Köşə
Dastanını bizə yazdırma!
Leyla Sarabi
Xanım qazimiz danışırdı: Orduya yollanan kimi qadınlığını unudursan.
Müharibə insanı döndərib kişi edirmiş. Heç unutmuram, bir gün hərbi hissəyə gözəl-göyçək oğlan gətirdilər. Əlləri, üz cizgiləri o qədər incə idi ki, baxışından körpə yağırdı. Tez-tez də cib darağını çıxarıb, saçına sığal çəkirdi. Hamımız mat qalmışdıq ki, bu oğlan necə vuruşacaq. Sonradan öyrəndik ki, 7 bacıdan sonra doğulan sonbeşikdir. Könüllü qaçıb gəlib hərbi hissəyə.
Qızğın döyüşlərin birində bizim körpə şücaətlə vuruşdu, amma ölümcül yaralandı. Hospitala çatdıran kimi xırıltı ilə həkimə göstərdi ki, cibindəki darağı çıxarsın. Son dəfə saçını darayıb, canını tapşırdı. Sonralar başa düşdüm ki, o daraq anasının tumarı imiş. Mənim körpə təsəvvürümə isə əsgər anlayışı fərqli hopmuşdu. Müharibə başlayanda Ağdamın bazarı da, mağazaları da darmadağın olmuşdu. Hərdən qatarla sağ rayonlara yollanıb, vacib əşyaları alırdıq. Yenə uzun yola çıxmışdıq. Qatarın içində ümidsizliyə qarışmış qarğıdalı qoxuyan qoca gəzişirdi. Bəlkə də qarğıdalı satan qoca başı batmış müharibənin insan cildi idi. Bir yandan da heç kəsməyən titrəyiş, heç susmayan uğultu bədənimizə ögey layla çalırdı. Bəlkə də o küy fizikanın ən sadə qanunu deyil, müharibənin səsi idi. Bəlkə də o təlaş içimizə basdırdığımız qorxunun hıçqırığı idi. Müharibə ilə yuxu arasında var gəl edən gözlərim paralel oturacaqda çomağına söykənmiş yaralı kor-kobud əsgərə zillənmişdi. Sevgilisinin saçını sığallayırdı. Qızın ipək uzun saçları vardı. Heç kimə məhəl qoymadan əsgərinə bərk-bərk yapışmışdı. Hələ də oxuduğum heç bir əsərdə, baxdığım heç bir filmdə, qucaq açdığım heç bir doğmamda əsgərlə sevgilisinin güvən burulğanını təpəmdən dırnağıma hiss etməmişəm. Yəqin bütün duyğuların ilk ağız dadı bədənimizə ömürlük hopur. Başı tumarlı əsgərim, ailəm, doğmam, övladım boyda, Qarabağ boydasan. Boynumuza dünya boyda yük qoyursan. Bugünədək ana sevgisindən daha böyük sehir tanımırdım. Amma sən tanımadığın, üzünü görmədiyin uşaqların səmasını canınla rəngləyirsən. Duyğularımızın ana dilini yenidən yazırsan. Sayəndə artıq ən yüksək rütbə, ən ali kasta "əsgər"dir.
Azadlığı uğrunda savaşdığın məmləkətdə sənin kimi kişilər böyütməyin ağırlığı da, məsuliyyəti də gözəldir. Amma and verirəm səni ananın sığalına, sağ gəl. Dastanını bizə yazdırma! Özün yaz!
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız






































