Adriana Limanı qəlbindən vuran, tez-tez aşiq olan türk yazıçı haqqında GERÇƏKLƏR
Bizi izləyin

Magazin2

Adriana Limanı qəlbindən vuran, tez-tez aşiq olan türk yazıçı haqqında GERÇƏKLƏR

Adriana Limanın qəlbini bir kitabı ilə fəth edən türkiyəli terapevt Metin Haranın modellə sevgili olması bu gün bütün dünya mətbautında maqazin gündəminin əsas mövzularından biri olub.

Bəs dünya şöhrətli 36 yaşlı modelin sevgisini qazanan bu yazıçı və ya terapevt kimdir? Onun neçə yaşı var? Və hansı kitabların müəllifidir?

Publika.az bu suallara cavab tapmağa çalışıb.

Metin Hara 1982-ci ilin 14 iyununda İstanbulda dünyaya gəlib. İlk təhlisini 50 nömrəli Respublika Orta Məktəbində alıb. Bu məktəbi bitirdikdən sonra orta və lisey təhsilini Üsküdar Amerika Kollecində davam etdirib. Üsküdar Amerika Kollecini bitirdikdən sonra Metin Hara İstanbul Universitetinin Fiziki Müalicə və Reabilitasiya fakültəsinə daxil olub. Daha sonra o, Çapa Dövlət Xəstəxanasında 1 il fizioterapevt kimi fəaliyyət göstərib.

O, tələbəlik illərində öz xərcini çıxarmaq üçün reklam aktyoru kimi çalışıb, eyni zamanda bir çox milli və beynəlxalq markanın Türkiyə və xaricdəki təqdimatlarında iştirak edib. Ümumlikdə isə M.Hara 40-dan çox markanın reklam siması olub.

Metin Hara 2007-ci ildə “Dinlə Ney”dən adlı filmdə baş rola çəkilib. 2008-ci ildə isə Beynəlxalq Ankara Film Festivalında “Ən yaxşı gənc istedad” mükafatına layiq görülüb.

2008-ci ildən etibarən uzun illər üzərində çalışdığı "İnsana güvən" (Trusthuman) layihəsini həyata keçirən Metin "Başqa Bir Dünya Mümkün" fəlsəfəsi ilə fərdi seanslar və kütləvi seminarlar təşkil etməyə başlayıb.

Metin Hara son 5 ildir ki, enerji ilə müalicə işləri həyata keçirir. O, insan sağlamlığına olan "bütöv" təsiri, insanın xəyal gücünə sığmayan qabiliyyətləri, insan ağlına sığmayan geniş məlumatı və insan orqanizminə olan sonsuz inamı sayəsində tibdə imkansız olan müalicələri həyata keçirə bildiyini iddia edir. Bu sahədə gördüyü işlər qısa müddətdə həm öz vətənində, həm də dünyada büyük əks-səda doğurub. Bu günə qədər enerji müalicəsi ilə yüzlərlə insanın həyatını dəyişdirən terapevt düşüncə texnikalarını 10000-dən çox şagirdi ilə bölüşüb. O, ağır xəstəlikləri olan insanların həyatlarını müsbət istiqamətdə dəyişdirmək üçün onlara seminarlar və fərdi seanslar reallaşdırıb.

Terapevt insanları enerji müalicəsilə sağaltsa da, özünü başqalarından fərqləndirmir:

“Metin hara kimdir və məqsədi nədir?” sualına cavab verməyə çətinlik çəkirəm. Əslində hələ də bu sualın cavabını axtarıram. Mən kim olduğunu anlamağa, digər tərəfdən də formalaşmağa çalışan yolçuyam. Eyni zamanda məni ustad olmaq yolunda çalışan, yavaş addımlar atan şagird də adlandırmaq olar. Bir tərəfdən də qəlb ehtiyatında olan yaxşılığı dünyaya çatdırmağa çalışan insan və ya ruh kimi xarakterizə etmək yersiz olmaz. İnsanlar məni adətən yazıçı, fizioterapevt, məruzəçi kimi tanısa da, bu peşə adları məni tanıtmağa, məqsədimi izah etməyə yetməz. Məncə, tez-tez aşiq olan, ətrafına fərqlilik qatmağa çalışan, həyatı öz anladığı kimi izah etməyə səy göstərən, son dərəcə adi və normal bir adamam”.

Metin Haranın sözlərinə görə, bu işlə məşğul olmasının əsas səbəbi atasının yol qəzası keçirtməsi olub:

“Bu işə başlamağıma səbəb atamın ağır avtomobil qəzası keçirtməsi oldu. Həyatım bu hadisədən sonra tamilə dəyişdi. Atamın bədənində 40-dan çox sınıq vardı, sözün əsl mənasında bir il ölüm döşəyində uzandı. Yatağa məhkum olmuşdu. Əslində, mühəndis olmaq istəyirdim, amma atamın fiziki müalicələr sayəsində ayağa qalxdığını gördükdə fikrimi dəyişdirdim. Sənədlərimi İstanbul Universitetinin Fiziki Müalicə və Reabilitasiya fakültəsinə verdim. Atamın bütün qrafikləri mən otağa girəndə çox müsbət reaksiyalar göstərərdi. Odur ki, intensiv nəzarət palatasında sadəcə 10 dəqiqə qalmağa icazə verildiyi halda, mənə gecə yarısı belə otağa daxil olmağa icazə verirdilər”.

Enerji yolu ilə müalicənin mistik və qeyri-adi vergi olmadığını iddia edən Metin Hara müsahibəsində bildirib ki, enerji sevgi deməkdir:

“Enerji çox mistik bir şey deyil ki. Enerji sevgidir. İnsanlar bir-birini sevəndə ortaya çıxan enerji çox şeyi dəyişə bilər. Həyat da elə enerji əsasında cərəyan edir. Mən enerji müalicəsinin tibdən üstün olduğunu iddia etmirəm. Sadəcə demək istəyirəm ki, həkim yaranı sağaldır, qalanı xəstənin öhdəsinə düşür. Qərb tibbi, Şərq tibbi, dərmanlar, fiziki müalicə çox mühümdir, xəstəliyi yaxşılaşdırır. Amma insan həyatında hər problem və hər xəstəlik onun zehnində yaradılır. Enerji texnikaları isə bunu aradan qaldırmağa yardım edir".

Metin Haranın 2014-cü ildə çıxardığı “Məhəbbətin İstilası” seriyasının birinci hissəsi - “Yol kitabı” ilk 3 ayda 100.000-dən çox satılaraq bestsellərə çevrilib. Bir çox sosial məsuliyyət dərnəyinə üzv olan yazıçı Xərçəngsiz Həyat Dərnəyi idarə heyətinin də üzvüdür.

Kitabı satış rekordu qırdıqdan sonra o, 2014-ci ildə “Tedx” məruzəçisi seçilib. Onun 126 ölkədə yayımlanan "Başqa bir dünya mümkün" adlı çıxışı böyük səs-küy yaradıb.

2016-cı ildə isə “Məhəbbətin İstilası” seriyasının ikinci hissəsi “Dem” buraxılıb.

2015-ci ildə onun “Hürriyyət” qəzetinin bazar əlavəsində yazıları dərc olunmağa başlayıb. Bu məqalələr onun populyarlığını bir az da artırıb.

Dünyanın bir çox ölkəsində aldığı təhsillə enerji texnikasının məlumatını müasir tiblə sintezləşdirərək fəal müalicə metodu yaradan Metin Hara seviginin və fikir gücünün nəyə qadir olduğunu elmi və tətbiqi yollarla göstərir. Lakin 2014-ci ildən etibarən fərdi seanslara fasilə verərək sadəcə "İllüziyanı aşmaq"," İçimdəki mənlə tanışlıq" və təşkilati təhsillə insanların həyatını dəyişdirməyə davam edir.

Metin Hara müasir təbabəti rədd etmir, amma enerji müalicəsinin gücü ilə bir çox xəstəliklərə qalib gəlmək mümkün olduğuna inanır. Məsələn, Metin Hara panik-atak, depressiya, onurğa problemləri, miqren, narkotik maddə asılılığı, xərçəng xəstəliklərinin müalicə etdiyini iddia edib. O, həmçinin iflicli xəstələrə enerji terapsiyasını təqbiq edir. Qorxunu dağıdıcı, sevgini isə yaradıcı faktor adlandıran terapevt hesab edir ki, innsalar düşüncə gücü ilə öz həyatını tamamilə dəyişdirə bilər:

“Əvvəl düşüncə ilə həyatımızı qorxunun pəncəsindən qurtarıb alfaya, yəni əmin-amanlığa, daxili istedadlarımızın dirçəlişinə doğru gedirik, ondan sonra yaradıcı gücümüzü təcrübə ilə zənginləşdiririk. İlk addımı atmadan yalnız “Bu, belə olsun” deyərək insanlar heç bir şəkildə yaratma gücünü göstərə bilməz. Çünki qorxu dağıdıcıdır, sevgi isə yaradıcıdır. Lakin insanlar sevgini unudublar. Kitablarımda çatdırmaq istədiyim əsas məqamlarndan biri də sevgini xatırlatmaqdır, onu bir növ yenidən həyata gətirməkdir”.

Metin Hara Hesab edir ki, hər bir insan öz daxilindəki səsə güvənməlidir:

“Hamımızın öz içimizdəki səsə inanmalıyıq. Mənim müəllimlərimin çoxunun eqosu yüksək idi. Türkiyədə də, digər ölkələrdə də mənə dərs deyən müəllimlərim özündən razı idi. Özlərini Tanrı kimi görən müəllimlərin əlində böyüdüm. Buna baxmayaraq, elə onlardan da nə etməli olmadığımı öyrəndim. Tələbələrimlə aramda tələbə-müəllim, mürşüd-mürid məsələsi yoxdur. Dərslər və meditasiyalar rahat şəraitdə keçir. Əhvalım pis olanda onlara çox asanlıqla "Sevgilimdən ayrıldım, qəlbim qırılıb. Bu həftə mənə enerji göndərin” deyə bilirəm. Onda millət ayağa qalxıb məni alqışlayır. "Çətin vəziyyətdə bizdən kömək istəyirsən, nə gözəl!" , - deyə təşəkkür edirlər".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm