Onunla başqa idi
Bizi izləyin

Köşə

Onunla başqa idi

Leyla Sarabi

Onu belə qayğılı görməmişdim.

Qızdırmalı uşaq kimi gah Dalinin saatına dönüb əriyir, gah da qalxıb minimalist zövqü ilə bəzədiyi otağın canına darışırdı.

Onun bu qərasızlığı məni də tikanlayırdı. Künc masasına düzdüyü miniatür mələk suvenirləri gözümdə böyüyüb yaxama yapışırdı.

Sevimli peşəsiydi ev əşyaları mağazalarının dibçəklərində itib batmaq. Saatları bir-birinə zəncirləyib, Alzasın rəmzlərilə bəzənmiş qab-qacaq alır, pulun qalıqlarına kassanın üstündə boynubükük növbə gözləyən növbəti mələyi azad edirdi.

Bəzən də geniş süfrələr, min bir tamlı çaylar alırdı. İşinə yaranmasa da mətbəxin dolablarını, soyuducunun qanadlarını azuqələrlə bəzəyirdi. Hərdən mənə elə gəlirdi ki, ərzaqlara baxıb doymaq üçün pul verir. Zənnimcə, maddi sıxıntı içində böyüyənlərin şah cəhətidir bu.

Amma nə özünü, nə də üzünü bəzəməklə dost idi.

Mövzudan yayınsam da qürbətdə keçən illərimin göy-göyərti aldığım günləri təpəli-dırnaqlı xoşbəxt olardım. Soyuducumu tərxunla, keşnişlə, dəstə-dəstə şüyüdlə bəzəyib nirvananın divanına uzanardım. Həm dəstəsi baha idi, həm də bəzi günlər şəhərin bazarında satılardı deyə yuxumu dondurub, məkana qaçar, sonra da özümü doğulduğum evə teleportasiya edərdim.

Soyuducumu yaşıllığa boğub, az-az işlədərdim ki, gələn həftəyədək ruhum kasıblamasın.

O da mənə bənzəyirdi. Deyirəm axı azad etdiyi hər mikroskopik mələyə görə günü günəşli keçərdi.

Amma fikirlərimizin yadlaşdığı məqamlar da olurdu. Bəzən şəninə yağdırdığı tərifləri, bəzən də səbəbsiz yerə məsumluğuna gətirdiyi sübutları anlamırdım. Mərhəmətini hər kəsin üzərində sınaqdan keçirmək istəyirdi sanki. İçindəki mələkləri də evin künclərinə səpələyib, qarşısındakına inanmaqdan başqa şans qoymurdu.

Mənim insan taleləri dinləmək kimi hədsiz ehtirasım vardı. Əmin ol, başıma iş qəhət deyildi, amma yoluma çıxanların, kafedə gördüklərimin, yenicə tanış olduqlarımın səhifələrini vərəqləməyi sevirdim. İndi buna nə həvəsim, nə vaxtım qalıb. Yəqin qocalığın ilk simptomdur.

Amma onunla başqa idi. Bədəni ilə planetin unudulmuş bütün dillərində daş kimi boynundan salladığı uşaqlığını qucağıma qoyurdu. Amma dilinin açarını harada itirdiyini özü də unutmuşdu. Bir az axtarsaq, tapardıq, amma mən də gedişata süni sürət qatmaq istəmirdim.

Çünki yaxasındakı daş böyüyüb bədəni boyda olmuşdu. Toxumu bilinməyən sancılarına həkimlər də diaqnoz qoya bilmirdi.

Pandoranın qapağını qaldırsa, çürük daşlar da ovulub töküləcəkdi. Amma o intəhasız komfortun gətirəcəyi boşluqdan qorxub susurdu.

O gün nəfəsinə ikiqat oksigen qatıb, bəbəklərindən titrəyirdi. Aldığı bahalı çayların birinin paketini ehtiyatla cırıb, bir ovucunu dəmlədim. Rəngbərəng şokoladları vitrində çıxarıb, fincanın yanına düzdüm.

Mən yeyirdim. Mən içirdim. Mən gözləyirdim...

İndi bölüşəcək. İndi özünü içindəki türmədən çıxarıb şokolad kimi süfrəyə düzəcək.

Tez qalxıb çayı qurtumladı.

- Açıq dəmləmisən. Gərək biraz da gözləyirdin...

Kolleksiyasının unudulmuş, amma ikimizin də rənginə aşiq olduğumuz mavi plaşını geyinib, önümə keçdi.

- Hazırlaş, mağazaya gedək. Yeməyə heç nə qalmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm