Tarix
Xocalı sakini DƏHŞƏTLƏRİ DANIŞIR: “Güllə uşağa dəyib, ananın ciyərindən çıxmışdı” - FOTO
“Xocalı soyqırımı baş verən zaman polis əməkdaşı olaraq Xocalı şöbəsində işləyirdim. Xocalı hava limanında könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə birgə çalışmışam. Ermənilər Əsgəran qalasında bizim iki polis əməkdaşımızı vəhşicəsinə güllələyib öldürmüşdülər. Onlar bir gün öncədən həmin yerdə pusqu qurmuşdular. O hadisələrdə də iştirak etmişəm, çox dəhşətlidir. Erməni cəlladları xalqımıza divan tutdular, yaşlı, gənc, uşaq demədən hamını xüsusi qəddarlıqla öldürürdülər. O anları yada salmaq, həmin illərə qayıtmaq çox əzablıdır”.
Bu sözləri Publika.az">Publika.az-a Xocalı soyqırımının canlı şahidi, hər iki valideynini itirən Xocalı sakini Bəhlul Hüseynov bildirib.
O, polis əməkdaşı olaraq Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Cəmilli, Kosalar kəndlərində, Xocavəndin Əmralılar kəndində gedən döyüşlərdə iştirak edib: “10-15 gün həmin ərazilərdə döyüşlərə qatıldım, hamımız düşmənə qarşı mübarizə aparırdıq. Evdən elə bilmişdilər ki, artıq həyatda yoxam, hamı məni öldü bilirdi. Döyüşlərdən sonra evə gəldim, gördüm ki, atam da, anam da mənim dərdimdən xəstə yatağına düşüb. Bütün qohum-əqrəba dedi ki, elə bildik şəhid olmusan. Mən aeroportda çalışan zaman 366-cı alay Xocalını mühasirəyə almışdı. Xocalıda çox əzablar görmüşük, zülmlər çəkmişik, dəhşət yaşamışıq. Xocalı faciəsi zamanı atam Hüseynov Hüseyn Fərəc oğlu, anam Hüseynova Zinyət Yunis qızı, qardaşım Hüseynov Rəşid Hüseyn oğlu şəhid oldu. Şəhid olan qardaşım polis işçisi idi, mənimlə birlikdə aeroportda çalışırdı. Hazırda hər iki valideynini itirən uşaqlardan üçü də mənim qardaşlarımdır. Hüseynov Ədalət Hüseyn oğlu, Hüseynov Yaşar Hüseyn oğlu, Hüseynov Cəmşid Hüseyn oğlu. Onlar hər iki valideynini itirən 25 uşaqdan biridir”.
B.Hüseynovun sözlərinə görə, ermənilər ilk olaraq Xocalının kəndlərini hədəf seçib, evləri, ot tayalarını yandırıblar. Daha sonra isə rayon mərkəzini mühasirəyə alıblar: “Biz postlarda olmuşuq, ordan heç yerə qaçmamışıq. Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını mühasirəyə aldı. İlk olaraq kənd yerlərində ot tayalarını yandırdılar, əhalini təşvişə saldılar. Haray-həşir düşmüşdü. Ana övladı, övlad valideyni, qardaş bacını axtarırdı. Həmin zamanları yada sala bilmirəm, çox dəhşətlidir. Qohumumuzdan soruşdum ki, atamı, anamı, qardaş-bacımı görməmisiniz? Heç biri görməmişdi, hər kəs bir-birini itirmişdi. İnsanlar pərən-pərən düşmüşdü. Polis qardaşım Ağdamın Şelli kəndinə qədər getmişdi. Onun kənddə qonşusunu uşağı ilə birlikdə öldürmüşdülər. Anası uşağını ədyalla kürəyinə bağlamışdı. O şəkildə bir müddət gedəndən sonra uşağını kürəyindən vurmuşdular, güllə ananın ciyərinə girib çıxmışdı. Hər ikisini öldürmüşdülər. Bütün sənədlərimiz atamın, anamın ciblərində idi. Cəsədləri götürəndə onların cibində sənədlər hamısı biçilmiş vəziyyətdə idi. Ağdamda yaxınlarımızın cəsədlərini bizə verdilər, Xocalı sakinlərinin çoxunu Ağdam Şəhidlər xiyabanında torpağa tapşırdıq. Amma biz o zaman valideynlərimi Bərdə rayonunun Yenidaşkənd kənd qəbiristanlığında dəfn etdik. Çox faciələr gördük, danışmaq olduqca çətindir. Sanki Allah bizim qəlbimizə yeridib, fevral ayı bizim üçün ağrılı-acılı bir aydır. Bu ayda ayaqlarım, bədənim isinmir, özüm özümü hiss edə bilmirəm. Bizim üçün çox ağırdır, ağlasığmaz faciələr yaşamışıq.
Meşəlidə döyüşlərdə iştirak etmişəm. Kəndin hər tərəfi ermənilər yaşayan kəndlər idi. Oranın üst hissəsində Kosalar kəndi var. Onlar da ermənilərlə əhatə olunmuşdu. Həmin yerdə xeyli soydaşımız şəhid oldu. Biz vertolyotla hərəkət edirdik. Milli Qəhrəman Əlif Hacıyevin ekipajında çalışırdım. Milli Qəhrəman Tofiq Hüseynov da bizimlə idi”.
Bəhlul Hüseynov və onun sağ qalan ailə üzvlərinin daha bir çətin mübarizəsi Xocalı soyqırımından sonra başlayırdı. Çünki hər iki valideyni öldürülmüşdü, bütün yük isə ailənin böyüyü kimi onun üzərində idi. B.Hüseynov bundan sonra ailəni saxlamaq üçün daha çox işləməyə məcbur qalır və polis işindən gedir: “Xocalıdan çıxandan sonra bir müddət Tərtər rayonunun Marquşavan kəndində məskunlaşdıq. Orda ev-eşiyimiz, paltarımız yox idi, Xocalıdan heç nə gətirməmişdik. Uşaqlar kiçik idi, yemək istəyirdilər, yoxsulluq içərisində idik. 3-4 bacı-qardaşımın hamısı mənim yanımda qalırdı. Orada bir müddət yaşadıq. Ancaq ermənilər tərəfindən sularımız kəsildi, nə içməyə, nə də həyəti suvarmağa su tapıldı. Bundan sonra mənim təyinatımı Şəkiyə verdilər. Bideyiz kəndində əhali bizə kömək etdi, qida verdilər, dərdimizə şərik oldular. Ancaq orda da yaşayış vəziyyətimiz ağırlaşdı. Bundan sonra Bakıya gəldik. Daxili İşlər Nazirliyinin yataqxanasına yerləşdik. Ailəmi saxlamaq üçün polis işindən ayrıldım və başqa işlərdə işlədim, fəhləlik etdim, ailəmizi saxladım. Yetim qalan qardaş-bacıma mən baxırdım. Bir müddət sonra isə Xırdalanda 1 saylı yataqxanada məskunlaşdım. Hazırda Humanitar Kollecin yataqxanasıdır, indi də burada yaşayıram.
Xocalıya getmək istəyirəm. Fotolara baxdıqca ürəyim dağlanır. Qohumlarım, əmim uşaqları, bibim uşaqları, çox yaxınım faciənin qurbanı oldular. Sinif yoldaşlarım şəhid oldu. Bütün tanışlarımdan şəhid olan var. Xocalı hamımız idik, hər birimiz qohum-tanış idik. Elə ailə oldu ki, 10 nəfərdən biri salamat çıxa bilmədi. Erməni terrorçularının bu dəhşətli əməllərini bütün dünyaya çatdırırıq, buna davam etməliyik. Xocalıda bizim hansı dəhşətləri yaşadığımızı heç bir insan unutmamalıdır. Dünya bu soyqırıma susmamalıdır”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...