Xalq artistinin oğlu gənclərə səsləndi: "Sağ qalmaq üçün bunları bilin"
Bizi izləyin

Magazin1

Xalq artistinin oğlu gənclərə səsləndi: "Sağ qalmaq üçün bunları bilin"

Xalq artistinin oğlu gənclərə səsləndi: "Sağ qalmaq üçün bunları bilin"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkə hesabında gənclərə müraciət edərək idman motosikletlərinin (sport bayk) idarə olunması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, o, ölkədə sürücülük vəsiqələrinin verilməsi prosesini tənqid edib, gəncləri yollarda daha diqqətli olmağa çağırıb və idman motosikletlərini "təkərli tabut" adlandırıb.

Cahad Hacıyev bildirib ki, sürücülük vəsiqəsi alan şəxslərə motosiklet idarəçiliyinin ən vacib təməl qaydaları kifayət qədər izah olunmur:

"Nəzərə alsaq ki, ölkəmizdə bəzi şəxslər motosikleti sənədsiz idarə edir, sürücülük vəsiqəsi imtahanından keçənlərə isə sadəcə vəsiqə təqdim olunur. Əgər ötürücüləri dəyişməyi və maneələrin yanından keçməyi bacarırsansa, artıq peşəkar sürücü hesab edilirsən. Halbuki yeni başlayanlara izah olunmayan çox vacib qaydalar var".

C.Hacıyev qeyd edib ki, söhbət mühərrik həcmi 250 kubsantimetrdən yuxarı olan idman motosikletlərindən gedir və bu nəqliyyat vasitələrini idarə edənlər üçün bir sıra həyati vacib qaydalar mövcuddur.

Onun sözlərinə görə, sürət 50 km/saatı keçdikdən sonra motosiklet əsasən sükanla deyil, sürücünün bədən hərəkətləri ilə idarə olunur:

"İdman baykının sürəti 50 km/saatdan yuxarı olanda sükan öz işini dayandırır. Baykı artıq çiyinlər, boyun, baş və ayaqlar idarə edir. Hətta sürətdə sol əlin çeçələ barmağını irəli uzatdıqda belə motosiklet sola doğru əyilə bilər".

O, baxış istiqamətinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Bayk sürücünün baxdığı istiqamətə yönəlir. Bəzi hallarda özünüqoruma instinkti insanın həyatına təhlükə yarada bilər. Dar və ikitərəfli yolda hərəkət edərkən qarşıdan gələn avtomobilə deyil, çatmaq istədiyiniz nöqtəyə baxmaq lazımdır".

C.Hacıyev bildirib ki, motosikletçilərin ölüm halları ilə nəticələnən qəzaların böyük hissəsi avtomobil sürücülərinin diqqətsizliyi səbəbindən baş verir: "Avtomobil sürücüləri çox vaxt motosikleti görmür və ya onun mövcudluğunu nəzərə almırlar. Zolaq dəyişərkən bu diqqətsizlik ağır nəticələrə səbəb ola bilər".

O, motosiklet sürücülərinə yolda hər zaman ehtiyatlı davranmağı tövsiyə edib: "Sükan arxasında hər kəsin normal davrandığını düşünmək təhlükəlidir. Sizi təhlükəyə atmaq üçün cəmi bir nəfərin səhvi kifayət edir. Buna görə də digər sürücülərin səhv edə biləcəyini daim nəzərə almaq lazımdır".

C.Hacıyev əlavə edib ki, bəzi hallarda siqnaldan daha effektiv üsul mühərrikin səsi ilə özünü hiss etdirməkdir: "Əgər avtomobil döngədən yola çıxırsa və sürücü başqa istiqamətə baxırsa, siqnal əvəzinə muftanı sıxaraq qaz vermək və daha yüksək səs yaratmaq sürücünün diqqətini çəkməyə kömək edə bilər".

O, həmçinin təhlükəsizlik üçün parlaq rəngli geyimlərdən istifadə etməyi məsləhət görüb: "Gecə vaxtı görünən parlaq geyimlər seçilməlidir. Kaska şüşəsinin tündləşdirilməsi təhlükəlidir, çünki gecə görmə qabiliyyətini ciddi şəkildə zəiflədir. Əgər tünd şüşədən istifadə edilirsə, gecə üçün şəffaf alternativ də olmalıdır".

Motosikletin texniki vəziyyətinin mütəmadi yoxlanılmasının vacibliyini vurğulayan C.Hacıyev şin təzyiqinin həftədə ən azı bir dəfə yoxlanılmasını və zəncirin vaxtında yağlanmasını tövsiyə edib.

Paylaşımının sonunda o, əsas məqsədinin gəncləri təhlükələr barədə məlumatlandırmaq olduğunu bildirib:

"İstəsəniz qulaq asarsınız, istəməsəniz yox. Həyat sizin həyatınızdır. Mən sadəcə sizin ölməyinizi və ya şikəst olmağınızı istəmirəm. İdman baykı ruhu qanadlandıran tam fərqli bir hissdir və eyni zamanda çox təhlükəlidir. Risk nə qədər yüksəkdirsə, alınan zövq də bir o qədər böyük olur. Hər kəsə təhlükəsiz sürüşlər arzulayıram".

Xatırladaq ki, tanınmış vəkil Fərhad Mehdiyevin qızı ağır yol qəzasında həyatını itirib. O, idarə etdiyi motosikleti ilə yol kənarında dayanan avtomobilə çırpılıb və həlak olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm