Köşə
Belə oğlanların qulağından tutub yolları...
Leyla Sarabi
Tüstüsünü beyninə sovurduğu siqaret kötüyünü yerə atan “borzıy qaqaş” tiplərinin qulağından tutub yolları öpdürmək istəyim içimdəki insan sevgisini bir damcı azaldır. Hələ o damcılar kirli saqqallı day-dayların boğazından qopub küçələrə qonanda, beynimin suyu lap quruyur.
6 illik fasilədən sonra fəsillərimin çiçəklərini yenə Bakıda soldururam. Məsələn, səhərlər məhləmizin küçələrində zibil tullamağa yer tapmayanda, plastması sarı, ərzaqları göy qapaqlı qablara atmağımçün darıxıram. Vay o gündən ki, zibili yanlış qaba tullayasan. Az qala ekologiya naziri gəlib qapını döyəcək ki, düş qanunlara xidmət elə.
Mən Bakıya yeni dönəndə önümüzə səpələnən hər zibil parçasına oğlumun gözlərini yummağa çalışırdım. Sonra anladım ki, gözü qapalı uşaq böyütmək özü də bir zibil deyil. "Sən onlar kimi olma, əlindəki qida, kağız tullantılarını zibil qutusuna at" dedim. Bu səfər də ağzını açmağa qab tapmadım. Oğlumdan utandım!
Hətta bir dəfə binamızın komendantı liftin divarına Markesdən sitat yapışdırmışdı: “Ay tərbiyəsiz insan, mədəniyyətin olsun. Uşağının pamperslərini qonşuların başına atma”. Bəs bu hönkürtü ilə gülünəcək duruma görə qonşum uşağından utanmadı?
Məni ən çox üzən nədir, bilirsiniz? Artıq oğlum küçələrə su səpən boş şüşələrə, asfaltı sığallayan konfet kağızlarına, sellofan bayraqlara elə alışıb ki, məni sorğu-sual eləmir.
Amma... Bu səhər bir başqadır. Havadan sarı-sarı günəş axıb tökülür. Həyətimiz plastmas qutulara bələnib. Sarı şəfəqlər gözümü qamaşdırdıqca, içimdə həyəcan tornadosu burulmağa başladı. Yarımkal beynim vurnuxub durdu. Axı tarix belə qəddar şəkildə təkarlana bilməz. Həqiqətənmi bir gecəyə Pandoraya çevrildim. Qapağı açsam, yer üzünə daha hansı müsibətləri ələyəcəm. Anidən içimə sakitlik çökdü. Ayağım müsibətin episentrinə yapışıb axı... Demək Zevsi (Tanrı, Tənqri, kimə inanırsınızsa O) vicdan boğub, bu qutuları da bir vaxtlar yerə göndərdiyi dərdi doldurub geri aparmaqçün yollayıb. Xülasə, əzizlərim, artıq bizim də zibil qutularımız var. Hətta kimsə qutunun qulağından bir paket quru çörək asıb ki, mövludumuz bərəkətli olsun. Bərəkətə belə sayğı göstərən xalqın bir gün plastmasa, kağıza, qarpız, yemiş qabığına, günəbaxan tumuna tapınacağına, öpə-oxşaya Pandora qutularına atacağına inanmaq istəyirəm.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































