“Əllərimi sobaya basdılar, barmaqlarımı...” - Şahid Xocalıdakı VƏHŞƏTİ DANIŞIR
Bizi izləyin

Tarix

“Əllərimi sobaya basdılar, barmaqlarımı...” - Şahid Xocalıdakı VƏHŞƏTİ DANIŞIR

1992-ci ildə Xocalı soyqırımı zamanı əsir düşən musiqiçi Valeh Hüseynov “Əl-Cəzirə” telekanalına ermənilərin başına gətirdiyi dəhşətləri, gitara çala bilməməsinə səbəb olan işgəncələri danışıb.

Publika.az xəbər verir ki, V. Hüseynov Xocalı hadisələri ərəfəsində Mingəçevirdə musiqiçi olaraq çalışırmış. Hadisələrin gərginləşdiyi bir vaxtda o, doğulduğu şəhəri qorumaq üçün Xocalıya yollanıb. O zaman cəmi 23 yaşı var imiş.

“Gündüzlər bankda işləyir, gecələr növbədə olurdum. İmkan düşdükcə gitaramı çalırdım. Sonra Səadətlə evləndim”, - deyə o bildirir.

Şəhərini və ailəsini qorumaq üçün getdiyi Xocalıda ailə qurandan 5 ay sonra erməni milisləri şəhərə girir. Həmin gün Valeh növbədə olmayıb. Evdə həyat yoldaşı ilə birgə oturubmuş: “Silahımız çox az idi. Onların tankları var idi. Buna görə də şəhəri tərk etmək qərarına gəldik. Hər tərəfdən tanklarla hücuma keçdilər. Əhali meşəyə doğru qaçdı. Biz bütün qadınları, uşaqları, qocaları Qarqar çayına tərəf apardıq. Hamı ora toplaşandan sonra birlikdə çayı keçdik, 10 kilometrlərlə uzanan dağlıq və meşəlik əraziyə girdik. Qar yağırdı, hava soyuq idi. Soyuqdan ölənlər də oldu. Qocalar yarı yolda yıxılıb qaldı. Ağdama 3-4 kilometr qalanda meşəlik qurtardı. Düzənlik başladı. Ermənilər orada da hər tərəfdən atəş açmağa başladılar. İnsanları o düzənlikdə qırdılar”.

O günləri çətinliklə yada salır. Geridə qalanları və kömək etdiyi adamları bir-bir xatırlayır. Düzənlikdən Ağdama getməyin mümkünsüz olduğunu görən kişilər əllərindəki silahlarla qadınları və uşaqları qorumağa başlayır. Bəziləri xilas ola bilir.

Lakin həmin qarışıqlıqda həyat yoldaşı geridə qalır.

“Həyat yoldaşıma dedim ki, sən insanlarla get, mən vuruşacam ki, siz rahat qaça biləsiniz. Ağdamda görüşərik. Döyüş bitəndə hətta yaralanmamışdım belə. Bir neçə nəfərlə Ağdama çatdıq. Gördüm ki, həyat yoldaşım yoxdur. Ağdama gələ bilməyib. Harada qoymuşdumsa, orda da qalıb. Ağdama gələ bilənlər geridə qaldığını dedilər. Güllə yağışından qorxubmuş, ona görə də olduğu yerdən tərpənməyib. Həyat yoldaşımı gətirmək üçün geri qayıtdım və onu tapdım. Yanında başqa qadın və uşaqlar da var idi. Sürünə-sürünə Ağdama getməyə başladıq. Şəhərə 500-600 metr qalmışdı. Amma ermənilər tələ qurmuşdular. Dörd tərəfdən hücum etməyə başladılar. Həyat yoldaşımı qarnından vurdular, orda da öldü. Onun meyitini götürə bilmək üçün yanında qaldım. Təxminən iki saat güllə yağışı altında gözlədim. Atəş dayandı, amma ermənilər bizə tərəf gəlməyə başladılar. Gülləm qurtarmışdı. Bir erməni gənci lap yanımıza qədər gəldi. Belimdəki bıçağı çıxarıb onu vurdum, qaçdı. Hirslə arxasından qaçdım. Onun arxasınca gedəndə başqa bir erməni gəlib silahının qundağı ilə başımdan vurdu. Huşumu itirdim. Özümə gələndə uzanmışdım, məni döyürdülər. Sonra əsir götürdülər”, - deyə V. Hüseynov o illəri ağrı ilə xatırlayır.

O, həyat yoldaşının meyitini götürə bilmədən ermənilərə əsir düşüb. Onunla birlikdə daha 11 nəfər əsir aparılıb. Əksəriyyəti də qadın və uşaqlar olub. Əsirliyi 27 gün çəkib. Onun bir daha gitara çala bilməməsi üçün barmaqlarını sındırıblar.

“Gündə 4-5 dəfə 20-yə yaxın erməni əsgəri gəlib döyürdülər. Mənim gitara çaldığımı haradansa öyrənmişdilər. Bizi əsir saxladıqları yerdə qaz sobası var idi. Ona tərəf sürüdülər, iki əlimi sobaya basdılar. Soba çevrildi, ayaqları ilə üstündən basıb barmaqlarımı qırdılar. Dırnaqlarımı da çıxartdılar. Sonra yerə aşmış qaz sobasını düzəltməyi əmr etdilər. İstidən qızarmışdı. Sobanı oradakı bezlə düzəltdim. Gördülər ki, əllərim tam yanmayıb. Əllərimdən tutub yenidən qızarmış sobaya basdılar. Huşumu itirdim. Gözlərimi açanda əllərim dəhşətli dərəcədə ağrıyırdı. Başım, gözüm qan içində idi. Qabırğalarımı və dişlərimi də qırmışdılar. Yanmış əllərimi soxmağa soyuq yer axtarırdım. Qaldığımız yerdə su boruları var idi. Soyuqdan donmuşdu. İki əlimlə boruları tutdum, soyuq ağırımı bir az azaltdı. Eləcə yuxuladım. Oyananda gördüm ki, əllərim boruya yapışıb, ayıra bilmirəm. Ermənilər bunu görəndə məni borudan qopartmaq üçün ayaqlarımdan tutub çəkdilər. Əllərimin içi orda qaldı”, - deyə Xocalı əsiri danışıb.

Bir neçə gün davam edən işgəncədən sonra onun ayılmadığını görən ermənilər öldüyünü düşünüb və bir təpənin üstündən aşağı tullayıblar. O, təpədən atıldığını xatırlayır. Yerə düşəndə qurtulduğunu başa düşüb və ayağa qalxmağa çalışıb. Lakin bunu görən ermənilər yenidən onu əsir götürüb.

“Yuxarıdan aşağı yuvarlanandan sonra suyun içində olduğumu hiss etdim. Sudan çıxa bilmədim, gözümü belə aça bilmirdim. Bir gecə orda qaldım. Çox soyuq idi, titrəyirdim. Sabah açılanda çıxmağa çalışdım. O vaxt erməni əsgərləri təpədən baxırmışlar, tərpəndiyimi görəndə yenidən məni tutdular”, - deyə o danışır.

V. Hüseynov 27 gün sonra 3 erməni əvəzinə Azərbaycan tərəfinə verilib. O əsirlikdə olarkən 18 yaşındakı həyat yoldaşı Səadətin meyitini atası alaraq Ağdamda dəfn edib.

Əsirlikdən qurtulduqdan sonra Gəncədə xəstəxanada yatıb. Dörd il yanmış əllərini müalicə edib: “Dörd il əllərim havadan asılı qaldı. Barmaqlarım açılmırdı, daha gitara çala bilmirdim”.

Həkimlər onun barmaqlarını yenidən qıraraq düzəldiblər: “Gitara çalmaq istəyirdim, amma daha alınmadı. Gitara da ala bilmədim. Televizorda gitara görəndə ağlayırdım. Sonra bir tanışımın köhnə gitarasını aldım. Toylarda çalmağa başladım. O vaxt Azərbaycanda hərcmərclik idi, aclıq idi. Kimsə gələcək taleyinin necə olacağını bilmirdi. İndiki kimi olsaydı, dövlət yardım edərdi. O vaxt isə fərqli idi”.

1996-cı ildə yenidən evlənən V. Hüseynovun üç qızı var. İndi hər şeyin yaxşı olduğunu deyir, amma bircə arzusu var: “Torpaqlarımızı geri almaq istəyirik. Gedib orda yaşamaq istəyirik. Ermənilər torpaqlarımızı bir gün qaytarmaq məcburiyyətində qalacaqlar”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm