Cənnəti vəd edən qruplaşma - XAŞXAŞİLƏR - ARAŞDIRMA
Bizi izləyin

Maraq dünyası

Cənnəti vəd edən qruplaşma - XAŞXAŞİLƏR - ARAŞDIRMA

Xaşxaşilər 1090-cı ildə İsmaili ruhanisi olan Həsən Sabbah tərəfindən tarixi Əlamut qəsrini tutduqdan sonra qurulmuş dini və siyasi təşkilatdır. Terror-din münasibəti kontekstində adını tez-tez eşitdiyimiz bu qruplaşma mövcud olduğu dövrdə elə böyük iz buraxdı ki, ingilis dilindəki "assasin" sözünün mənbəyi halına gəldi. Həsən Sabbah təxminən 1050-ci illərdə indiki İran sərhədlərində Tusda anadan olub. Onun ailəsi şiə etiqadına görə Sabbah doğulmazdan əvvəl Kufədən Tusa hicrət etmişdi. İllər sonra ailə Reydə məskunlaşır və Həsən Sabbah ibtidai təhsilini orada almağa başlayır. 17 yaşında ikən Əmireh Zarab adlı dainin (İsmaili təriqətini yaymaq üçün təyin edilmiş ruhanilərə verilən ad) əsiri ilə Rey şəhərində ismaili təriqətilə tanış olur. Daidən öyrəndiklərindən sonra şiə təlimlərinə inamını itirən Həsən Sabbah özünü İsmaili inancına həsr edir.

Publika.az tarixin ən qorxulu sui-qəsdçi qruplaşması olan Xaşxaşilər barədə bilinməyən faktları təqdim edir.

Həsən Sabbah illərlə təhsil aldıqdan sonra İsfahandakı Böyük Səlcuq sarayına girə bildi. O, dövrün hökmdarı Məlikşah və vəziri Nizam ül-Mülkə xidmət edirdi. Zaman keçdikcə Nizam ül-Mülk Həsən Sabbahı özünə təhlükə kimi görməyə və Sultan Məlikşahın gözündə onu ləkələməyə başladı. Nəhayət Həsən Sabbah saraydan sürgün edildi. Alçaldılmağa, gözdən salınmağa dözə bilməyən Həsən Sabbah qisas almağa and içib, uzun müddət sürgün həyatı yaşayır. İllər boyu İran torpaqlarını gəzərək xalqa İsmaili təlimini izah edib, İsmaili inancını xalq arasında sürətlə yayılmağa başladı. İnsanlar Həsən Sabbahı lider kimi görməyə başlayanda Səlcuq hökmdarı onu xain elan etdi. Sultan Məlikşah Həsən Sabbahın hakimiyyətə gəlməsini türk hökmranlığına təhlükə olaraq görürdü.

Kifayət qədər dəstəkci toplayan Həsən Sabbah 1090-cı ildə Əlamut qalasını ələ keçirdi və bu qala 166 il ərzində tarixin ən dəhşətli məzhəbinə ev sahibliyi etdi. Təriqətin çox sərt qaydaları var idi. Spirtli içki içmək, evlənib uşaq sahibi olmaq,qadın haqqında danışmaq, musiqi ifa etmək qadağan idi. Bu qaydaların məqsədi şagirdləri bütün dünyəvi ləzzətlərdən və bağlılıqlardan yayındıraraq özlərini tamamilə kult və təlimlərə həsr etmək idi. Bu qaydalara əməl etməyənlər ciddi şəkildə cəzalandırılırdı.

Bəzi qaynaqlarda yer alan məlumatlara görə Həsən Sabbah öz fədailərinə narkotik maddə verərək onları özünə bağlayırdı. Beləki fədai olmağa qərar verən insana xaşxaş adlı narkotik vasitə verilərək dərəyə aparılır və onun cənnətdə olduğuna inandırılır. Sonra dərmanın təsiri keçir və yenidən qalaya gətirilir. Lakin sədaqətli şəxs yenidən cənnətə getmək istədikdə, onu daha əvvəl cənnətə qoyduğuna inandığı Həsən Sabbahın əmrlərinə tabe olmağı qarşısına şərt kimi qoyulur. Qatillərə təhsil aldıqları müddətdə cənnətin dəyəri, şəhadət, cənnətə gedəndə necə mükafatlandırılacaqları, hurilər haqqında danışılırdı. Bu rəvayətlər ona görə sui-qəsdçilərə söylənirdi ki, qorxmadan qətlləri törədib bu yolda can verdiklərində şəhid olub cənnətə gedəcəklərini zənn edib, ölümdən qorxmasınlar.

Qruplaşma Böyük Səlcuqlu dövləti dövründə terror törətmiş, çoxlu yüksək rütbəli dövlət xadimlərini və Abbasi nəslini qətlə yetirib.

Həsən Sabbahın ölümündən sonra təriqət bir müddət fəal şəkildə fəaliyyətini davam etdirdi. Lakin zaman keçdikcə dəstəkçilərin məzhəbə və təlimlərə inamları azalmağa başladı. Bunun ən böyük səbəblərindən biri az qala tanrı kimi gördükləri Həsən Sabbahın ölümü idi. Belə böyük liderin qocalması və ölümü Həsən Sabbahı fədailərin gözündə adi bir fani etməyə başladı. İkinci ən böyük səbəb isə məzhəb və təlimlərin sərt qaydaları idi. Sərt qaydalar və sərt cəzalar fəadilərin inanclarını şübhə altına aldı. Onların əməl etməli olduqları və qanun kimi göründükləri bu qaydalar şagirdlərin ismaili təlimlərinə bağlılıqlarını azaldıb, bu cür sərt qaydaların dini təlimlərə daxil edilib-edilməməsi ilə bağlı sual doğurdu.

Təriqət zəiflədikdən sonra Alamut qalası o dövrdə İran torpaqlarında böyük qorxuya səbəb olan Monqolustan imperatoru Çingiz xanın nəvəsi Hülaku xan tərəfindən fəth edilmiş və bununla da Haşaşi təriqəti süqut etmişdir. Hülaku xan qalanın fəthindən sonra ordusuna hər şeyi məhv etməyi əmr edib. Kitablar, əşyalar və digər önəmli əsərlər yandırılıb. Dövrün ən böyük kitabxanalarından olan Əlamut kitabxanasının 7 gün 7 gecə yandığı deyilir. Hətta qeyd olunur ki, kitabxana ilə birlikdə gizli elmləri təsvir edən və yalnız bir nüsxəsi olan saysız-hesabsız əsərlər də yandırılmış, bununla da kainatın naməlum sirlərini, kəşflərini özündə ehtiva edən bilik və elmlər yox olmuşdur.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm