Köşə
İnsanın ən vəhşi missiyası
Leyla Sarabi
Anna deyir - “Tanrı üçün hamı sağdır”.
Bəli, Tanrı bəzən çox qəddar, zamansız yerdəyişmələr edir, amma heç kimi öldürmür. Küsür, amma canını almır, bezir lakin sağ cibindən çıxardıb sol cibinə qoyur. Tanrı əslində anadır, bətnindən qopardığı ən xırda zərrələri olan bizi məhv etməyə qıymır. Odur ki, fərqli illüziyalar dünyasında var-gəl edirik, əsla yox olmuruq. Məsələn, bu kitabın sonunda nəfəsimiz tükənir, ürəyimiz səsini kəsir, amma elə həmin tanrı yenə də quyruğunu uzadıb bizi boğulmağa qoymur. Bəlkə də paralel dünyadakılar üçün biz ölüyük. Amma elə həmin ölü saydıqlarımızdan aldığımız enerjinin gücü bəzən bütün planetdən ağır gəlir. Bir ölü səni dünya boyda xoşbəxt eliyirsə, demək, o, səndən diridir.
Çox nadir hallarda, bəlkə də 4-5 ildən bir, mərhələli yuxu görürəm. Hər etapdan ayılanda deyirəm, bu sondur. İllüziyanın miqdarından anlayıram ki, hələ tam oyaq(?) deyiləm. Ən vahiməli də sonuncusu olur. Qışqırmaq istəyirəm, səsim batıb, bədənim beton kimi yuxuya yapışıb. Qopartmaq canımı alır. Psixoloqlar deyir, bu durumda insan oyanmasa, kliniki ölüm quyusuna diyirlənir. Əlqərəz, bu səhər 5 dəqiqəlik yuxuya getdim. Elə 5 mərtəbəli yuxunun 5-ci mərtəbəsində əynimdəki yun jaketdən anladım ki, hələ kuliminasiyadayam. Özümü yatmağa məcbur elədim. Qəribə də olsa, altıncıya qədər bütün mərtəbələrin tanrısı özüm oluram.
Tanrım, bu nə gözəl sürprizdir?! Deməli, istəyəndə ədalətli ola bilirsənmiş. Anam başımın üstündə oturub üstü çılpaq yatmağıma deyinir. Gözümü açan kimi üzü alışıb yanır. Mən onu çox möhkəm qucaqlayıram…qucaq boyda havaya dönür qollarımda. Amma əlindən möhkəm tuturam.
Son dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram. Ən gözəli bilirsən nədir? Saçları qış gecəsi kimi uzundur. Demək ki, orada qaşından tutmuş kirpiklərinə qədər xəzan olub ovucuna tökülməyib. Demək, ağrıdan özünü ocağa atmaq istəməyib. Demək, istəyəndə dipdiri mənə qonaq gəlir.
Sənin xoşbəxtlikdən heç ürəyin durub. Dərk elədim ki, bir az da ona baxsam, sevincdən dəli(?) olacam. Tez çantamı götürüb evdən çıxdım. 3 ildə ilk dəfə mən onu çağırdım, səsini eşitdim. Boynunu büküb məni evdə gözləyəcəkdi…gözləyəcək…
Əmin ol, anan müqəddəs deyil, sağlığına badə qaldıracaq qədər saf deyil, cənnətin bağındakı günahsız mələk deyil. Sən heç öz ürəyinin, ciyərinin qeydinə qaldığından ötrü kiməsə müqəddəs demisən? Analıq insanın ən vəhşi missiyasıdır. “Bətnindən qopan parçanı başqa orqanizmdə qoruyan canlıya ana deyilir”... Ki, bu da ən adi tələbatdır.
Bir də fərz et ki, səhərlər təzə dəm çayının ətrinə, deyinən səsinə oyandığın o missioneri Tanrı sol cibinə keçirdib. Bütün müqəddəslərin gözünü oymaq istəməzsən?
Qorxma, sənin anan yanındadır, evdə səni gözləyir. Mənim anam da yanımdadır. Evdə məni gözləyir.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ















.jpg)
















