Maraq dünyası
Dəmirəlin mükafatlandırdığı azərbaycanlı - Türkiyədə məşhurdur
Publika.az xəbər verir ki, Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Məzahir Ərtuğ Avşar keramika rəssamı, rəssam və heykəltəraşdır. O, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dizaynerlər İttifaqı, YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası, Türkiyə Mədəniyyət Nazirliyinin İncəsənət Əsərləri Sahibkarları Birliyinin üzvü və Konya Səlcuq Universitetinin müəllimidir.
Eyni zamanda, Səlcuq və Akdəniz universitetlərinin professorudur. 1980-ci illərdən beynəlxalq sərgilər və simpoziumlarda fəal iştirak edir. Əsərləri yüksək mükfatlaraa layiq görülüb.
Bir rəssamın həyatı
Məzahir Ərtuğ Avşar 1955-ci il yanvarın 12-də Ağcabədi rayonunun Avşar kəndində anadan olub. Avşarda orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 1978-ci ildə həmin ali məktəbin Monumental rəssamlıq fakültəsini bitirib.
1973-1975-ci illərdə sovet ordusunun sıralarında Polşa və Almaniyada hərbi xidmətdə olub.
1978-1984-cü illərdə Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında oxuyub, bu ali məktəbin Dekorativ-tətbiqi sənət fakültəsinin keramika fakültəsini bitirib.
Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Mədəniyyət Nazirliyində işləyib. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının “Sovet türkologiyası”, “Kaspi”, “Qurtuluş” və “Qobustan” jurnallarında bədii redaktor vəzifəsində çalışıb.
Dəmirəldən aldığı mükafat
1986-cı ildə SSRİ Rəssamlar İttifaqına, 1989-cu ildə SSRİ Dizaynerlər İttifaqına üzv qəbul olunub. Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dizaynerlər Birliyinin, YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosasiyasının və Türkiyə Mədəniyyət Nazirliyinin Sənət Əsərləri Sahibkarları Birliyi kimi müxtəlif incəsənət qurumlarının üzvüdür.
1999-cu ildə Ankara Çankaya köşkündə dövrün Türkiyə Prezidenti Süleyman Dəmirəldən beynəlxalq “Türk dünyasına xidmət” mükafatını alıb.
Konyaya dəvət
Müəllimlik fəaliyyətinə Bakı Tətbiqi Elmlər və İncəsənət Kollecində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsində başlayıb.
2000-ci ildə Türkiyənin Səlcuq Universitetinin rəhbərliyinin dəvəti ilə Konyaya gəlib. Bu univeritetdə İncəsənət fakültəsinin qurulmasında iştirak edib. 2000-2010-cu illərdə bu fakültənin Keramika kafedrasının müdiri vəzifəsində işləyib. Eyni zamanda, 2010-2018-ci illərdə bu universitetin Rəssamlıq və dizayn fakültəsinin professoru, Keramik dizayn kafedrasının müdiri olub.
2018-ci ildən Akdəniz Universitetinin İncəsənət fakültəsinin professorudur
Türk tarixinə baxış
Məzahir Ərtuğ Avşarın sənət və yaradıcılığında işlədiyi mövzular arasında türk xalqlarının tarixi və mədəniyyəti böyük yer tutur. Qədim türk damğaları, Orxon-Yenisey abidələri və yazıları, türk mifologiyası, qədim dövr türk incəsənətinin simvol və motivləri sənətkar tərəfindən müasir dönəmin anlayışlarına uyğun işlənib. O, daha çox keramika heykəlləri formasında olan əsərlərində türk xalqlarının tarixdəki həyat tərzinin motivlərini, dövlətçilik ənənəsinin simvol və mənalarını, döyüş ruhunu, mədəni rəmzləri və alp-ərən ənənəsi kimi mövzuları canlandırır.
Rəssamın üçölçülü formaya olan marağı, insan anatomiyası və naxışları haqda məlumatı, detallara həssaslığı əsərlərində özünü ən qabarıq şəkildə göstərir. Onun əsərlərində göz oxşayan dekorativ detallara çox az rast gəlinir və işlənən bütün motivlər müəyyən tarixi və ya etnoqrafik mənbədən qidalanır.
Oğuzların səsi
Konya Səlcuq Universitetində Məzahir Ərtuğ Avşar tərəfindən hazırlanmış bir neçə abidə var. Süleyman Dəmirəl Mədəniyyət Mərkəzinin qarşısında ucalan “Totem” abidəsi keramikadan hazırlanıb. Sütun formasında olan bu abidənin postamenti mərmərdən, gövdəsi isə keramika bloklarından ibarətdir.
Rəssamın işlədiyi İncəsənət və Dizayn fakültəsinin binasının qarşısında iki rəngli mərmərdən hazırlanmış “Xəbərdarlıq” abidəsi ucalır. Bu əsər parçalanmaların ağrılı nəticələrini özündə təcəssüm edir.
Məzahir Ərtuğ Avşarın digər böyük əsəri də taxta yonqarlardan düzəldilmiş “Türk çarxı” abidəsidir. Vaxtilə kitabxana binasının qarşısında ucalan bu əsərdə çarxın ön və arxa hissəsində 24 oğuz boyunun damğalarının həkk olunması tarixi zamanın bu gün bu çarx kimi fırlandığını bildirir.
Səlcuq Universitetində bunlarla yanaşı, rəssamın “Sarıqamış şəhidləri” abidəsi də ucalır.
Məzahir Ərtuğ Avşarın bunlardan başqa “Dərvişlər”, “Balballar”, “Panno”, “Sirli yazılar”, “Doğuluş”, “Bəyaz qarğa”, “Dədə Qorqud”, “Göydən gələnlər” və “İlk türklər”, “Müqəddəs yazılar”, “Səlcuq döyüşçüsü”, “Qazi”, “Səma vazaları”, “Mifologiya”, “Ovçular” və sair kimi məşhur əsərləri də var.
Eləcə də “Tarixdən məktublar”, “Üçüncü üz”, “Yurd”, “Damğa”, “Sultan”, “Mövləvi”, “Pəri bacaları”...
Danışan daşlar
Azərbaycanın tarixi keçmişi və xalqının milli kimliyi də rəssamın ən sevimli mövzuları arasında yer alır. Babək və Dədə Qorqud obrazlarını hələ universitetdə oxuduğu illərdə canlandırmışdı. Bundan başqa, Bakıda keçirdiyi sərgisində “Danışan daşlar”, “Yaralı daşlar”, Gecə qonağı”, “Xürrəmilər”, “Dədə Qorqud”, “Göyçə qaçqını”, “Döyüşçü”, “Əsgəran”, “Axaltəkə”, “Qarabağ”, “Oğuz”, “Vedi didərgini”, “Avşaran” və sair kimi əsərlərini nümayiş etdirib.
Həmişə fəal vətəndaşlıq mövqeyindən çıxış edən Məzahir Avşar Azərbaycanın yaxın tarixi, xüsusilə Birinci Qarabağ Müharibəsi ilə bağlı biliklərini müxtəlif tədbirlərdə, panellərdə və proqramlarda dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Rəssam hesab edir ki, baş verənlər doğru bilinməli, xalqımızın gələcəyi naminə unudulmamalıdır.
Zaman və məkanın vəhdəti
Rəssamın heykəltəraşlıqdan başqa qrafik əsərlərə olan marağı özünəməxsus üslubun inkişafı ilə üzə çıxır. Daha çox portret formasında işlənən bu əsərlərdə fiqurlar sanki ortaq zaman və məkandan yaranan bir şəbəkə vasitəsilə öz-özünə yaranır və bu formalaşma varlığın və görünənlərin vəhdəti kimi kimi fəlsəfi mövzu və məfhumlara söykənir.
Rəssam 1981-ci ildən həm ölkə daxilində, həm də xaricdə keçirilən sərgilərdə fəal iştirak edir. Əsərləri Türkiyə ilə yanaşı, Rusiya, Azərbaycan, Moldova, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətində muzeylərdə və bir çox şəxsi kolleksiyalarda saxlanılır.
Məzahir Ərtuğ Avşar həmkarı Lalə Avşarla evlidir.
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA