Küçədəki o nənədən mütləq limon al, çünki...
Bizi izləyin

Köşə

Küçədəki o nənədən mütləq limon al, çünki...

Zümrüd Kərimova

Bu yaxınlarda dünya mediasında bir xəbərə rast gəldim: Amerika Birləşmiş Ştatlarının 3 ən böyük şəhəri olan Nyu York, Los Anceles və Çikaqoda yaşayan və illik gəliri 60 min dollar olan insanlar kütləvi şəkildə bu şəhərləri tərk edir...

Sonra yadıma düşdü ki, ölkəmizdə bu proses tamamilə əksinə gedir. Yəni firavan ölkəmizin müxtəlif bölgələrində yaşayan insanlar öz həyat səviyyəsindən narazlığını boxçasına qoyaraq kütləvi şəkildə ölkənin ən böyük şəhərinə axın edir...

Elə bunun nəticəsidir ki:

1. Limonlar bazarda deyil, metro çıxışlarında satılır.

2. Bizdən öncəki nəsillərin xatirələrində tozlu nostalgiyaya qarışmış xırda ləvazimat köşklərini küçədə qələm, salfet, günəbaxan tumu, müxtəlif xırda əşyalar satan yaşlıların soyuqdan büzüşmüş əlləri əvəz edir.

3. Demək olar ki, hər məhəllənin istirahət üçün nəzərdə tutulmuş bir küncündə hər gün quş yuvası boyda meyvə dükanları peydə olur...

Və paytaxtımızın bu dəyişkənliyi məni, nəinki, bayram ərəfələrində, demək olar ki, hər gün bir az da çox düşündürür, kədərləndirir, heyfisləndirir...

Vallah bilirəm... Bilirəm ki, kimsə ideal yaşamır. Dünyada elə bir ölkə yoxdur ki, onun bütün vətəndaşları rahat, xoşbəxt, firavan və yağ-bal içində yaşasın. O dünya yalnız Nizaminin “xoşbəxtlər ölkəsi”ndə var. Hərçənd ki, o “xoşbəxtlər ölkəsi”ni Dostoyevski “Gülməli adamın yuxusu” əsərində yerlə yeksan edib...

Amma... Tanrı insanlara yardımlaşmaq, mərhəmət etmək, müxtəlif donlarda, hərəkətlərdə sevgisini biruzə vermək, başqalarının səhvlərindən, yaşadıqlarından dərs çıxarmaq kimi keyfiyyətlər verib. Allah insana dünyanın ən yaxşı neməti olan əmək bacarığını bəxş edib. Doğrudur, burada ayrı-seçkilik salıb bütün bəndələrinə tolerant davranmaya bilər. Lakin məhz mərhəmət hissi qeyri-bərabərliyi kompensasiya etmək üçündür.

Mərhəmət – küçədə gördüyün kimsəsiz uşağın başına çəkdiyin sığalın, həyatda ən böyük dayağını itirən dostunun çiyninə qoyduğun əlin, işləməyin ağrısından gecələr özünə yer tapmayıb, gündüzlər dincələ bilməyən o süpürgəçiyə açılan qollarındır. Kimsə mənim bu sözlərimin şablon olduğunu deyə bilər. Lakin mən həmin o insandan soruşuram: mərhəmət hissinin sonuncu dəfə nə zaman xatırlamısan? Sonuncu dəfə nə zaman olub bu buz şəhərin soyuq divarları arasında özünə təhlükəsiz, isti bir yer axtaran adamın əllərini nəfəsinlə isitdiyin? Nə zaman hər şeyini itirib, sonunda intihar etməkdən belə üşənən bir bomja siqaret uzatmısan? Və yaxud hər gün minlərlə insanın ayağının tozunu ciyərinə çəkən, barmaqları soyuqdanmı, yoxsa limonun rəngindənmi seçilməyən o cənublu nənədən limon almısan?

Əgər bu fikirlərim sənə yenə də şablon gəlirsə, o zaman bəlkə də eşidərkən qulaqardına vurub əhəmiyyət vermədiyin bir-iki tövsiyəni yadına salmaq istərdim:

1. Əgər mümkündürsə, qarşıdan gələn bayramın hazırlığı üçün meyvəni, tərəvəzi elitliyi ilə insanın gözünü qamaşdıran supermarketlərdən yox, kiçik mağazalardan al. Həm sənin üçün ucuz başa gəlsin, həm də kasıb insanlar mərhəmətindən faydalansın.

2. Küçədə, metroda qələm, salfet, günəbaxan tumu, müxtəlif xırda əşyalar satan yaşlı, cavan, hətta uşaqlardan mütləq nəsə al. Vacib deyil, onlar sənə lazımdır, ya yox. İnan ki, 1 manatla heç nə itirməyəcəksən. Amma əvəzində o, ən azı evinə 2 çörək ala biləcək.

3. Əl açıb yardım istəyən yaşlı insanlara kömək et – lazımsız bilib istifadə etmədiyin 5 qəpiklə belə olsa...

Axı bu bayram həm də onlar üçündür. Axı onların da uşaqları, nəvələri var... Və bəlkə heç zaman bayram görməyən içində boynunu büküb durmuş uşaqlıqları...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm