• USD 1,7000 0,00% EUR 1,9810 -0,22%
    • GBP 2,1592 -0,13% RUB 0,0221 -0,90%

Xosrov Paşa qayası, Həşimov stansiyası

  • Tarix
  • 19 İyul 2020 16:11
  • 2 117 Baxış
Xosrov Paşa qayası, Həşimov stansiyası

1918-ci ilin 15 sentyabrında Bakı işğaldan azad olunduqdan sonra hökumət mühüm bir qərar verir: Türk Şühəda Türbəsi hazırlanacaq!

Məqsəd Bakı uğrunda döyüşlərdə şəhid olan Azərbaycan və Osmanlı əsgərlərinin xatirələrinin əbədiləşdirilməsi idi. Çünki Rəsulzadənin Xoyskiyə yazdığı teleqramda bildirdiyi kimi Bakı azad olunmasa idi, Azərbaycana “əlvida” deyiləcəkdi. Türbənin təməlatma mərasimi keçirilsə də, təəssüf ki, aprel işğalı tariximizin ən şərəfli hadisəsinin əbədiləşdirilməsinin qarşısını aldı. Xoşbəxtlikdən həmin türbənin eskizi bu günümüzədək çatıb və həmin şəkildə olmasa da, hazırda Dağüstü parkda türk əsgərlərinin xatirəsinə başqa formada abidə qoyulub.

Şübhəsiz ki, Cümhuriyyət yaşasa idi, Bakı ilə yanaşı Şuşada da bir abidə qoyacaqdı: Erməni fitnəsini aradan qaldıran Xosrov bəy Sultanova və onun qəhrəman əsgərlərinin şücaətinə görə...

Xosrov bəy nə etmişdi?

1919-cu ilin yanvarında müttəfiqlərin Bakıda olan komandanı general V.Tomson Qarabağın dağlıq hissəsini və Zəngəzur qəzasını Azərbaycanın idarəçiliyində olmasını təsdiqləmiş, Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi. Bu təyinatı rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın redaktoru Üzeyir bəy Hacıbəyli sevinclə qarşılamış və açıq şəkildə yazmışdı: “Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır”.

Üzeyir bəy onu da yazır ki, ermənilər Xosrov bəyi “ermənisevməz” kimi qəbul edirlər, həqiqətdə isə o, millət fərqi qoymadan ümumqarabağ əhlinin asayiş və istirahəti üçün çalışan ədalətli bir hakimdir.

Ermənilərin Xosrov bəyi sevməmələrinin səbəbi bəlli idi. O, bölgəni yaxşı tanıyırdı, Andronikin başlatdığı üsyançı hərəkatın necə aradan qaldırılacağını bilirdi. Eləcə də Azərbaycanın ilk hərbi naziri olmaqla da yüksək hərbi qabiliyyətə malikdi. Necə ki belə də oldu. 1919-cu ildə Parisdə Azərbaycanın tanınması uğrunda mübarizə aparan Əlimərdan bəy Topçubaşıya Nazirlər Şurasının sədri adından göndərilən teleqramda açıq şəkildə yazıldı: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi... 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Аzərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.

Bu hadisənin şərəfinə Rəsulzadə rəsmi qəzetdə belə yazdı: “Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qonşularımızın israrından qurtardı. Fəzlə qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər”.

Hökumət başçısı Nəsib bəy Yusifbəyli də parlament üzvlərinə hesabatında “Azərbaycanın artıq Bakı adlı problemi olmadığı kimi eynilə Qarabağ adlı problemi də yoxdur” deyə bildirdi.

Beləliklə, Xosrov bəyin sayəsində Azərbaycan Cümhuriyyəti Qarabağdakı hakimiyyətini təsdiqlədi.

Cümhuriyyətin ömrü qısa oldu, amma bu gün hüquqi varisi olduğu indiki dövlətimiz Azərbaycanın suverenliyi uğrunda qəhrəmanlıq göstərən hərbçilərin xatirəsini mütləq əbədiləşdirməlidir. Qarabağdakı erməniləri silahı yerə qoymağa, Azərbaycan hökumətini tanımağa məcbur edən Xosrov bəyin adı bir yüksəkliyə, bir qayaya niyə verilməsin ki?

Qarabağın azadlığının rəmzi olan Sultanovun adı, xatirəsi döyüş bölgələrində niyə əbədiləşdirilməsin ki? Axı Vətən həmin şəxsiyyətlərə, həmin qəhrəmanlara görə Vətən olub.

Bu gün də Qarabağın azad olunması, sərhədlərimizin qorunması uğrunda şəhid olan generallarımız var. Milli qəhrəman adı verilməsini arzuladığımız şəhid general Polad Həşimova xalqın möhtəşəm sevgisinin simvollaşdırılması gərəkməzmi?

Sosial şəbəkədə önəmli bir təklif irəli sürüldü. Bakıda hərbi hospitalın qarşısında açılacaq metro stansiyasına “General Həşimov” adı verilsin. Yerində olan təklifdir. Ölkədə şair və yazıçıların adlarının əbədiləşdirilməsini müəyyən qədər azaltmaq lazımdır. Müharibə şəraitində olduğumuz üçün istər 100 il öncəki hərbçilərin, istərsə də Qarabağ savaşından bu yana şəhid olanların xatirələrini daha çox yaşatmalıyıq. Çünki gördük ki, xalqımız şəhid generalımız üçün on minlərə çevrilib Şəhidlər Xiyabanına yürüş edə bilir.

Polad Həşimovun adının yeni metro stansiyasına verilməsi, həmin stansiyada onun kimliyi ilə bağlı lövhənin 3 dildə qoyulması vacibdir. Vətəndaşlar, turistlər, qonaqlar mütəmadi bu xatirə lövhəsinin qarşısından keçərkən şəhid generalımızı yad edəcəklər.

Qarabağ birinci respublikamızın da, indiki respublikamızın da ən həssas yeridir. Azərbaycan Cümhuriyyəti parlamentində ən gərgin müzakirələr məhz bu mövzu ətrafında olub. İndi də belədir. Bu baxımdan Sultanovların, Həşimovların xatirəsi dövlət tərəfindən layiqincə yad edilməlidir.

Xosrov Paşa qayası, Həşimov stansiyası bu yolda atılacaq gözəl addımların başlanğıcı ola bilər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR