Müsahibə
Almaniyada TOP-5-ə daxil olan azərbaycanlı neyrocərrah: Getməyə hazırlaşanda direktor dedi ki...
O, Almaniyada neyrocərrahiyyə üzrə elmi iş yazan həkimlər arasında TOP-5-ə daxildir. Düşünür ki, lazımi dərəcədə motivasiya, məqsədyönlülük və səmimiyyət varsa, insan istədiyi hər şeyə nail ola bilər. Deyir ki, uğurlu olmaq istəyirsənsə, özünə qarşı səmimi ol, plan qur və həmin planla məqsədinə nail olana qədər get...
Müsahibimiz Almaniyada professor adını qazanmış azərbaycanlı Ramazan Cabbarlıdır. O, Almaniyada neyrocərrahiyyənin beyin anevrizmaları sahəsində dünyanın ən böyük məlumat bazalarından birinin (Database) yaradıcısıdır.
Bakıda anadan olub. Orta təhsilini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 2003-cü ildən Respublika Neyrocərrahiyyə Mərkəzində həkim kimi fəaliyyətə başlayıb. Kliniki və elmi fəaliyyətlə məşğul olub. Həmin dövrdə elmi işi ilə həkimlərə ildə bir dəfə verilən təqaüdü qazanaraq Almaniyaya yola düşüb. Almaniyanın cənubunda yerləşən ən qədim universitetlərdən sayılan Freiburgda elmi fəaliyyətinə başlayıb, neyrocərrah kimi işləyib. Bir illik təqaüdün vaxtı bitəndə klinikanın direktoru və elmi rəhbəri Almaniyada rezidentura proqramını oxumağını və onunla işləməyi təklif edib. Beləliklə, müsahibimizin planladığı bir illik Almaniya macərası artıq 20 ildir ki, davam edir.
Hazırda Almaniyanın Essen Universitet klinikasında şöbə müdiri, Duisburg-Essen Universitetinin neyrocərrahiyə kafedrasının müəllimi kimi çalışır.
Həmyerlimizin 230-dan çox elmi məqaləsi “Lancet”, “Neurology”, "Stroke" , "European Journal of Cancer" , "European Journal of Neurology" , "Cancers" , "Journal of Neurosurgery" jurnallarında dərc olunub.
Peşəni icra etmək istəyirsənsə, o ölkənin dilini yaxşı öyrənməlisən
- Ramazan bəy, sizcə, elmi rəhbəriniz hansı keyfiyyətlərinizə görə sizə Almaniyada qalmağı təklif etdi?
- 2005-ci ildə Almaniyaya gələndə planım o idi ki, bir ildən sonra vətənə qayıdacağam. Almaniyaya gəlmək məqsədim elmi iş idi. Adətən həkimlər burada uzmanlıq proqramı ilə məşğul olurlar. Bu proqram çox intensivdir. Həftənin beş günü və əlavə növbələrdə qalanda təkcə kliniki fəaliyyətin sənin o qədər enerjini alır ki, başqa işlərə taqətin qalmır. Mən isə bir il ərzində həm elmi, həm də kliniki işlə məşğul oldum. Həkimlərlə birlikdə səhər saat yeddidə klinikada olurdum, axşam səkkizdə çıxırdım. Evə getmirdim, bilirdim ki, evə getsəm, bir il ərzində elmi işimi bitirə bilməyəcəyəm. Bu səbəbdən klinikadan çıxıb laboratoriyaya gedirdim. Gecə saat 12-yə qədər də orada çalışır, səhər beşdə yenidən klinikaya gedirdim. Həftəsonlarımı isə səhərdən axşama qədər elmi işə sərf edirdim. İşləməkdən yorulmurdum. Almaniyada hansısa eksperimental işlə məşğul olduqda, həkimlər kliniki fəaliyyətə ara verirlər və dövlət tərəfindən də maaşları ödənilir. Ona görə alman həkimləri adətən ya kliniki iş görürlər, ya da elmi-eksperimental. Mən isə bu iki fəaliyyətlə yanaşı, alman dilini də mükəmməlləşdirməli idim ki, alman həkimlərindən geri qalmayım. Direktorum bu zəhmətimi gördü və getməyə hazırlaşanda dedi ki, sənə tam işləməyə şərait yaradır, burada qalmağı təklif edirəm.
- Siz həm də dörd dil bilirsiniz. Adətən, həkimlər düşünürlər ki, tibbin dili standart olduğu üçün əlavə dil öyrənməyə ehtiyac yoxdur. Həkim üçün dil bilmənin əhəmiyyəti nədir?
- Tək Almaniya deyil, hər hansı ölkədə işləməyin ən vacib şərtlərindən biri həmin ölkənin dilini bilməkdir. 20 il ərzində burada işləmək üçün mənə ən azı 100 azərbaycanlı həkim müraciət edib. Çox hallarda gənc həkimlərdən eşidirdim ki, Almaniyaya gələ bilsələr, orada alman dilini yavaş-yavaş öyrənərlər. Lakin dili mükəmməl bilmədiklərinə görə buraya gəlib işləyə bilməyən həkimlər çoxdur. Çünki dil məsələsinə ciddi yanaşılmır. Əksəriyyəti deyir ki, ingilis dilini yaxşı bilirəm, almanca da 3-4 cümlə qurmağı bacarıram, tibbin dili də bütün dünyada latın dilidir, niyə bacarmayım? Məhz bu fikirlər onların karyeralarına mane olur. Dili ya bilirsən, ya da bilmirsən. Bunun ortası yoxdur. Fərqi yoxdur hansı peşəni icra etmək istəyirsən, getdiyin ölkənin dilini yaxşı öyrənməlisən. Dili yüksək səviyyədə öyrənmək həm sənin işlədiyin ölkəyə qarşı hörmətin bir əlamətidir, həm də məsuliyyət göstəricisidir. Getdiyin ölkə də bunu mütləq dəyərləndirir. Əgər dili yaxşı bilmirsənsə, elə bil ki, özün öz qollarını, ayaqlarını bağlayır, imkanlarını məhdudlaşdırırsan.
Vətənin siması, vizit kartı
- 2021-ci ilə qədər Almaniyada professor adını qazanan ilk azərbaycanlı idiniz. İndi necə?
- Bəli, 2021-ci ildən professor elmi titulunu daşıyıram. Amma növbəti illər ərzində xeyli sayda elmi işçilərimi yetişdirmişəm. Rəhbərliyim altında artıq 8-10 həkim həm tibb elmləri doktorluğu, həm də privatdozent dərəcəsini müdafiə edib. Düşünürəm ki, professor statusunu da alacaqlar. Fəxrlə deyə bilərəm ki, artıq Almaniyada çalışan yeganə azərbaycanlı professor deyiləm, bu adı alan həkimlərimiz var. Bu gün Almaniyada çalışan uğurlu azərbaycanlı həkimlərin sayı artır. Bu, vətənin siması, vizit kartıdır. Əvvəllər həmyerlilərimiz sadəcə həkim kimi işləyəndə uğurlu sayılırdı. İndi isə azərbaycanlılar professor, dosentdirlər.
- Hər bir ölkə üstünlüyü bir çox hallarda öz vətəndaşlarına verir. Almaniyadakı 20 illik karyeranıza geri dönüb baxsanız, siz və digərləri bu uğurlara necə nail olurlar?
- Xarici ölkəyə gedib, orada sıfırdan başlamaq üçün insan öz komfort zonasından çıxmağı bacarmalıdır. Buna çox insan hazır deyil. Tam fərqli cəmiyyətdə inkişaf etməyə çalışırsan. Əlbəttə ki, alman həkimi öz həmyerlisinə dəstək vermək istəyər, nəinki azərbaycanlı həkimə. Yəni, azərbaycanlı həkim alman həkimindən ən azı bir baş üstün olmalıdır ki, ona eyni dərəcədə baxılsın. Xəstəxanaya gələn pasiyentlər də alman həkimi istəyirlər. Sən o qədər peşəkar olmalı, alman xəstə qarşısında özünü o qədər yaxşı sübut etməlisən ki, o, alman həkimdən heç nəyinin əskik olmadığını görsün. Ali təhsilli insanlar özünü diplomatik aparır, təhsilsiz insanlar isə millətçiliyi daha çox göstərirlər. Mən də öz təcrübəmdə dəfələrlə bu münasibəti görmüşəm. Biz sırf peşəkar keyfiyyətlərimizlə sübut edirik ki, Almaniyaya gəlib çalışmağımız burada yaşayan insanların xoşbəxtliyidir. Çünki biliyimizi, savadımızı burada sərf edirik. Onlar görürlər ki, bizim peşəkarlığımız heç də alman həkimlərindən əskik deyil, çox hallarda da üstündür. Ona görə də dəfələrlə məndən soruşurlar ki, onsuz da Almaniyada işləyirsən, bu qədər ağır tempdə oxumaq, titullar nəyinə lazımdır? Əlbəttə ki, professor titulum alman olmadığıma görə mənə skepsislə yanaşan xəstələrin qarşısında yüksək kvalifikasiyamın sübutudur. Hansısa alman həkimə professor olmaq bəlkə də daha az vacibdir, nəinki azərbaycanlı həkimə. Mənim kabinetimin üzərində “Cabbarlı” yazılır. Alman xəstənin “Dr. Müller”in (ad şərtidir) yanına getmək istəməsi təbiidir. Biz əcnəbi həkimlər bu münasibəti qırmaq üçün daha çox iş görməliyik.
“Tibb sahəsində adınızın kitablara düşməsini istəyirsinizsə...”
- Neyrocərrahiyyə sahəsində tibb elminə töhfəniz məqalələr, kliniki fəaliyyətinizlə bitmir. Siz həm də Almaniyada beyin anevrizmalarına aid dünyanın ən iri məlumat bazasını yaratmısınız.
- Bəli, elmi fəaliyyətlərimin nəticəsi olaraq, beyin anevrizması diaqnozu ilə hazırda altı minə yaxın xəstənin məlumat bazasını toplamışam. Neyrocərrahiyyə başqa tibbi sahələri ilə müqayisədə gəncdir. Tibbin digər sahələri üzrə yüz illərdir təcrübələr var. Adi bir xəstənin müalicəsi böyük xəstə populyasiyası əsasında yazılan elmi tədqiqatların nəticəsidir. Neyrocərrahiyyə isə birinci dünya müharibəsində yaranıb. Bu gün neyrocərrahiyyə əməliyyatlarının hamısı mikroskopla aparılır. Bu mikroskoplardan isə ilk dəfə keçən əsrin 80-ci illərində istifadə etməyə başlayıblar. Mən 2003-cü ildə başlayanda müəyyən müalicə standartları qəbul olunurdu, beş ildən sonra isə standartlar tam dəyişdi. Bu, hələ də davam etməkdədir. Ona görə də neyrocərrahiyyə sahəsində müalicə etdiyimiz xəstələrin müalicə nəticələri üzrə qeydiyyatın olması vacibdir. Biz məlumatları analiz edərək anlayırıq ki, xəstəni hansı üsulla müalicə etmək daha effektivdir. Çünki bizim digər xəstəliklər kimi 100 minlik xəstə əsasında aparılan tədqiqatlarımız yoxdur. Həmişə tələbələrə deyirəm ki, tibb sahəsində adınızın kitablara düşməsini istəyirsinizsə, neyrocərrahiyyəni seçin. Məsələn, kardiologiya sahəsində o qədər sirr açılıb ki, yeniliyə nail olmaq çox çətindir.
“Hər dövrün müəyyən xəstəlikləri olur”
- Sizin sahədə son zamanların əsas xəstəlikləri hansılardır?
- Son illər bu sahədə xəstəliklərin artmasının səbəbi cəmiyyətin qocalmasıdır. Bu problem deyil, xoşbəxtlikdir ki, insanlar daha çox yaşayırlar. Amma bu fakt Almaniya, Yaponiya kimi ölkələrdə daha ciddidir. Cəmiyyətlər yaşlandıqca yaşlı insanlara aid olan xəstəliklərin sayı artır. Fəqərə sütunu xəstəlikləri, onların üzərində spinal əməliyyatların sayı çoxalıb.
- Son vaxtlar tez-tez eşidirik ki, mobil telefonlar həyatımıza daxil olandan beyin şişlərinin sayı artıb. Çox telefon istifadəsi beyində şiş yarada bilərmi?
- Bəli, belə məlumatlar çoxdur. Amma bu iddianın heç bir sübutu yoxdur. Mobil telefondan sadəcə psixi cəhətdən asılı olmaq lazım deyil. Beyinə hansısa ziyanı, onkoloji təsiri yoxdur.
- Texnologiyanın inkişafı sizin sahəyə necə təsir edib? Beyin əməliyyatını robota etibar etmək olar?
- Texnologiyanın imkanlarından istifadə olunsa da, bu gün əməliyyatı hələ də insan aparır. Ola bilər haradasa 15-20 il sonra bunu robot edər, amma bu gün insan edir. Robot, texnologiya cərraha o halda kömək edir ki, əməliyyat iki saata bitəcəksə, robotun köməkliyi ilə yarım saat tez və millimetr dəqiqliyi ilə aparılır. Bu da əməliyyatın effektivliyini və tezliyini artırır. Xəstəliklərin sayı artdıqca, neyrocərrahiyyə də ona müvafiq olaraq inkişaf edir.
“Bioprotezlər qoyulacaq”
- Ən çox səsləndirilən fikirlərdən biri beyinə çip yerləşdirməklə bağlıdır. Bu, mümkündürmü?
- Bu, cəfəngiyyatdır. Biz bundan bu gün çox uzaqdayıq. Amma bu yalanın da hansısa düzgün tərəfi var. Neyrocərrahiyyə funksional istiqamətdə inkişaf edir. Həqiqətən beyin implantları var. Amma bu, İlon Maskla əlaqəli deyil. Biz neyrocərrahiyyədə 30-40 ildir ki, bunu edirik. Məsələn, parkinson xəstəliyi olan insanlarda əl titrəyir. Əlin titrəməsinin qarşısını almaq üçün beyinə implant qoyuruq. Bu, köhnə əməliyyatdır. Bu əməliyyata oxşar olan başqa əməliyyatlar da var. Bu gün insanları epilepsiyadan, depressiyadan müalicə edirik. İnsanlar var ki, ağrı sindromları çox kəskindir, heç bir dərman təsir etmir. Bunu da stimulyasiya ilə müalicə edirik. Əgər fantastika gözləyiriksə, düşünürəm ki, yaxın 20 il ərzində görmə məhdudiyyəti olan insanların stimulyatorun köməyi ilə görmə qabiliyyətlərini bərpa edə bilərik. Bundan əlavə, yaxın gələcəkdə beyin impulsu tərəfindən idarə edilən bioprotezlər qoyulacaq. Onkologiya sahəsində də nailiyyətlərimiz var.
- Neyrocərrahiyə sahəsində sizi ən çox təəccübləndirən məqamlar nələr olub?
- İntensiv məşğul olduğum sahə beyin damarlarının xəstəlikləridir. Bunların müalicəsi çox çətindir. Ümumiyyətlə, tibbin cərrahi bölmələri çətin hesab edilir. Neyrocərrahiyyə isə xüsusilə ağır sahədir. Ümumi həqiqət var ki, biz bu dünyaya gələndə müəyyən sayda sinir hüceyrələri ilə doğuluruq. Dəri hüceyrələrindən fərqli olaraq, sinir hüceyrələri yenidən əmələ gəlmir. İnsan yaşlandıqca hüceyrələrin sayı azalır. Beyin cərrahiyyəsində cərrahın cüzi səhvi xəstənin ölümünə səbəb olur. Beynin transplantasiyası da mümkün deyil. Əməliyyatxanaya girəndə bilirəm ki, səhv etməyə haqqım yoxdur. Bu da təbii ki, müəyyən gərginlik deməkdir. Neyrocərrahiyyəyə gələn insan bu çətinliyi anlamalıdır, amma eyni zamanda başa düşməlidir ki, neyrocərrah müalicə etməsə, bu insanlar sağala bilməyəcəklər. Biz ağır beyin qanaxmaları, beyin şişləri, ağır formada travma keçirən insanları həyata qaytarırıq. Bəzən ağır beyin əməliyyatından çıxıram, yatmağa hazırlaşanda yenidən zəng gəlir, təkrar geyinib beyin qanaxması keçirmiş xəstəni əməliyyat edirəm. Bu, çox ağırdır, daim təzyiq altındasan. Amma həmin xəstələrin təkrar müayinəyə gəldiyini görəndə, onu ölümdən qaytardığını biləndə deyirsən ki, bu, bütün əziyyətlərə dəyər. O an başa düşürsən ki, çəkdiyin əziyyət boşuna deyil, bir həyat xilas etmisən.
“On-Off prinsipi”
- Bəs belə gərgin rejimdə işləyən beyin cərrahı öz beyninə necə istirahət verir?
- Belə həyat tərzində yaşamaq üçün Almaniyada çox vacib bir qayda var. Mən ona “On-Off prinsipi” deyirəm. İşləyən fazadan (“On” ) sonra “Off” fazası olmalıdır. Yəni işdən tam ayrılmalısan və o vaxt heç kim səni axtara bilməz. Təəssüf ki, Azərbaycanda telefonunu söndürmək bir qədər çətindir, amma Almaniyada bu imkan var. Beynin istirahəti üçün insanın hobbisinin olması çox vacibdir. Mən səyahət etməyi sevirəm. Çox böyük zövqlə dünyanı gəzirəm.
- Uğur sirriniz nədir?
- Mənə görə, uğurun birinci şərti insanın özünə qarşı səmimi olmasıdır. İnsan qabaqcadan bilməlidir ki, həyatında nəyə nail olmaq istəyir və bunun üçün nə edə bilər? Əgər lazımi dərəcədə motivasiya, məqsədyönlülük və səmimiyyət varsa, insan istədiyi hər şeyə nail ola bilər. Sadəcə, plan qurmaq və planla getmək lazımdır. Bir şeyi başa düşməlisən ki, həmişə qalib gəlmək mümkün deyil. Hər bir uğurlu insan mütləq o yerə gələnə qədər yıxılıb. Mən də illər ərzində dəfələrlə yıxılmışam. Elə günlərim olub ki, özümə sual vermişəm ki, bəlkə həyatımda daha asan bir yol seçə bilərdim? Başa düşmək lazımdır ki, savaşda hansısa bir məğlubiyyət o demək deyil ki, müharibəni tam uduzmusan. O məğlubiyyətlər səni qalibiyyətə apara bilər. Qarşıma qoyduğum məqsədlərimə möhkəm inamım və hər bir səhvim üzərində işləməyim bugünkü nailiyyətlərimi mümkünləşdirib. ("Kaspi" qəzeti)
-
Hadisə18:06
Azərbaycanda zəlzələ oldu
-
Səhiyyə17:00
Bölgələrdə həkim çatışmazlığı - Onları təqaüdə göndərməyin nə mənası var?
-
Müsahibə15:40
Almaniyada TOP-5-ə daxil olan azərbaycanlı neyrocərrah: Getməyə hazırlaşanda direktor dedi ki...
-
Qoroskop14:25
Astroloqdan bütün bürclərə xəbərdarlıq: “Bu gün başlayır”
-
Avropa13:50
Avropa liderləri ABŞ-dan Ukrayna ilə bağlı görün nə tələb edirlər - Şok plan
-
Kriminal12:20
Kişi 23 il evli olduğu arvadından şübhələndi: “75 yaşlı həkim ona bazarlıq edib, qızıma isə...”
-
Sosial10:25
Bakıda evlərin qiyməti kəskin bahalaşacaq - Səbəb bəllidir
-
Elm və təhsil10:00
Hansı universitetlər köçürülür? - İlk "beşlik"də olanlar açıqlandı