“Mətbuat xidmətləri yenidən qurula bilər” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Mətbuat xidmətləri yenidən qurula bilər” - MÜSAHİBƏ

- Mətbuat Şurası jurnalist İdrak Abbasovun döyülmə faktının araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Müraciətə cavab verilibmi?

- Böyük Britaniyadan Azərbaycana dünən qayıtmışam. Bu gün səhər xəstəxanada İdrak Abbasovla görüşdüm. Onun müalicə həkimi və xəstəxananın baş həkimi ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlandım. İdrakın vəziyyəti yaxşılaşır, ciddi bir problem yoxdur. Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlamışıq. Məsələ nazirliyin diqqətindədir. Eyni zamanda ARDNŞ-in rəhbər nümayəndələri ilə də əlaqə saxlamışam. Məsələ onların da diqqətindədir. Komissiya yaradılıb və məsələ araşdırılır.

- Böyük Britaniyaya səfərin məqsədi nə idi?

- Böyük Britaniyada Mətbuat Şurasında oldum. Onların iş prinsipi ilə tanış olmaq imkanı qazandım. Redaksiyalarda, müəyyən təhsil müəssisələrdə oldum. Keçən il bu ölkədə bir hadisə baş vermişdi. Bir qəzetin əməkdaşları polisə, ayrı-ayrı adamlara rüşvət verərək müəyyən insanların telefon danışıqlarını dinləmişdilər. Bu məsələ ortaya çıxandan sonra cəmiyyətdə böyük müzakirələr baş qaldırdı. Hətta parlamentdə komissiya yaradıldı ki, ölkədə özünütənzimləmə hansı formada olmalıdır? Mətbuat Şurası qalmalıdır, yoxsa yox? Əgər qəzet rüşvət verib insanların telefonunu dinləyirsə, bundan istifadə edib insanların şərəf və ləyaqətinə toxunulursa, bunun məsuliyyəti necə olmalıdır?

Böyük Britaniyada jurnalistikanın prinsipləri ilə tanış oldum. Orada nəzəri biliklərdən çox, praktik məşğələlərə üstünlük verilir. Hesab edirəm ki, bu məsələlər Azərbaycan jurnalistikasına da tətbiq olunmalıdır.

- Jurnalistika fakültələrində qabiliyyət imtahanlarının bərpası məsələsi xeyli vaxtdır gündəmdən çıxıb. Bu nə ilə bağlıdır?

- Bir müddət bu məsələni gündəmə gətirdik. Jurnalistika fakültələrinin rəhbərləri bu sahədə aktiv olmadılar. Ona görə də məsələ unudulmuş kimidir. Qabiliyyət imtahanlarının bərpası üçün kompleks tədbirlər görülməlidir. Müəyyən qanunvericilik aktlarının dəyişilməsi vacibdir. Bundan başqa, məsələləri öhdəsinə götürüb həllini bacaran mütəxəssislərə ehtiyacımız var. Bütün bu sahələrdə problemlər olduğuna görə konkret addım atılmayıb.

- Media hüquqları ilə bağlı səlahiyyətlər xeyli vaxtdır Ombudsmana verilib. Ombudsmanın bu istiqamətdə fəaliyyətinin qənaətbəxş olmadığı barədə fikirlər var. Siz necə düşünürsünüz?

- Media hüquqları ilə bağlı səlahiyyətlərin Ombudsmana verilməsindən az vaxt keçir. Hələ ki işləsinlər, görək necə işləyirlər, işlərinin öhdəsindən necə gəlirlər... Mənim fikrimcə, indidən Ombudsmanın bu istiqamətdə fəaliyyətini qiymətləndirmək düzgün deyil.

- Daha bir narazılıq dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlıdır. Bu sahədəki vəziyyəti düzəltmək üçün Mətbuat Şurası dövlət qurumları ilə birgə nələr edə bilər?

- Mətbuat Şurası bu yöndə bir neçə tədbir keçirib. Ayrı-ayrı dövlət qurumlarının nümayəndələri ilə redaktorların görüşü təşkil olunub. Bu məsələlərdə də müəyyən kompleks tədbirlərin görülməsi vacibdir. Çünki “İnformasiya əldə etmək” haqqında qanun var. Həmin qanundan çıxış edərək dövlət qurumlarının mətbuat xidmətləri yenidən qurula bilər.

Qanunda göstərilir ki, ayrı-ayrı dövlət qurumları özlərinin fəaliyyəti ilə bağlı məlumatları jurnalistlərə verməli, özlərinin veb-səhifələrini yaratmalıdırlar. Düzdür, bir sıra nazirliklər, idarə və təşkilatlar var ki, onların mətbuat xidmətləri kifayət qədər səmərəli işləyir. Təəssüf ki, bu sahədə vəziyyət ümumilikdə yaxşı deyil. KİV-in informasiya təminatı ilə bağlı qanunvericilikdə müəyyən müddəalar var ki, onlardan çıxış edərək müzakirələrə başlamaq olar.

- Mərkəzi ofisi Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatına görə, Azərbaycan mətbuat azadlığı indeksi üzrə 179 ölkə siyahısında 162-ci yerdədir. Hesabatı necə dəyərləndirirsiniz?

- Azərbaycan jurnalistikası gəncdir. Buna baxmayaraq, Azərbaycanda liberal qanunvericilik mövcuddur. Azərbaycanda hər bir şəxs informasiya vasitəsi yarada bilər. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və KİV-lər, həmçinin jurnalistlər arasında müsabiqələr keçirir. Jurnalistlərin evlərlə təmini üçün işlər görülür. Dünyanın heç bir yerində jurnalistikaya belə bir qayğı yoxdur.

Bununla belə Azərbaycanda müəyyən problemlər də var. Problemlərin əsası iqtisadi amillərlə bağlıdır. KİV haradan maliyyələşirsə, istər-istəməz onun istəyi ilə hərəkət edəcək, müstəqilliyi itəcək. Belə olan halda gerçəklik düzgün əks olunmur, cəmiyyət yanlış informasiya alır və ayrı-ayrı insanlar bundan narazı qalır, məhkəmələr olur, jurnalistlərə təzyiqlər edilir.

Bu problemlərin aradan qaldırılması üçün isə müstəqil maliyyələşən media orqanları yaradılmalıdır. Əksər problemlər də medianın öz-özünü maliyyələşdirə bilməməsi ilə bağlıdır. Bir sıra beynəlxalq təşkilatlar var ki, “Evrovision”la bağlı Azərbaycanı diqqət mərkəzində saxlamağa çalışırlar. Təəssüf ki, jurnalistika sahəsində görülən müsbət işlər bir kənara atılır, mənfiliklər toplanaraq Azərbaycanın imici kimi təqdim olunur. Bu cür hesabatları qərəz adlandırıram.

Azərbaycanın mediası ilə bağlı düzgün təhlil aparılmalı, görülən işlər təqdir olunmalı, mənfi cəhətlər hakimiyyətin nəzərinə çatdırılmalıdır.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm