Ukrayna prezidentinin təltif etdiyi naxçıvanlı: Qurbanov kimdir?
Bizi izləyin

Maraq dünyası

Ukrayna prezidentinin təltif etdiyi naxçıvanlı: Qurbanov kimdir?

Publika.az xəbər verir ki, Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Ukraynanın məşhur rəssamlarından biridir.

Seyfəddin Qurbanov — azərbaycanlı heykəltəraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Eləcə də Ukraynanın xalq rəssamı, dosent və Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiridir.

Naxçıvandan Ukraynaya

Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Şərurun Syaqut kəndində anadan olub.

1989-cu ildə Xarkov İncəsənət İnstitutunun Heykəltəraşlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Yaradıcı karyerasına da elə həmin il başlayıb, eləcə də təyinatla həmin institutun Heykəltəraşlıq kafedrasının müəllimi vəzifəsinə göndərilib. Seyfəddin Qurbanov 1987-ci ildən Ukrayna və SSRİ-də ümumittifaq sərgələrdə iştirak edirdi.

1991-ci ildə Rusiyanın Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb.

1992-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov təşkilatının üzvüdür

2000-2003, 2005-2008-ci illərdə Şərqi Ukrayna Biznes Akademiyasının baş heykəltəraşı, 2003-2005-ci illərdə Şərqi Avropa İnnovasiya Mərkəzinin heykəltəraşı olub. 2008-ci ildən bu günə qədər Xarkov Dövlət İncəsənət Akademiyasında Heykəltəraşlıq kafedrasının müdiridir.

Mükafatları

2004-cü ildə Ukrayna prezidentinin sərənamı ilə “Ukraynanın əməkdar rəssamı” adına layiq görülüb.

2005-ci ildə Maltanın “Maltanın müqəddəs Yəhyası” ordeni ilə təltif edilib.

2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2007-ci ildə “Slavyan Universitetinin professoru” fəxri adına layiq görülüb.

Yaradıcı fəaliyyətindəki uğurlarına görə, 2007-ci ildə Ukraynada qızıl nişan və sertifikatla təltif olunub. Bu mükafatlar şəxsən Ukrayna prezidenti tərəfindən ona təqdim olunub. Həmin il Ukrayna təhsilinə verdiyi töhfələrə görə döş nişanı ilə təltif edilib.

Seyfəddin Qurbanov 2008-ci ildə Xarkov Regional Şurasının “Şöhrət” fəxri fərmanı, beynəlxalq “Müqəddəs Sofiya” və “Marşal Jukov” ordenləri, eləcə də İngiltərənin Oksford Universitetinin “Sokrat” medalı ilə mükafatlandırılıb. Eyni zamanda, həmin il Xarkov rəhbərliyinin regional mükafatlarına layiq görülüb.

2010-cu ildə prezidentin müvafiq sərəncamı ilə “Ukraynanın xalq rəssamı” adı verilib.

2017-ci ildə Ukrayna prezidentinin sərəncamı ilə III dərəcəli “Şərəf” ordeni alıb.

Əsərləri

2009-cu ildə Xarkovda keçirilən regional müsabiqəsinin qalibi olub. 2011-ci ildə “Xarkov vilayətinin fəxri vətəndaşı”, 2013-cü ildə isə Xarkov İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti elmi adını alıb. 2014-cü ildə “Ən yaxşı şöbə müdiri” nominasiyasında qalib olub.

Ukraynanın müxtəlif şəhərlərində Azərbaycan alimi Zərifə Əliyeva (İrpen), şair Səməd Vurğun (Kiyev), Aleksandr Nevski, Müslüm Maqomayev, Nəsimi (Kiyev), memar A.N. Beketov və İlya Meçnikovun şərəfinə ucaldılmış heykəllər Seyfəddin Qurbanovun əsərlərinə daxildir.

Kompozisiyaları arasında “İlk müəllim”, “Yol müfəttişi”, “Yaroslavllı müdrik”, “ Xarkovun yeddi möcüzəsi” və digər əsərləri var. Heykəltəraş 2005-ci ildə “Damdakı skripkaçı” əsərinə görə xüsusi mükafata layiq görülüb.

Seyfəddin Qurbanov məşhur Xarkov sakinlərinin xatirə lövhələrinin müəllifidir: Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryogin, siyasətçi Yevgeni Kuşnaryov, dünya şöhrətli bakılı alim Lev Landau, Qurban Səid (Berlin), Yevgeni Kuşnaryov, Klavdi Şuljenko (Xarkov).

Eyni zamanda, bu əsərləri arasında Balakliyanın mərkəzində Taras Şevçenkonun, Peçeneqdə Henrik Semiradskinin bürünc abidəsi və Volçanskda Vasili Kolokoltsevin heykəli var.

Tərtib etdiyi mükafatlar

Seyfəddin Qurbanov “Qızıl yaquar”, “Ən yüksək standart”, ”Qızıl Merkuri”, “1000-ci ildönüm” və s. kimi mükafatlarının müəllif və tərtibatçısıdır.

Seyfəddin Qurbanov İşgüzar Dairələr Assembleyasının baş heykəltəraşıdır. O, dünyanın aparıcı siyasətçilərinə, sənayeçilərinə, sahibkarlarına, elm adamlarına, mədəniyyət xadimlərinə verilən 20-yə yaxın milli və beynəlxalq mükafat hazırlayıb. Bu ordenlər və nişanlar ənənəvi olaraq bir zərgərlik müəssisəsində hazırlanırsa, müəlliflik səlahiyyətləri onundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm