər yerdən ümidi kəsilən qadın ilk fürsətdəcə Ankaraya qaçır və üzündəki narazılıq, şikayət dolu ifadədən başqa vətənin bütün izlərini silib atır.

Burda tanıdığım azərbaycanlıların doxsan doqquz faizinin mühacirlik hekayəsi belədir. Onlar siyasi baxışlarına, söz və fikir azadlığına, hansısa mühüm sirri gizlədiyinə zada görə ölkədən üz çevirməyiblər. Biri “JEK”-in zülmündən qaçıb, birinın “moykasını” əlindən alıblar, o biri yeddi ay maaşını ala bilməyib, digərini kafe işlətməyə qoymayıblar, bir digəri də, sadəcə, elə bilib ki, Türkiyədə yel əsib, qoz tökülüb.

Hekayələrimiz davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm