Xüsusi
Kemalizmin İsməti - Bir ölkədə namuslular da namussuzlar qədər cəsur olmazsa...
“Hər Musanın bir Haruna, hər Məhəmmədin bir Əliyə ehtiyacı var”. Dini mətnlərdə belə deyilir. Yəni Musanın təliminin yayılmasında Harun, Məhəmmədin təliminin yayılmasında da Həzrət Əlinin xüsusi rolu var. Əli ( və digər səhabələr ) olmadan İslam yaşamaz, belə geniş yayılmaz, günümüzəcən gəlib yetməzdi, Harunsuz da musəvilik.
Dekabrın 25-i vəfatının 49-cu ildönümü anılan İsmət İnönü 1920-30-cu illərdə də, Atatürkün ölümündən, hətta öz ölümündən sonra da kemalizmin oturuşmasında, cazibəsinin saxlanmasında belə rol oynayan şəxs olub. Hərçənd ona münasibət birmənalı deyil. Kimi onu “əhali mübadiləsi” anlaşmalarından sonra türk ortodoks kilsəsini - 1920-ci illərdə peyda olmuş əcaib icmanı yox etməkdə suçlayır, kimi ümumən Anadoludakı bütün ortodoksların “yunan” adıyla Yunanıstana deportasiya edilməsini bağışlamır. Kimi Dersim üsyanını qan içində yatırmaqda əsas suçu onda görür, kimi “Sevri göstərib Lozannanı türklərə uddurmağın” suçunu ona yükləyir, kimi kemalist “inkılab”ların əsas təşəbbüsçüsü olduğunu deyir və bunu türkləri Osmanlı keçmişindən qoparmaq üçün edilmiş sui-qəsd kimi qiymətləndirir...
Əks tərəf üçün əslində bu addımların hamısı pozitiv, Türkiyəni qədərini dəyişmiş inqilabi mahiyyətdədir: o addımlar olmadan Osmanlının qalıqları üzərində indiki Türkiyə bərqərar ola bilməzdi. Xilafət və təkkələr ləğv edilməyən, hüdudları daxilində ələvi, kürd, ərəb separatçı hərəkatları yatırılmayan, Cənub-Şərqi və Şimal-Şərqi Anadoluda separatizmə meyilli böyük kompakt ortodoks əraziləri olan, beynəlxalq münasibətlərində tez-tez müxtəlif vilayətləri üçün xüsusi muxtariyyət tələbləri ilə üz-üzə qalan politiyadan müasir Türkiyə çıxardımı? Amma nədənsə bu addımların pozitiv yönlərindən bəhs ediləndə onlar Mustafa Kemal Paşanın adına yazılır; qüsurları deyiləndə İnönü yada düşür.
Nəzərdə tutulan islahatları həyata keçirlməsinin “tek parti” iqtidarı sayəsində mümkün olduğu deyiləndə, bunların Mustafa Kemalın xidmətləri olması deyilir. Dindar - mühafizəkar kəsimin təqiblərə məruz qalması, indiki Suriyaya böyük kürd köçləri getməsi, o zamankı çoxluğun islahatları “Ah, küçük hokkabazlık, sefil aynalı dolap; Bir şapka, bir eldiven, bir maymun ve inkılap (Necip Fazıl) deyib sorğulaması yada düşəndə isə günahkar İsmət İnönü olur. Bir az amerikan kriminal filmlərinin “yaxşı polis-pis polis” oyununa bənzəyir: eyni hala görə pozitivlər birinin, neqativlər digərinin ayağına yazılmalıdır. İnönünün qızı Özden Toker müsahiblərinin birində atasının günah yüklənən Əzazil qurban kimi seçilməsinin səbəbini belə izah etmişdi- “Alışkanız, eskiden beri Atatürk'e bir şey söylemeye korkanlar hep babama yüklenmişlerdir. Papağan gibi aynı şeyleri tekrarlıyorlar”.
Kim idi İnönü? Etnik mənşəyi haqda mübahisələrdən yayınmaq istəyirəm. Çünki ozamankı türklük anlayışı irqi deyil, siyasi idi; “osmanlı” ya “müsəlman” terminlərini əvəz edəcək bütövləşdirici məfhum idi. “Vatandaş türkçe konuş” kampaniyası, Anadolunun etnik və dini tərkibini nizamlamaq təşəbbüsləri, vahid tarixi yaddaş yaratma fəaliyyəti, hətta bəzi ideoloqların bir az da irəli gedib kemalizmi yeni din kimi formalaşdırmaq cəhdləri, əslində yeni bir kimlik-kökü Anadolunun ən qədim sivilizasiyalarına dayanan siyasi etnos inşa etmək hədəfi güdürdü. Yeni kimlik üçün görülən işləri Bozkurt Güvenc adlı tədqiqatçı “Türk kimliyi” əsərində belə qiymətləndirir - “Türk ulusu yoktu ki, uyusun, uyumuyordu ki, uyanmış olsun. Milletlerin mi devletleri, yoksa devletlerin mi milletleri yarattığı hakkındaki akademik tartışma açısından bakıldığında, Türkiye örneğinde bir modernist aydın grubu devleti ele geçirdi ve sonradan devlet iktidarını kullanarak milleti kendi ilkeleri doğrultusunda şekillendirdi, öngördüğü modele uymayan her şeyi de redd ettti ve ya da bastırdı”.
Başqa sözlə, İnönü, sadəcə Cümhuriyyət Türkiyəsinin deyil, həm də Türkiyə konstitusiyasında təsbit olunmuş türk kimliyinin banilərindən biridir. Quru siyasi - coğrafi kimliyə “Güneş dil teorisi”, Anadolu və Şumer sivilzasiyalarına varislik və s.haqda tarixi ideologemlərlə nəfəs-can verilərək yeni siyasi etnos meydana çıxarılıb.Burda kimin mənşəyinin hansı linqvistik icmadan olmasının heç bir əhəmiyyəti yoxdur, zira fərqli mənşəlilər belə yeni kimlik çətiri altında birləşə bilərlər. Millətlərin, siyasi kimliklərin başqa cür yaranma mexanizmi də yoxdur sadəcə. Hərçənd etnik mənşə barədə iddialara da İnönü ailəsi tərəfindən dəflərlə aydınlıq gətirilib.
“İnönü kimdir?” sualının cavabı belədir-Atatürkün ən yaxın silahdaşı, indiki siyasi sistemin iki əsas qurucusundan biri, ən ağır, birmənalı qarşılanmaycaq addımlar atılması lazım gələndə çəkinmədən liderini qoruyaraq öz sinəsini qabağa vermiş, zamanında və elə indi də mübahisələndirilən anlaşmalara imza qoymuş, nəhayət, Türkiyənin Milli Şef kimi qəbul etdiyi vaxt ölkəsinin inkişafı, qurucusu olduğu siyasi sistemin bəqası naminə hakimiyyətdən imtina etməyi, siyasi nəfsinə qalib gəlməyi bacarmış tarixi şəxsiyyət. “Bir ülkede namuslular da namussuzlar kadar cesur olmazsa, o memleket batar” deyirdi İsmət Paşa.
Azərbaycanlılar üçün İnönü adı Türkiyəyə şişirdilmiş ümidlərimizin uzun müddətə Boratan körpüsündə dəfn edilməsi ilə assosiasiya olunur. O faciə haqda hələ 2000-ci illərin əvvəllərində Alev Alatlının müsahibələrindən məlumatlıydım. Gərək ki, romanlarından birində Boratanda azərbaycanlıları güllələmək əmrini icra etmiş, amma sonradan intihar etmiş bir türk zabitinin həyatını qələmə almışdı. Sonralar bu fakt AKP-nin seçkiqabağı kampaniyalarında CHP-yə qarşı dönə-dönə istifadə ediləcəkdi. Amma İnönü deyil də, məsələn, Calal Bayar, ya Adnan Menderes hakimiyyətdə olsaydı, sərhədçi zabitlərin fərqli davranacağı haqda hər hansı ehtimalım yoxdur. Boratan faciəsi də, 30-cu illərdə azərbaycanlı siyasi mühacirlərin Türkiyədən didərgin salınması da, 46-cı ildən sonra isə onlara yenidən ağuş açılması da, hər hansı şəxsin deyil, nəhəng dövlətlərin məngənəsində sıxılıb əzilmək istəməyən, I dünya savaşından məğlub ayrılmış bir ölkənin seçimiydi. Boratanda irəvanlı soydaşlarımızın istəyi geri çevrilmişdi, həm də bu hal nə ilk, nə də son olmamışdı. Amma, məsələn, azərbaycanlı şafii icmasının - kürəsünnilərin Türkiyədə məskunlaşdırılması da İnönünün xidməti idi.
Hakimiyyət illəri, addımları, nəzərdə tutduqları, özünə “milli şef” dedirtməsi, hakimiyyətdən getdikdən sonra da pərdə arxasında bürokratiya və hərbiyyənin lideri kimi qalması sorğulana bilər. Amma əgər Osmanlıdan deyil, Türkiyədən; dini deyil, dünyəvi rejimdən; alt kimliklərlə parçalanmış Anadoludan yox, unitar Türkiyədən bəhs ediriksə, bu tarix İnönüsüz mümkün olmazdı.
..Əli (və digər səhabələr) olmadan İslam yaşamaz, belə geniş yayılmaz, günümüzəcən gəlib yetməzdi, Harunsuz da musəvilik olmazdı. Engelssiz marksizmi, Ərdoğansız Ərbakanın neosamanizmini təsəvvür etmək çətindir. Bəs Türkiyənin gələcəyində İnönünün yalnız neqativlərlə deyil, pozitivlərlə xatırlanacağı, etiraf olunacağı zaman yenə də olacaqmı? İndidən cavab vermək çətindir. Bir şey aydındır- öz Harunlarının, Əlilərinin, İsmətlərinin başını yeyib sıradan çıxarmış heç bir təlim, heç bir ideologiya, heç bir siyasi sistem yaşarı olmayıb və ola da bilməz. Kemalizmin yaşarılıq səbəbi, həm də İsmət İnönüdür. Dövlətin İsməti, Türkiyənin İsməti..
Cəmaləddin Quliyev
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...