Müsahibə
Cəlil Cavanşir “böyük xidmətimə" kölgə salıb: Qatarın dalınca qaçmamışam, hətta... - MÜSAHİBƏ

O, təkcə şeir yazmır, həm də sözün gücünə inanan, qələmin məsuliyyətini daşıyan bir müəllimdir. Onun həyat prinsipi ədəbiyyata sədaqətlə, müəllim peşəsinə vicdanla, insanlığa dürüstlüklə yanaşmaqdan ibarətdir. Bu gün onunla təkcə poeziya və ədəbiyyatdan yox, həm də vicdanın, müəllim məsuliyyətinin və şəxsiyyətin dəyərindən danışdıq.
Müsahibimiz şair, yazar və eyni zamanda illərini elmə, biliyə həsr edən pedaqoq Vüsal Hicrandır.
- Vüsal bəy, yaradıcılığa neçə yaşınızda başlamısınız?
- İlk şeirimi 10 yaşımda yazmışam. Atam da, anam da ədəbiyyatı seviblər.
Kəlbəcər işğal olunandan sonra məcburi köçkün uşaqları kimi mənim də həyatımda çətinliklər başladı. Beş-altı fərqli orta məktəbdə oxumuşam. Sonda Yevlaxda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşdıq. Aran qəsəbəsində yaşayan tanınmış şair, pedaqoq İldırım müəllim gələcək həyatımda işıq yandırdı. İlk şeirlərimi çap etdirdi, məni Mingəçevir ədəbi mühiti ilə tanış elədi, universitetə hazırlaşmağımda əvəzsiz işlər gördü. 2000-ci ildə Gəncə Dövlət Universitetinə (GDU) qəbul oldum və orda da işıqlı simalarla tanış oldum.
- Bakıdan kənarda olmaq sizi ədəbi cəhətdən təcrid olunmuş kimi hiss etdirmir?
- Bakıda olmaq heç vaxt ədəbiyyat adamı olmaq, şair, ya da yazıçı olmaq mənasına gəlməyib, indi də belədir. Bəziləri elə bilirlər ki, avtobusa minib Bakıya gəlmək elə ədəbiyyata gəlməkdir. Əsla belə deyil. Məqsədlərə xidmət edən yazıları ədəbiyyat nümunəsi saymıram. Yaxşı sənətkar harda varsa, ora ədəbiyyatın yaşadığı yerdir. Bakıda da, Gəncədə də, uzaq kəndlərdə də ədəbiyyat var və yaşayacaq.
- Bildiyimə görə, Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv deyilsiniz. Bu, şəxsi seçimdir, yoxsa hansısa səbəbdən üzv ola bilməmisiniz?
- Mən AYB-nin üzvü olsaydım, hekayə və şeirlərimdə hansı dəyişiklik baş verə bilərdi? Daha yaxşı yazardım? Xeyr. Daha pis yazardım? Bu da xeyr. AYB-də böyük sənətkarlar da var, onların sayı çox azdır. İstedadlı insanların hardansa, kimdənsə mükafat istədiyini görəndə utanıram. İstedadlı insanlar sənət üçün dünyaya gəliblər, hansısa təltif üçün deyil. Kitablarının sayını itirən şairlər var, ağacları kəsib heyif etmişik.
- Hazırda Gəncə Dövlət Universitetində müəllim kimi çalışırsınız. Sizi tanıyan hər kəs bu günə qədər heç vaxt rüşvət almadığınızı deyir. Azərbaycan təhsil sisteminin içində, rüşvətə bulaşmadan, az maaşla, amma başı uca yaşamağın mümkün olduğunu isbat edən müəllim olmaq necə bir duyğudur?
- Təcrübə göstərir ki, təhsil sistemini məhv edən iki amil var: qorxu və rüşvət. Düşünürəm ki, işinə, şəxsiyyətinə, millətin və dünyanın gələcəyinə qiymət verən müəllimlər rüşvət almırlar. Tələbələrinə dəyər verən və onlardan dəyər görən bir müəllim kimi özümü xoşbəxt hiss edirəm. Ölkəmizdə belə müəllimlər az deyil.
- Sirr deyilsə nə qədər əməkhaqqı alırsınız?
- 300 manata qədər maaş alıram.
- Bu maaşla dolanmaq çətin deyil?
- Əlbəttə, çətinliklər var. Amma bu qədər şəhid vermiş və bu qədər qaziləri olan, müharibədən yeni çıxmış bir ölkənin müəllimi kimi heç vaxt maaşımın azlığından narazılıq etməmişəm.
- Biz az da şəxsi həyatınızdan danışmağınızı istərdim. Bu yaxınlarda şeir kitabınız nəşr olundu. Şeirlərinizi daha çox sevgi haqqında yazmısınız. Sosial şəbəkələrdə çox yayılmış məşhur bir şeriniz var.
“Sənə bir gəlinlik donu almışam,
Heç vaxt olmayacaq toyumuz üçün” - heç vaxt olmayacaq toy sizin üçün nə deməkdir? Bu itki həyatınıza necə təsir etdi?
- Mənim şeirlərim həyat yollarımın xəritəsidir. Orda başqalarını da, özümü də yaşantılarıma sədaqətlə yazmışam. O şeir geniş yayılıb. Olur ki, nələrsə yarımçıq qalır və o yarım qalan ömürlər sətirlərə çevriləndə daha çox sevilir. Niyə belədir? Bilmirəm.
- Cəlil Cavanşir yazıb ki, Vüsal Gəncədə sevdiyi qızın getdiyi qatarın dalınca qaçırdı. Bu həqiqətdir?
- Cəlil Cavanşirin bu fikri tamamilə yalandır, mən qatarın dalınca qaçmamışam, hətta qaçıb o qatardan qabağa keçmişəm. Cəlil mənim bu böyük "xidmətimə" kölgə salıb.(gülür)
- Tələbə vaxtlarınızda Ana dilimizə yad kəlmə qatanlara qarşı cərimə tətbiq etirdiniz. İndi də belədir?
- 2000-ci illərdə Gəncə ədəbi mühitində bir canlanma yarandı. Belə ki, Gəncə Dövlət Universitetində "Gəncliyin səsi" adlı ədəbi dərnək yaratdıq. Bu dərnək istedadlı gəncləri ətrafına toplaya bilmişdi. Sevinc Mürvətqızı, Elməddin Nicat, Anar Gülümsoy, Cəlil Cavanşir, Bahadur Qobustan, Bəxtiyar Firuzə, Elşən Rüstəmov, Arif Kəlbəcərli, Xəyalə Sevil, Yeganə Əhmədova, Raqif Raufoğlu, Şahsuvar Əhmədoğlu, Mirmehdi Rəsul və adlarını çəkmədiyim başqa gənc yazarlar o dərnəkdə böyüyüblər.
Böyük yazıçı Qərib Mehdinin dəstəyi və jurnalist Firəngiz İdrisqızının rəhbərliyi ilə bu dərnək bir neçə il fəaliyyət göstərdi. Həm o dərnəkdə, həm də oxuduğum fakültədə, sonra işlədiyim məktəbdə dilimizin saflığı naminə mübarizə aparmışam. Bu mübarizə bütün alınma sözlərlə yanaşı, dilimizi korlayan varvarizmlərə qarşı idi. Bu sözlərə görə tələbə yoldaşlarımı və şeir, sənət dostlarımı cərimə edirdim. Bahadur, Raqif, Elməddin, Cəlillə bir "vapşe" sözünə görə hətta aramızda küsülülük də olub. Bu gün də tələbələrimə belə mövzularda güzəştə getmirəm.
- Tanrının varlığına inanırsınızmı? Bu inanc həyatınıza necə təsir edir?
- Lessinq demişdi ki, mən Spinozanın tanrısına inanıram. Sonra Eynşteyn də bu ifadəni təkrar etmişdi. Spinoza hesab edirdi ki, Tanrı ilə təbiət iç-içədir. Bu Tanrı cəzalandıran, mükafatlandıran, qəzəblənən, xoşbəxt edən bir güc mənbəyi deyil. Hər şey bizim düşüncələrimizdə baş verir. Beləcə, nisbətən panteist yanaşma ortaya qoymuşdu. İndi sanki adamlar özlərinə bənzəyən Tanrını sevirlər, dinləyən, hökm edən, sevən, nifrət edən, qəzəblənən Tanrı. Mənim şəxsi fikrimdir, bütün dünya düzənində vahid bir güc, substansiya mövcuddur, o böyük təbiətdən ayrı deyil. İnsan Tanrıdan qorxduğu yerlərdə cəhalət, Tanrını sevdiyi yerlərdə ədalət doğulur. Bu məncə dindən çox imanın tələbinə uyğun gəlir!
- Nizami Gəncəviyə olan sevginiz necə başlayıb? Onun hansı əsəri sizə bu sevgini qazandırıb?
- Nizami dünyanın ən böyük şairidir. Onu sevməyən biri danışanda görürsən ki, yenə də onu sevir. Nizami irsini araşdırmağa tələbəlik illərindən başladım. Unudulmaz müəllimim Xəlil Yusiflinin tələbkarlığı və əməyi sayəsində Nizamini oxumaq, anlamaq imkanı qazandım. Əlbəttə, bacardığım qədər. Nəzəriyyə sahəsində məni öyrədən unudulmaz müəllimim əruzun və Füzulinin bilicisi Sabir Əliyevi xatırlamaq yerinə düşər. Onların tələbəsi olmaq mənim üçün şərəfdir.
- Kəlbəcər şəhərində anadan olmusunuz. Torpaqlarımız işğaldan azad olunanda nə hisslər keçirdiniz? Kəndinizə qayıdacasınızmı?
- Kəlbəcər işğal olunmuşdu, amma Kəlbəcər ruhu, mənəviyyatı, ədəbi mühiti həmişə azad olub. Ənvər Rzanın şeirləri ilə böyüyən uşaqlar olmuşuq. Bu gün Vətən daşına çevrilmiş oğulların hesabına sevinə-sevinə doğma yurdumuza qayıdırıq.

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı