Rasim Musabəyov: “Təkcə qadağalarla iş aşmaz“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Rasim Musabəyov: “Təkcə qadağalarla iş aşmaz“ - MÜSAHİBƏ

- Aprelin 24-ü qondarma erməni soyqırımının növbəti ildönümüdür. Erməni təbliğatının bu il keçən illərlə müqayisədə zəifləməsini nə ilə izah etmək olar?

- Ermənilər xeyli cəhdlər etdilər. Ancaq anladılar ki, Barak Obamadan bundan artıq heç nə ala bilməyəcəklər. ABŞ prezident seçkisinə hazırlaşır, Fransada prezident seçkisi keçirilir, Ermənistanın özündə də parlament seçkisi ərəfəsidir. Bu baxımdan ermənilərin özlərinin və erməni diasporunun aktiv olduğu ölkələrdə necə deyərlər baş qarışıqdır. Digər tərəfdən, 2015-ci ildə qondarma erməni soyqırımını 100-cü ildönümüdür. Ermənilər bütün güclərini yüzilliyə sərf edəcəklər. Məsələnin başqa bir tərəfi də var. Əvvəllər nə Türkiyə, nə də Azərbaycan güclü müqavimət göstərmirdi. Ermənilər nə istəsə, onu da edirdilər. İndi vəziyyət ermənilərin əleyhinə dəyişib.

İndi həm Türkiyə, həm də Azərbaycan maliyyə və diaspor imkanlarını səfərbər ediblər. Ermənilər anlayırlar ki, onlar hərəkətə gələndə əks tərəfin təbliğatı daha güclü olur. Düşünürlər ki, hansı yeni taktika onlara daha böyük uğurlar gətirə bilər.

- Belə çıxır ki, Barak Obamanın aprelin 24-nə gözlənilən ənənəvi çıxışında yeni bir məqam olmayacaq?

- Ermənilərin belə bir gözləntisi yoxdur. Respublikaçılardan da bir şey gözləmirlər. Diqqəti daha çox Konqresdə ermənilərə xoş münasibətdə olan konqresmenlərə yönəldəcəklər. Amma bunun da ermənilərə bir köməyi olacağına inanmıram. Yada salaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosi ermənilərin ən yaxın dostu idi. Ancaq o da ermənilərin istəklərini həyata keçirə bilmədi. Ortada ABŞ-ın konkret maraqları var. Ermənilərin hansısa uydurma iddiaları ABŞ-ın milli maraqlarına qurban verilə bilməz. Qondarma erməni soyqırımı Türkiyə və Azərbaycana təzyiq vasitəsidir.

Əgər erməni iddiaları tanınsa daha ondan istifadə etmək mümkün olmayacaq. Eyni zamanda münasibətlər pozulacaq. Ermənilərin nəyi var ki, onlardan nə ala bilərlər... Ancaq ABŞ-ın Türkiyə və Azərbaycanda itiriləsi çox şeyi var.

- Fransada prezident seçkilərinin ilk turu hazırkı prezident Nikolas Sarkozinin daha az səs yığması ilə nəticələndi. Mümkün prezident dəyişikliyi Fransanın Azərbaycanla bağlı siyasətində hansı dəyişikliyə səbəb ola bilər?

- Seçkilərin ilk turunda qalib gələn Sosialist Partiyasının lideri Fransua Oland ermənilərə münasibətdə Sarkozidən geri qalmır. Yeni bir şey gözləməyə dəyməz. Ancaq bir məsələ də var ki, Sarkozi beynəlxalq münasibətlərdə daha fəal, daha təcrübəli idi. Sarkozi çalışırdı ki, beynəlxalq siyasətdə Fransa daha böyük rol oynasın. Əgər Oland seçilsə beynəlxalq məsələlərin həllində onun gurultulu səsini eşitməyəcəyik.

Avropanın əksər ölkələrində hakimiyyətdə "sağ"lardır, Oland isə "sol"çudur. Baxmayaraq ki, Fransa böyük dövlətdir, əlaqələri qurmaq xeyli vaxt aparacaq. Düşünürəm ki, ilk mərhələdə diqqəti daha çox daxili problemlərə yönəldəcək. Əgər mümkün dəyişiklik, baş versə ilk vaxtlar Fransanın Minsk Qrupunda da fəaliyyəti azalacaq. Bu isə o deməkdir ki, ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsində yükü öz aralarında böləcəklər.

- Gələn ay Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu Azərbaycana hansı üstünlük verəcək?

- Bu dövrdə hansısa fövqəladə hadisə baş verməsə, sakit bir sədrlik dövrü keçəcək. Təhlükəsizlik Şurası sülhə təhlükə yarananda qərarlar verir. İndiki halda daha çox Suriya ilə bağlı nəsə baş verə bilər ki, orada Azərbaycanın sədrliyi gündəliyin formalaşmasında rol oynasın. Sədrlik edən dövlət hansısa xüsusi bir səlahiyyətə malik deyil. Əsas məsələləri baş katiblə beş daimi üzv həll edir.

- Beynəlxalq təşkilatlar hesabatlarında dəfələrlə Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı problemlərin olduğunu bəyan ediblər . Son aksiyalardan sonra demək olarmı ki, hakimiyyət bu cür tənqidlərdən yaxa qurtara biləcək?

- Əminliklə demək olmaz. Hansısa bir yerdə mitinq keçirməklə məsələ həllini tapmır. Eyni zamanda toplaşmaq azadlığı təkcə Bakı ilə məhdudlaşmır. Gəncədə də, Sumqayıtda da, ayrı bir yerdə də insanların dinc aksiyalarına şərait yaradılmalıdır. Bu istiqamətdə fəaliyyət davam etdirilməlidir.

Düşünmürəm ki, 1000 və yaxud 5000 adamın toplaşması Azərbaycan dövlətini silkələsin. İnkişaf etmiş ölkələrdə hətta 100 min insanın aksiyası keçirilir. Amma bu o demək deyil ki, hakimiyyətə və ictimai asayişə ciddi təhlükə yaranır. Böyük Britaniyada, Fransada, Yunanıstanda nələr baş verdiyini gördük. Bütün bunlara baxmayaraq dövlətlərin inkişafı davam edir.

Addım-addım biz bu istiqamətdə irəliləyəcəyik. Qonşularımız hər fürsətdə maraqları üçün Azərbaycandakı insan haqlarından istifadə etməyə çalışırlar. Bunu iqtidar da, Azərbaycanın beynəlxalq tərəfdaşları da nəzərə almalıdırlar. Təkcə qadağalarla iş aşmaz.

- Mitinqlərə az sayda adamın gəlməsini nə ilə izah edərdiniz?

- Adətən mitinqin təşkilatçıları iştirakçıların sayını 3 dəfə şişirdir, polis isə dəfələrlə azaldır. İndi müxalifət 10 min deyirsə, polis 1200 deyirsə, təxminən 3000 nəfər olub. Bu isə reallıqdır. Reallıq ondan ibarətdir ki, mitinq vasitəsi ilə hansısa problemlərin həllinə nail olmaq qeyri-mümkündür. İnsanların əksəriyyəti də bunu anlayır.

2003, 2005-ci ilin mitinqlərində 50-60 min adam yığılırdı. Nə dəyişildi? Söz və vicdan azadlığı, toplaşmaq azadlığı demokratiyanın tələbidir. Bunların içərisində mitinqlər də var. Demokratiya rəqabətə imkanı olan siyasi qüvvələrin səhnədə varlığıdır. Mən müxalifətin rəqabət gücünün artmaq əvəzinə, azalmasının şahidi oluram.

Əvvəllər yerli təşkilatlar kifayət qədər güclü idi, toplaşan insanların sayı çox idi, müxalifət içərisində tanınmış, təcrübəli şəxslərin sayı da kifayət qədər idi. Bu, getdikcə azalır. Mitinqlərin nəticəsində hansısa ciddi dəyişikliyi gözləmirəm.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm