Metroda heç kəsin görmək istəmədiyi sirli varlıq
Bizi izləyin

Köşə

Metroda heç kəsin görmək istəmədiyi sirli varlıq

Zümrüd Kərimova

Bakı metrosu. "20 Yanvar" stansiyası.

Əlində iki ədəd çəhrayı rəngli sellofan torba, orta boylu, çəlimsiz, təsəkli bir qoca vaqona daxil olur. Qapılar bağlanır. Qoca sıxlıqda özünə rahat dayana bilmək üçün yer axtarır. Gözü digər tərəfdəki bağlı qapıların qabağında olan boş yerə sataşır. Tələsik gözləri ilə məşğul etdiyi yerə keçib əlindəki torbaları yerə qoyur. Ayaqları ilə torbaların müvazinətini sabitləyir. Bu əsnada qatar döngədən sürətlə keçir və vaqonlar azacıq silkələnir. Silkələnməyin təsirindən özümə gəlib başımı kitabdan qaldırıram. Dağınıq vaqon sakinləri içində yuxulu gözlərimə ilk olaraq həmin qoca sataşır. Qalxıb ərkanla yerimi ona təklif edirəm. Etiraz etmir. Hətta bir az məsumluqla sevinir də. Əyləşir və bir dəqiqə ərzində ona verilən bu “təmənnasız hədiyyə”də özünü rahatlamağa çalışır. Qocanın nimdaş pencəyi və şalvarı çirkdən parıldayır. Pamazı köynəyinin boyunluğu da digər geyimlərindən geri qalmır. Köynək əyninə 2 ölçü böyük olduğu üçün qollarını səliqəsiz şəkildə yuxarı qatlayıb. Başındakı təsək də çoxdandır yuyulmayıb. Bunu üzərindəki saçlardan və artıq rəngi bozarmış kəpəklərdən təxmin edirəm. Dodaqlarının içəriyə doğru yığılmasından dişlərinin onu çoxdan tərk etdiyi hiss olunur. Gözləri çuxura düşüb, ətrafı güclü selin torpaqda yaratdığı paralel şırımlar kimi qırışlanıb. Amma mənim diqqətimi başqa şey təhkim edib qocaya: pambıq kimi ağappaq, qısa vurulmuş saqqalı və qara ayaqqabıları xüsusi bir qəribəliklə səliqəli və təmizdir.

Bakı metrosu. "İnşaatçılar stansiyası"

Birdən qocanın yadına qəfil nəsə düşür. Tez əlini cibinə atıb kiçik, şəffaf bir qab çıxarır. Bu, ağzı diyircəkli ucuz ətirqabıdır. Qoca qabın qapağını xüsusi səbirlə açıb ətirdən bir qədər sol ovcuna sürtür. Vaqonun işığında qocanın təmiz ovcu azacıq parıldayır. Ətrin qocanın qırış əllərində açdığı alayarımçıq şırımlardan hiss olunur ki, son damcılardır. Sanki quru torpaq üzərindən bir neçə dəqiqə əvvəl ilbiz keçib. Daha sonra eyni prosesi sağ ovcunda da təkrarlayır. Birdən başını qaldırıb qəribə bir doğmalıqla üzümə baxır. Dodaqlarında gülüş sezirəm. Ətirdən mənə də təklif edir: “Vurursan?” Gülümsünür. Başımla “yox” cavabı verib, ardınca bir neçə dəfə təşəkkür edirəm. İsrar etmir. Ətir qabını pencəyinin cibinə qoyur. Daha sonra ovuclarını bir-birinə sürtür ki, ətir daha yaxşı yayılsın və qoxusu havaya qovuşsun. Qocanı izləyən ətrafdakı insanlardan da bəziləri gülümsünür, bəziləri başını bulayıb, onun hərəkətlərinə məna verməyə çalışmadan üzünü yana çevirir.

Bakı metrosu. "Elmlər Akademiyası" stansiyası.

Qocanın xüsusi nəhənglikdə dörd ədəd torbası var. İki-iki olmaqla, bir-birinin içinə keçirilib. Az qala, dabanından dizinin iki qarış yuxarısına qədər çatır torbaların hündürlüyü. Ancaq içindən elə bir şey görsənmir. Sanki dibində ötən əsrdən bəri unudulmuş nələrsə qalıb. Bu qocanın missiyası da o unudulmuşları bu biri əsrə gətirib çatdırmaqdır. Bayaqdan bəri oğrun baxışlarımı ondan çəkmədiyimi, deyəsən, başa düşdü. Tez əlini sellofan torbalara doğru atdı. Bir xeyli eşələyib nə isə çıxarmağa çalışdı. O an elə bildim ki, qocanın əli torbaların dibini, vaqonun döşəməsini, relslərin taxtalarını, torpağı deşib düz Yerin mantiyasına qədər uzanıb getdi... Bir neçə rəngli təsbeh: çoxu da kəhrəba rəngli muncuqlardan, üzərində kirill əlifbası ilə “500 hədis” yazılmış sarı rəngli, nazik dini məzmunlu kitab torbadan işıqlı vaqona doğru boy atdı. Qocanın mənə doğru baxdığını hiss edib tez gözlərimi əks tərəfə zillədim. Amma gec idi. Vaqonun atmosferində dolaşan uğultu və pıçıltıqarışıq səslərinin arasından yenə o tanış səsi eşitdim: “istəyirsən?”. Yenə həmin cavabı verdim: “Yox, təşəkkür edirəm”. “Bunu sənə pulsuz verəcəm” - əlindəki sarı rəngli kitabı daha yaxşı görməyim üçün vaqonun tavanından saçlarımı xüsusi amansızlıqla aralayaraq yerə düşən işıq şüalarına tərəf uzadır. Yenə də təşəkkür edirəm. İşarə barmağı ilə kitabın üzərindəki “500 hədis” sözünü göstərir. Bir az təəccüblənmiş kimi çıxan reaksiyama məmnuniyyət gülüşü də qataraq qocanın jestinə cavab verirəm. Kitabı verməkdə israr etmir. Daha sonra həmin kitabdan bir neçəsini sol ayağı ilə dirsəyinin arasında sabitləyir. Təsbehləri də hər iki əlinə düzür. Sonra onları rəngləri və naxışlarına görə çeşidləməyə başlayır. Arabir başını qaldırır və sanki əsrlərin yaşanmışlığının verdiyi qürurla düpbədüz qarşıya baxır. Sonra yenə başını sinəsinə doğru əyib təsbehlərini yerbəyer edir.

Bakı metrosu. "Elmlər Akademiyası" stansiyasının çıxışı

Az öncə şahid olduqlarımın təsirindən çıxmamışam. Ətrafda olan, gördüyüm heç nəyin beynimdə təəssüratı yoxdur. Havanın temperaturu, bir-biri ilə növbə dəyişən avtobusların kirli uğultusu, səyyar satıcıların xüsusi amansızlıqla nəsə satmağa çalışması... Sanki uçan boşqab məni elə indicə başqa bir planetdən buraya gətirib qoyub. O qoca kim idi? Niyə məhz mənim olduğum vaqona mindi? Niyə o qədər diqqətimi çəkdi? Mənə təklif etdiyi ətir nə idi? O kitabda nələr yazılmışdı? Və ən əsası, kir-pas içində vaqon sakinlərini diksindirən üst-başı varkən, rəngləri ilə kəskin ziddiyyət təşkil edən saqqalı və ayaqqabıları necə olmuşdu ki, o qədər təmiz qalmışdı? Bri anlıq elm, din, mövhumat, metafizika və bütün öyrəndiklərimi unudub bu qocanın uzaq keçmişdən gələn müdrik bir Allah bəndəsi olduğuna inanmaq istədim. Onun məndə yaratdığı təəssüratın başqa cavabı ola bilməzdi. Buna bütün qüvvəmlə inanmaq istəyirdim. Sanki buna inanmasaydım, saatlarla olduğum yerdə dikilib qalacaq və bəlkə, heç vaxt hərəkət edə bilməyəcəkdim. Beynimdə sel kimi axan fikirlərin uğultusundan və səksəkəyə düşən ürəyimin qorxusundan əlimdən düşən qəpiyin səsinə ayıldım. Yerə tərəf baxdım və əyilib qəpiyi götürmək istərkən əlimin kənarından kəhrəba təsbehin iri sarı dənələrinin diyirlənərək üzüaşağı dağılmağa başladığını gördüm. Həmin qoca yenə yanımda peydə oldu. Qırılmış təsbehin muncuğundan birini yerdən götürüb səliqə ilə köynəyinin kirli qoluna sildi və mənə uzatdı. Otuz saniyə sonra iri kəhrəba dənəsi ovcumdan Günəşin şəfəqlərini gözümə əks etdirdi. Günəşə sarı baxdım. Bütün bu müddət ərzində qoca gözlərini məndən çəkmirdi. Onun qonur gözlərinə nəzər saldım və yenidən ovcuma baxdım. Ovcumdakı sarı kəhrəba dənəsi ərimiş və Günəş zərrələrinə çevrilmişdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm